Ömər dedi: Doğru nəzər budur ki, Əli (ə)-ın ölüm hökmünü verək.
Əbubəkr soruşdu: Bu işi kim öz öhdəsinə alır?
Ömər dedi: Xalid ibni Vəlid. Çünki Xalid bu təklifi dəfələrlə irəli sürmüşdü.
Onlar, Xalidi məclisə dəvət edib, dedilər: Səni böyük və qorxulu bir işi icra etməyə göndərmək istəyirik.
Xalid dedi: Hər nə göstərişiniz var deyin, hətta əgər Əli (ə)-ı öldürməyə göndərsəniz, mən hazıram.
Dedilər: Elə məqsədimiz odur.
Xalid dedi: Nə vaxt onu öldürək?
Əbubəkr dedi: Sübh namazı vaxtı məsciddə hazır ol! Namaz başlanan kimi Əli (ə)-ın yanında dur. Qılıncını da özünlə götür. Elə ki, namazın salamını deyib qurtardım, o saat onun boynunu vur!
Onlar, sübh namazında həzrəti qətlə yetirməyi qərara aldılar. Çünki həmin vaxt hava qaranlıq olurdu və terror çox münasib vaxt idi. Xalid bu cinayətə mürtəkib olmağı qəbul etdi. Sonra vədələşib bir-birlərindən ayrıldılar.
Əbubəkrin ölüm fərmanını verməsindən peşman olması
Əbubəkr, Əli (ə)-ın öldürülməsi barəsində verdiyi fərman haqqında fikrə dalmışdı. Yəqin etdi ki, əgər bu iş baş tutsa, böyük bir döyüş başlanacaq. Buna görə də verdiyi fərmandan peşman oldu və səhərə qədər yatmadı.
Əbubəkr sübh məscidə daxil oldu. Camaat namaz qılmaq üçün sıraya düzülüb onu gözləyirdilər. Əbubəkr irəli keçib fikir içində namaza başladı. Elə fikrə dalmışdı ki, öz səsini belə eşitmirdi. Xalid ibn Vəlid də qılıncın götürüb Əli (ə)-ın yanında durdu. Halbuki, Əli (ə)-ın macəradan xəbəri var idi.
Ölüm planı qəsbkarın vasitəsi ilə ləğv olunur
Əbubəkr namaz qıla-qıla işin axırını fikirləşir və öz canını xətərdə görürdü.Əli (ə)-ın şücaəti də onu vəhşətə salmışdı. Əbubəkr namazı çox uzatdı. Günəşin çıxmasına lap az qalmışdı.Camaat elə bildilər ki, Əbubəkr namazı səhv qılıbdır. O, təşəhhüdə çatdı. Namazın salamını deməyə cürət etmədi. Nəhayət, namazın salamından qabaq dedi:
!Ey Xalid! Sənə fərman verdiyim işi yerinə yetirmə!Əgər yerinə yetirsən, səni öldürərəm.Əssəlamu Ələykum və Rəhmətullahi və bərəkatuh"
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı