Sual oluna bilər ki, Qədr gecəsi bayram, yoxsa əza gecəsidir? Biz bu gecə bayram etməliyik, yoxsa əza saxlamalıyıq? Quran ayələrinə əsasən bu sualın cavabı belədir ki, Qədr gecəsi nə bayram gecəsidir, nə də əza gecəsi. Qədr gecəsi mübarək olan bir gecədir. Allah-təala Duxan surəsində buyurur:
"Biz Qur‟anı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” Bu ayədən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir. «Mübarək» sözünün mənasına gəldikdə isə "bərəkətli” deməkdir. Hər hansı bir işdə Allah razılığı olarsa, deməli, o iş mübarək və bərəkətlidir. Deməli, Qədr gecəsi bərəkətli və mübarək olan bir gecədir ki, insanlar bu gecə Allahın
razılığını qazanırlar. Insanlar bu gecənin bərəkətilə Cənnəti qazana bilər və özlərini Cəhənnəm atəşindən qoruya bilərlər. Deməli, bu gecə insan Allah rizasını əldə edə bilərsə, Cənnəti qazanıb, Cəhənnəm atəşindən qoruna bilərsə, onda Qədr gecəsi həmin şəxsə mübarəkdir. Əgər bir şəxs Qədr gecəsi Allah razılığını qazana bilməsə, həmin gecə onun üçün mübarək deyildir. Dedik ki, Qədr gecəsi Quran nazil olan gecədir. Burada qarşıya belə bir sual çıxır. Quran nazil olan gecə insan nə etməlidir? Bu sualın cavabını da Qur‟an ayələri ilə veririk. Allah-təala Isra surəsində buyurur:
"Şübhə yoxdur ki, yanlarında (Qur‟an) oxunduğu zaman üzü üstə səcdəyə qapanar. Və deyərlər: "Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin (mö‟minlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!” –deyərlər. Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qur‟andakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.” Bu ayələrdən mə‟lum olur ki, Qur‟an nazil olduğu gecə insanlar onu bayram və əza yox, bəlkə göz yaşı ilə və səcdə etməklə qarşılayarlar. Bununla da insanın qəlbində Allaha qarşı məhəbbəti çoxalar. Insan Qədr gecəsi özünə məxsus müstəhəb əməlləri yerinə yetirməklə Allahın razılığını və məhəbbətini qazanmış olar. Və bu əməlləri yerinə yetirməklə insanın mə‟nəvi kamilliyi daha da çoxalar və yüksək məqamlara ucala bilər. Bütün bu fəzilətləri və fürsətləri başa düşən insanlar heç bir dəqiqəsində razı olmazlar ki, bu gecəni boş-boşuna ötürsünlər. Çünki belə bir vaxt, belə bir inayət hələm hələm ələ düşmür.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa