Hamımıza bəlli olduğu kimi İslam dini bütün müsəlmanları öz sağlamlıqlarına diqqət yetirməyə, onu qoruyaraq bəsləməyə çağırır. Həzrət Peyğəmbərimiz (s) hədislərindən birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimli olduğunu bildirmişdir. Çünki güclü mömin həyatda daha aktiv, dini və dünyavi işlərini yerinə yetirməkdə daha bacarıqlı olur. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir. Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq gərəkdir. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana sağlamlığını qorumaqda kömək edir, onu kökəlmə və qan təzyiqinin qalxması kimi bir çox xəstəliklərdən uzaqlaşdırır.
Biz tibb elmində oruc tutmağın elmini əhəmiyyəti və faydaları haqqında deyilənlərin təfsilatına varmaq iqtidarında deyilik. Sadəcə olaraq bu gözəl əməlin sağlamlığa göstərdiyi müsbət təsirlərdən bəzilərinə işarə etməklə kifayətlənirik.
Tibbi araşdırmalar sübut etmişdir ki, oruc tutmaq bədəni həddən artıq kökəlməyə səbəb olan lazımsız piylərdən təmizləyir.Bu da əsrin ən ciddi xəstəliklərindən biridir. Məlum olduğu kimi insan bədəninin çəkisi artdıqca bu artım başda ürək olmaqla, bütün üzvlərə öz mənfi təsirini göstərir. Oruc tutmaq isə bədənin normal çəkisini qoruyub saxlamaqla bunun qarşısını alır. Həmçinin oruc tutmaq mədəni yüngülləşdirir, həzm cihazının fəaliyyətini tənzimləyir, bədəni zəhərli və lazımsız maddələrdən təmizləyir.
Oruc tutmağın sağlamlıq üçün faydalarından biri də budur ki, oruc tutan şəxs heç özünün xəbəri də olmadan bədənini bütün ifrazatlardan qorumuş olur. Belə ki, tibb elmi isbat etmişdir ki, insan bədənində irinli çalarlar əmələ gəlir və onlar tədricən qana keçməklə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Orucluq isə bədəni bu cür zərərli ifrazatlardan qorumaq üçün ən faydalı və möhtəşəm vasitə hesab olunur. Habelə elmi araşdırmalar göstərir ki, oruc tutmaq bədənin bütün daxili orqanları və hətta hüceyrələri üçün belə öz fəaliyyətlərini daha mükəmməl şəkildə yerinə yetirmək imkanı yaradır. Əlbəttə ki, daxili orqanların və hüceyrələrin mükəmməl şəkildə işləməsi bədənin zəhərli maddələrdən, yaralardan təmizlənməsinə eləcə də müxtəlif xəstəliklərin tezliklə insandan uzaqlaşmasına səbəb olur. Digər tərəfdən də orucluq bədənin daxili orqanlarına, bir növ onların böyük ehtiyac duyduqları istirahəti bəxş edir. Hamımıza məlum olduğu kimi bu orqanlar ilin bütün günlərini dayanmadan işləyir və buna görə də onlar ildə bir dəfə istirahət etməyə ehtiyac duyur. İslam şəriətinin vacib buyurduğu orucluq ayını isə onların bu ehtiyacını təmin edir.
Daha maraqlı məsələni də qeyd edək:
Artıq bu günümüzdə bir çox müasir klinikalar öz müalicə üsullarında, əsasən oruc tutmağa üstünlük verirlər. Şübhəsiz ki, bu, orucluğun insan həyatında, onun sağlamlığının qorunub saxlanmasında olan əvəzsiz xidmətlərini göstərən açıq-aydın faktdır.
Sonra bir mühüm məsələni qeyd etmək yerinə düşərdi. Bütün bu faydaları ələ gətirmək təkcə dan yeri söküləndən gün batanadək yemək-içməkdən çəkinmək kifayət deyildir. Gün ərzində oruc tutan şəxs ac qalmaqla yanaşı iftar etməyin qaydalarına da diqqət yetirməlidir. Yəni iftar dedikdə, əvvəlcə bir qədər xurma ilə su, yaxud şorba və salat kimi yüngül yeməklər yeməli, azacıq istirahətdən və ya namaz qıldıqdan sonra yeməyə davam etməlidir. Oruc tutan şəxs bu qaydalara riayət etmədikdə və eləcə də normadan artıq yemək yedikdə qeyd olunan faydalardan məhrum olmaqla barışmalıdır.
Mənbə: "Mənəvi xəzinələr" kitabı