Ayətullah Behcətin şagirdlərindən birinin dili ilə
Bir dəfə Əllamə Təbatəbaidən soruşdum: Siz əxlaqi yöndən Behcəti necə görürsünüz? Əllamə dedi: "O zöhd, təqva və əməl sahibidir.”
Əsas məsələ əməl etməkdir. Gərək həm şagird, həm də ustad əməl əhli olsun. Bir gün Əllamə Təbatəbaidən şagirdlərindən biri onun əxlaq dərsləri haqqında soruşanda belə cavab verdi: "Biri quru-quru danışır, ancaq əməl etmir və bunun heç bir təsiri yoxdur. Eləsi də var ki, əməl sahibidir və insan gərək bu cür şəxsiyyətlərdən bəhrələnsin.”
Mənim nəzərimcə "ustad tapa bilmirik”– deyənlər üçün heç bir bəhanə yeri yoxdur. Ustad nə qədər istəsək var. Əsas problem ustadın olmamağı deyil. Mühüm olan əməldir. Heç kim deyə bilməz ki, ay Allah mənim ustadım olmadığı üçün Ağa Mirzə Cavad Məliki, Əllamə Təbatəbai, Ayətullah Behcət, İmam Xomeyni kimi ola bilmədim.
Behcəti tanıdığım bu uzun müddət ərzində bir neçə dəfə ona ərz etdim: Ağa, əgər mümkünsə bizi öz əxlaq şagirdlərinizin sırasına qəbul edin. Hər dəfə onun verdiyi cavabın mənə böyük köməyi və xeyiri oldu. Deyirdim: Ağa, sizin hüzurunuzdan bəhrələnmək üçün vaxtınız varmı? Həmişə verdiyi mühüm cavablardan biri də bu idi: "Nə halım var, nə vaxtım.” Bizi görmək istəyən hər kəs namaz və rövzə50 məclisinə gəlsin. İnşallah, bir şeylər öyrənər.”
Ayətullah Behcət "Nə halım var, nə vaxtım” deməsinə baxmayaraq bütün məsələləri bəyan və mənim üçün höccəti tamam etdi. Həm elmi, həm də əxlaqi bəhslərdə söyləmədiyi bir şey qalmadı, getmək istədiyim yolu tamamilə işıqlandırdı. O, bizi rəsmi surətdə şagirdliyə götürməməsinə baxmayaraq, mənəvi baxımdan ehtiyac duyduğum bütün məsələləri aydınlaşdırdı.
Əllamə Təbatəbainin hüzuruna getdim və o, rəsmi olaraq məni əxlaq dərslərinə şagirdliyə qəbul etdi. Bunu da deyim ki, Behcətin elmindən və mənəviyyat xəzinəsindən aldığım bəhrələr Əllamə Təbatəbainin hüzurunda əldə etdiyim bəhrələrdən heç də az olmamışdır.
Ayətullah Behcət vaxtı olmamasına baxmayaraq əməl sahibi olan hər bir kəsə–istər kiçik, istər böyüyün onun üçün heç fərqi olmadan yol göstərər və hidayət edərdi. Bəzən ustadın bir dəqiqəlik moizəsi insanı bir ömür hidayət edib, qabağa aparır. Behcət elə bu cür halı və vaxtı olmaya-olmaya, sakit halda çoxlarını haqq yoluna hidayət edir.
Ayətullah Behcət deyir: "Peyğəmbərin gözəl bir cümləsi var ki, buyurub: "Bu dünyanın üç şeyindən xoşum gəlir: Qadın, ətir və namaz. "Bu cümlədən məlum olur ki, namazın da ləzzəti var. Qadınla evlilikdə olan ləzzət namazda da var.”
Tanıdığım doxsan yaşlı bir alim həmişə deyərdi: Mən yeməkdən ləzzət almıram. Çünki bir şey yemək boş kisəni doldurmaq kimi bir şeydir. Amma namazdan böyük ləzzət alıram.” Əsas meyar namazdır.
İbadətlər arasında ən üstün və ən şirin zikr namazdır. Bəziləri heç kəsin eşitmədiyi xüsusi zikrlər axtarırlar. Bir dəfə yayda İmam Rzanın (ə) ziyarətinə getmək istəyirdim. Əllamə Təbatəbainin hüzuruna gedib dedim: Məşhədə ziyarətə getmək istəyirəm. Gedəcəyim bu müqəddəs məkanda hansı əməli etsəm daha yaxşıdır. Əllamə dedi: "Ən yaxşısı namazdır.” Bəndənin Allaha daha yaxın olması üçün bu tapşırığa əməl etməyi təkid edir.
Bir gün Behcətdən soruşdum: Sübh namazının təqibatları arasında hansı daha əfzəldir? Dedi: "Hamısı yaxşıdır.” Fikirləşəndə gördüm ki, doğrudan da bunların hər biri bir dərdin dərmanıdır.
