Allahdan başqa heç kəs pərəstişə layiq deyil
İndi ki, ilahin mənası aydın oldu, zikr olunan ayənin mənası məlum olur ki, Qiyamətə qədər bu xitab ümumidir: məgər özünüz üçün məbudlarınız qərar verdiyiniz bunlarda bir şey varmıdır ki, onun xatirinə ibadət edirsiniz. Ey mənpərəstlər, ey inəkpərəstlər, ey qadınpərəstlər, ey cəh-cəlalpərəstlər. Məgər bunların ibadət olunmağa, pərəstiş olunmağa ləyaqətləri varmı? Nə üçün özünüz kimi, yaxud özünüzdən də alçaq olan məxluqların müqabilində zəlil olursunuz? Məgər bilmirsiniz ki, Allah sənin işini ona-buna yalvarışla və yaltaqlanmaq olmadan düzəldə bilər. Həmçinin, Allahdan başqa özünə məbud seçdiyin şeylərin sənə nə kimi şərafəti vardır? Onun malik olduğu əql, göz, qulaq və s. əzalar səndə də vardır; əgər onlar sənin hər hansı bir müşkülünə nicat vermək üçün, bağışlanmaq üçün vasitə olsalar, onların da hamısı öz növbəsində Allaha qayıdır. Yəni, əgər Allah istəsə, hər hansı bir məxluqun vasitəsi ilə sənin işini düzəldəcəkdir. Yox, əgər istəməsə, ən güclü fərdlər belə bu işi yerinə yetirməkdə aciz qalacaqlar. Bütün bu işlərin hamısı Allahdandır ki, məxluqatın vasitəsi ilə icra olunur.
Xəlifə Bağdad körpüsünün yanında
Abbasi xəlifələrinin biri Bağdad körpüsünün yanından keçəndə zahirdə sultan oğluna oxşayan bir dilənçini gördü. Amma onun paltarları dilənçi paltarlarına oxşamırdı. Bu barədə maraqlandıqdan sonra məlum oldu ki, əvvəlki xəlifənin oğludur. Onun halından riqqətə gəldi və yüz qızıl əşrəfi pulu ona verib dedi ki, bu sərmayəni götür və daha dilənçilik etmə! Qayıdanda yenidən gördü ki, həmin şəxs orada oturmuş, dilənçilik edir. Soruşdu: Məgər sənə yüz əşrəfi vermədim? Dedi: Əşrəfiləri cibimə qoymaq istəyəndə çaya düşdü. Xəlifə elə oradaca iqrar etdi ki, Allahın istəmədiyi bir iş heç vaxt baş tutmaz. Yəni fəqir olmasını istədiyi bir şəxsi sultan da zəngin edə bilməz.
Alimlərdən biri can üstündə olanda dövrün xəlifəsi ona baş çəkməyə gedir. Bu böyük alimin yatağının kənarında oturanda deyir ki, neçə övladın varsa, icazənlə onları mənə həvalə et. Yəni onların həyatının idarə olunmasının başçılığı mənim öhdəmdə olsun. Bu böyük şəxsiyyətli alim sükut edib heç nə demir. Üç kərə təkrar etdikdən sonra alim deyir ki, mən öz Allahımdan xəcalət çəkirəm ki, öz övladlarımı Ondan başqasına tapşırım. Sultan da onun bəndələrindən biridir. Gərək övladı elə şəxsə tapşırasan ki, əbədi olaraq qalsın. Əgər Allah öz lütf nəzərini bir kəsdən kəssə, hətta ona verdiyi pul da heç bir ehtiyacını təmin etməz və yarasını sağaltmaz. Ola bilsin ki, çox varlı-dövlətli olan şəxslər əlacı olmayan xəstəliklərə düçar olub acından ölsünlər.
Bu ayələrin əvvəlki ayələrlə əlaqəsi
Bu surədəki 15-ci sual ilzami sual, yəni cavabı hər aqil şəxsin yanında Allah Taalanın sözünü təsdiq etməkdən ibarətdir. Birinci ayədən axırıncı ayəyə qədər. Amma bu bədbəxt və ürəkləri qəsavət bağlamış camaat bu Allahın kəlamını qəbul etmək istəmədilər. Hədisdə var ki, Qiyamətdə Əbu Cəhl bir quyuda olacaqdır. Peyğəmbəri Əkrəmin gəlişinin xəbərini ona verəndə, deyəcək ki, mənim üstümə bir daş salın ki, gözüm onu görməsin. Deyirlər, Peyğəmbər şəfaət etmək istəyəcək, Əbu Cəhl cavab verəcək ki, istəmirəm. Müşriklərin Peyğəmbərlə o qədər inadlı kinləri var idi ki, əvvəllər Peyğəmbərə deyirdilər ki, əgər düz deyirsənsə, elə et ki, asimandan bir daş parçası düşsün və bizi həlak etsin. Allah buyurur:
"Əgər asimandan bir daş parçasının gəldiyini görsəydilər, deyəcəkdilər ki, buludlar sıxlaşıb bu hala düşmüşdür.”
Ümumiyyətlə, heç vaxt aləmlərin Allahına etiqadlı olmağa hazır olmadılar. Onların gözləri yalnız zahiri səbəbləri görürdü. Məsələn, əgər hər hansı vaxt zəlzələ baş versəydi, yaxud şiddətli tufan, sel vasitəsi ilə müxtəlif dağıntılar baş versə, öldürücü ildırım çaxsa, deyəcəkdilər ki, bunların hamısı yerin yuxarılarının sıxılmasının, yaxud təbiətin qəzəbinin nəticəsidir. Fikirləşmirdilər ki, yer kürəsində olan ən kiçik iş belə Allahın istəyi və icazəsi ilədir, onun Xaliqinin icazəsi olmadan baş verməyəcəkdir ki, bunun səbəbilə ilahi əzabdan və qəhrdən qorxsunlar və ona itaətsizlik etməkdən əl çəksinlər.
"Səhifeyi-Səccadiyyənin şərhində nəql olunub ki, bir nəfərə ölüm ölüm ayağında "Ədilə” duası oxuyurdular. O isə dua oxumaq yerinə "indi hava soyuqdur və istilik getmişdir” və s. kimi səfeh sözlər deyirdi və bu sözlərlə dünyadan getdi. Xülasə, zahiri səbəblərə diqqət yetirmək olmaz. Bu xəstəliklər ölüm əlamətləridir. İnsan öz fikrini bir yerə yığıb cəm etməlidir.
Haqq olan mətləbi qəbul etməyən bir şəxsi öldürsən də, yenə də qəbul etməyəcəkdir. İnadkar uşağa hər nə etsəndə mədrəsəyə getməyəcək. Namazı tərk edən adama "namaz qıl” deyəndə, sanki "get o dağı kökündən qopart”, deyirsən. Xülasə, bu ikiayaqlı heyvan o qədər inadkardır ki, heç kəsə tabe olmaq istəmir. Belə olan halda onu gərək öz halına boşlayasan. Vay olsun o xəstənin halına ki, həkim onu boşlaya. Peyğəmbər Allahın vəlisidir. Belə bir vəli camaatı boşlasa, görəsən onlar nə edər? Allah buyurur: onları boşla!
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb