Ayətullah Behcətin hüzurunda
Ayətullah Behcət fiqh dərsinin təharət bölməsini bizə tədris etməyə başladı. Bir ilə yaxın Feyziyyə mədrəsəsinin hücrələrindən birində tədris etdi. Bu dərslərdə tələbələrdən bir neçəsi də iştirak edirdi. Sonralar bir-iki il də Xan mədrəsəsində tədris edən Behcət, fiziki cəhətdən zəiflədiyinə görə evdə dərs deyirdi. Təqribən, on beş il fiqhin "təharət” "məkasib” və digər bölmələrini ondan dərs aldıq. Onun dərslərindən aldığımız faydaları başqa dərslərdə ala bilmirdik. Mətləbləri bəyan edərkən əvvəl onu Şeyx Ənsarinin kitabından söyləyər, yeri gəldikdə başqalarından xüsusilə də "Cəvahir”dən, təharət bölümündə Hacı Rza Həmədanidən və digər alimlərin bu barədəki mühüm nəzərlərini də nəql edərdi. Sonra lazım gəldikdə, öz xüsusi nəzərini söyləyərdi. Ustadın bu metodu bizim eyni zamanda başqa nəzər sahiblərinin həmin mövzu haqqında olan fikirlərini öyrənməyə və vaxta qənaət etməyə kömək edirdi. Digər ustadların da tədrisdə özlərinə məxsus şivələri vardı. Hər hansı bir alimin nəzərini ayrı-ayılıqda bəyan etmək həm vaxtın tələf, həm də bəzi mətləblərin təkrar olmasına səbəb olurdu. Onun dərslərində qeydə aldığımız bəzi yaddaşları özü ustadlarından şifahi mənimsəmişdi. Bu yaddaşlar elmi baxımdan olduqca dəqiq və çox dəyərli idi.
Ayətullah Behcətin müəllimləri
Ayətullah Behcət əsasən, fiqh dərsini Mirzə Məhəmməd Təqi Şirazinin şagirdi Şeyx Məhəmməd Kazim Şirazidən dərs almışdı. Üsul dərsini isə rəhmətlik Ayətullah Naininin, sonra isə Ayətullah şeyx Məhəmməd Hüseyn Kompani İsfahaninin yanında oxumuşdu. Daha çox Ayətullah Kompanidən dərs almış, əxlaqi cəhətdən də bu ustadın ona mühüm təsiri olmuşdu. Bəzən ustadından eşitdiyi mətləbi qəribə bir tərzdə bəyan edər və onun nümunələrini biz Behcətin rəftarında görərdik. Bu ustadın (Kompani) onun mənəvi formalaşmasında da böyük rolu olduğu aşkar gözə çarpırdı. Çox yaxşı yadımdadır ki, Ayətullah Behcət həmişə deyərdi: "Rəhmətlik Şeyx Məhəmməd Hüseynin (Kompani) elmi fəaliyyətlərinə diqqət edən hər bir şəxs onun gecə-gündüz mütaliə və tədqiq işlərindən başqa heç bir iş görmədiyini güman edər. Amma onun ibadi proqramlarından xəbərdar olsaydılar, ibadətdən başqa bir işi olmadığına əmin olardılar. Elmi fəaliyyətlərə olduqca məsuliyyətli idi. Hətta bu barədə belə nəql edirlər: Mən (Kompani) on üç il "Kifayə” kitabının müəllifi rəhmətlik Axund Xorasanidən dərs almışam. Bu on üç il ərzində cəmi bir dəfə onun dərsinə gedə bilmədim (gecələr tədris edərmiş). Onun da səbəbi bu idi ki, Kazimeynə ziyarətə getmişdim. Qayıdarkən bir müşkül ortaya çıxdı. Elə buna görə də vaxtında dərsə çata bilmədim. Yolda qayıdarkən ustadın bu gecə hansı dərsi deyəcəyini zənn etdiyim üçün qabaqcadan həmin mətləbi yazdım. Nəcəfə qayıdandan sonra dostlarımdan dərs haqqında soruşanda məlum oldu ki, mənim qabaqcadan yazdığım mətləbi ustad bəyan edibmiş.
Elmi baxımdan belə yüksək məqam sahibi olmasına baxmayaraq (ustadın deyəcəyi yeni dərsi qabaqcadan bilmək), dərslərinə qarşı olduqca məsuliyyətli idi. Şeyx Məhəmməd Hüseyn İsfahani on üç il tamam rəhmətlik Axundun yanında dərs aldı.”
Onun elm sahəsində çox mühüm fəaliyyətləri olmuşdur. O cümlədən, "Kifayə” və Şeyxin "Məkasib” kitablarına yazdığı haşiyələr daha dəqiq və dərin haşiyələrdən hesab olunur. Adi adamların bəzən 50-60 yaşına qədər müvəffəq olmadıqları bu elmi işi o, 27 yaşına qədər yazıb qurtarmışdı. Bütün bunlar Ayətullah Behcətin öz ustadı haqqında nəql elədikləridir.