Ağa Behcət Bəhrul-Ülumun fiqhə aid mənzuməsini sanki bütünlükdə əzbər bilir. O bəzən dərslərində bu şerlərdən bir neçə beyt oxuyar və merac haqqında olan bir beyti çox təkrarlayardı. Merac istəyənlər üçün ən yaxşısı namazdır. Əlbəttə bu namazı təkmilləşdirmək lazımdır. Behcətin dediyi kimi gərək namazı əməlli-başlı düzəldək. Həmçinin əlavə edərək deyir: "Salman Farsinin qıldığı namazı qılmağımıza hələ çox var.” İmam Xomeynidən şagirdlərindən ikisi onun həftədə bir gün və ya hər gün bir neçə dəqiqə əxlaq dərsi deməsini təkidlə istəyəndə İmam buyurdu: "Fəqih olmaq üçün otuz il zəhmət çəkdiyin kimi, adam olmaq üçün də neçə illər əziyyət çəkməlisən. Bir neçə dəqiqəlik əxlaq dərsi kafi deyil. Namazını əməlli-başlı düzəldən şəxs, demək adam olmuşdur. Behcət buyurmuşdur: "İnsanlığın ölçü daşı namazdır.”
Mən həmişə Behcətin Həzrət Məsumənin (ə) hərəmində yarım saat, 45 dəqiqə ayaq üstə durub ziyarət oxumasının şahidi olmuşam. Bu cür namaz və ibadi əməllər onun sahibi olmasının aşkar nümunəsidir. Çox vaxt namazın qunutunda "Əbu Həmzə Sumali” duasını oxuyar. Onun beş yüz dəfə "tövhid” surəsi oxuduğu namazlarından mənim xəbərim var. Bu rəcəb ayının xüsusi namazlarındandır.”
Bu ibadi proqramlar onun uzun illər əməl etdiyi gündəlik işlərdəndir. Mən başqa məsələləri deyil, bu proqramları onun kəraməti hesab edirəm.
Məşhədin tanınmış şəxslərinin toplaşdığı bir məclisdə olduğum vaxt bir kəramət sahibindən söhbət gedirdi. Dostlardan biri dedi: "Hidayətdən üstün kəramət ola bilməz.”
Quranda buyurulur: "Sizlərdən ən kəramətlisi təqvalı olan şəxsdir.”
Bir dəfə bir şəxs Behcətdən moizə etməsini xahiş edəndə ona dedi: "Deyiləcək moizə həmin sözlərdir ki, böyüklərimiz buyurmuşlar.” Bəzi vaxtlar ondan nəsihət istəyənlərə belə deyirdi: "İndiyə qədər eşitdiyin nəsihətlərə əməl etmisən?” Bəziləri Behcətin yanına gəlib soruşardılar: "Adam olmaq üçün nə etmək lazımdır, yolu nədir?” Behcət deyirdi: "Bizim gördüyümüz işləri siz də görün. Bəli, əgər həqiqətən də əməl sahibiyiksə, həqiqət sorağındayıqsa, yol budur: Camaat namazına əhəmiyyət vermək, sübh çağı yatmamaq, sübh azanından qabaq oyaq olmaq və sair.”
Bir gün Ayətullah Behcətə dedim: Ağa, 20-30 il tələbəlikdən sonra nə elm, nə də əməl sahəsində heç bir irəliləyiş etməmişəm.” Buyurdu: "Məgər özünü ölçmüsənmi?” Bəli, bir cümlədə mənə cavab verdi. Sonralar bu haqda fikirləşəndə bu cümlənin nə qədər kamil olduğunu başa düşdüm. Əgər yüz il ömür sürsəm belə bu bir cümlə mənə kifayət edər. İnsan öz əməllərini ölçmək üçün namazına fikir verməlidir.
Ayətullah Behcət bir dəfə buyurdu: "Mənəvi-əxlaqi cəhətdən çox-çox üstün olan bir ustad öz şagirdlərinə deyərdi: Allaha şükürlər olsun ki, indi biz qeybət etmədiyimizi bu məclisdə çox rahat deyə bilərik. Amma yalanı deyə bilmərəm.”
Ayətullah Behcət boş yerə hər kəsi tərifləməz və onun mənəvi əxlaqına bu qədər təkid etməzdi. Amma bu ustadın kimliyi və neçə ildən sonra öz şagirdlərinə bu sözü deməsi bizim üçün naməlum qaldı. Bəlkə, bu ustad Ayətullah Qazi və şagirdlər isə Əllamə Təbatəbai və Behcət kimi şixsiyyətlər olmuşlar. Bu ustad iyirmi-otuz il nəfsilə cihad edəndən sonra bu sözü demişdir.
Behcət həmişə deyərdi: "Güman etdiyin bir şeyi doğru-dəqiq kimi söyləməyin özü yalandır.” Əllamə Təbatəbai buyurardı: "Öz-özünlə hesab-kitab etməyənə qədər hansı günahlara mürtəkib olduğunu bilməzsən.” Beləliklə, insan özünə rəqib olmasa, yalanın mənasını dərk edə bilməz. Bütün bu yazılar Behcətin ömür sərmayəsidir. Bunları dəfələrlə oxuyub bu haqda təfəkkür etməyə dəyər.51 Behcət deyir: "İnsan xilqətinin hədəfini (mənasını) dərk etmək bir şəxs üçün yetmiş dəfə dirilib yenidən şəhid olmaqdan artıqdır.”
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı