Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Peyğəmbərlərə olan ehtiyac
Ötən dərsdə insanların peyğəmbərlərə olan ehtiyaclarının cəhətini, yəni təlim və tərbiyə cəhətindən olan ehtiyacını öyrəndik. İndi isə növbə peyğəmbərlərin insanların həyatında ən əsas rolu olan ictimai qanunlarla bağlılığına yetişmişdir.
Qanun insanların üç əsas çətinliyini aradan qaldırır:
1)Qanun hər bir insanın cəmiyyət qarşısında, eləcə də cəmiyyətin hər bir insan qarşısında vəzifəsini müəyyən edir. İstedadları çiçəkləndirərək səyləri bir-biri ilə uyğunlaşdırır.
2)Qanun insanların öz vəzifələrinə əməl etmələri üçün lazım olan nəzarətin yaranmasına yol açır.
3)Qanun insanların bir-birinin hüququna təcavüz etməsinin qarşısını alaraq hər cür hərc-mərcliyin, çəkişmələrin baş verməsinə mane olur və lazım olduğu vaxt caniləri münasib cəzaya məhkum edir.
Ən gözəl qanun təyin edən kimdir?
İndi görək, insanların ehtiyacı olan qanunları kim daha gözəl təyin edə bilər? Bu şərtlə ki, yuxarıda deyilən üç bəndin hamısına riayət olunsun. Bu məsələni daha yaxşı açıqlamaq üçün sadə bir misaldan istifadə edirik.
İnsan cəmiyyətini uzun bir qatara, qanunları isə həmin qatarı idarə edən lokomotivə bənzətmək olar. Qanun bütün yol boyu çəkilmiş və qatarın məqsədini təyin edən relsdir. Məlumdur ki, yaxşı dəmir yolu aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Qatarın keçəcəyi yollar qatarın bütün ağırlığını saxlaya bilməlidir.
B)İki relsin arasında olan məsafə qatarın təkərlərinin məsafəsi ilə uyğun gəlməlidir. Həmçinin, yol boyu tunellərin hündürlüyü qatarın hündürlüyünə münasib olmalıdır.
V)Qatarın əyləc sistemi yollardakı eniş-yoxuşun öhdəsindən gələ bilmədir.
Q)Yollarda baş verə bilən hadisələr dəqiq hesablanıb ehtimal edilməlidir ki, qatar bütün məsafəni salamat gedə bilsin.
Bu misalı nəzərə alaraq insan cəmiyyətinə qayıdırıq. İnsanlar üçün qanun təyin etmək istəyən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Müxtəlif insanları yaxşı tanımalı, onların bütün istək, meyl və ehtiyaclarından agah olmalıdır.
B)İnsanlarda olan bütün dəyər və istedadları nəzərə alaraq onların çiçəklənməsi üçün qanun təyin etməlidir.
V) Cəmiyyətdə baş verən hadisələri, eləcə də onlara qarşı göstərilə biləcək müqavimətləri qabaqcadan bilməlidir.
Q)Cəmiyyətdən heç bir şəxsi mənafe güdməməli və qanun təyin edən zaman özünün və ya yaxın adamlarının xeyrini düşünməməlidir.
D)Gələcəkdə həyata keçəcək inkişaf və geriləmələrdən xəbərdar olmalıdır.
E)Son dərəcə səhvsiz, nöqsansız və eybsiz olmalıdır.
J)Nəhayət, qanun təyin edən şəxs cəmiyyətdəki qüvvələrin heç birinin təsiri altında olmamalı, heç kimdən qorxmamalı, eyni zamanda bütün insanlara qarşı mehriban və ürəyiyanan olmalıdır.
Kim bu xüsusiyyətlərə malikdir?
İnsan qanun təyin edənlərin ən yaxşısı ola bilərmi? İndiyədək bir nəfər belə olsun, insanı yaxşı tanıyıbmı? Əsrimizin böyük alimlərindən biri insan barədə geniş bir kitab yazaraq həmin kitabı «İnsan- tanınmamış varlıq» adlandırmışdır.
İndiyədək insanın bütün meyl və istəkləri kəşf olunubmu?
Adi insanlar arasında cəmiyyətdən şəxsi mənfəət güdməyən bir şəxs tapa bilərsinizmi?
Allahdan başqa insanın cismani və ruhani ehtiyaclarını bilən varmı?
İnsanlar arasında səhv və nöqsanı olmayan, bəşərə lazımlı bir şəxs tanyırsınızmı?
Deməli, Allah və onun vəhyini qəbul edən şəxsdən (peyğəmbərdən) başqa, heç kim qanunverici ola bilməz.
Bununla da belə nəticəyə gəlirik ki, insanları təkamül və səadətə qovuşmaq üçün xəlq etmiş Allah onların hidayəti üçün bir sıra qanunlar və rəhbərlər təyin edərək insanlara çatdırmalıdır.
Əgər camaat qanunun Allah tərəfindən olduğunu bilsə, şübhəsiz ki, xatircəmlik və arxayınlıqla ona əməl edəcəkdir. Başqa sözlə desək, bu arxayınçılıq qanunun icra olunacağını tam şəkildə təmin edir.
Tövhidlə nübüvvətin əlaqəsi
Xatırlatmaq lazımdır ki, yaranışda olan nizam-intizamın özü də peyğəmbərlərin olması və onların vəzifəsinə açıq-aşkar bir sübutdur.
İzah: Maraqlı və heyrətli yaranışın quruluşunda azacıq araşdırma apardıqda məlum olur ki, Allah məxluqatın ona olan ehtiyaclarının heç birini əsirgəməmişdir. Məsələn, əgər o, bizə görmək üçün göz veribsə, onu qorumaq üçün qaş və kiprik də vermişdir. Gözü həmişə rütubətli saxlamaq üçün onda göz yaşı xəlq etmişdir. Əgər göz qurusa, bu gözün işdən düşməsi ilə nəticələnər. Bundan əlavə, gözün içində olan kiçik bir dəliyin vasitəsi ilə gözün artıq yaşları burna tökülür. Əgər bu dəlik olmasaydı, artıq və əlavə göz yaşlarının hamısı insanın sifətinə tökülərdi. Göz qapaqlarını elə həssas və dəqiq yaratmışdır ki, onlar güclü və zəif işığa qarşı öz-özünə kiçilib, böyüyürlər. Bunun vasitəsi ilə işıq axını tənzimlənir və gözə heç bir zərər dəymir. Gözün ətrafında olan kiçik əzələlər başı tərpətmədən gözü o tərəf- bu tərəfə fırlatmağa qadirdirlər. Bununla da, göz ətrafında olan şeyləri asanlıqla görə bilir.
İnsanın bu ehtiyaclarını təmin edən Allah onu rəhbərlərdən və vəhylə rabitəsi olan məsum peyğəmbərdən məhrum edərmi?
Tanınmış filosof Əbu Əli ibn Sina «Şəfa» kitabında yazır: «İnsanın peyğəmbərlərə olan ehtiyacı qaş və kipriklərin tüklərinin bitməsindən, ayağın altındakı çökəkliyin içəri batmasından daha zəruri və mühüm bir şeydir. Buna görə də ola bilməz ki, Allah o ehtiyacları ödəsin (məsələn, qaşın tükünü bitirsin), lakin insanın peyğəmbərə olan ehtiyacını ödəməsin.»
1.İnsan həyatının ən əsas xüsusiyyətləri nədir?
2.Nəyə görə insan qanunsuz yaşaya bilməz?
3.Qanunun insanların həyatındakı rolunu göstərən sadə bir misal deyin.
4.Ən yaxşı qanun təyin edən hansı xüsusiyyətlərə malik olmalıdır?
5.Nə üçün peyğəmbərlər elə insanların özlərindən olmalıdırlar?
Kitabın adı: | Gənclər üçün üsuliddin haqqinda 50 dərs |
Müəllif: | Ayətullahül-üzma Nasir Məkarim Şirazi |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |