Bismillahir-rəhmanir-rəhim
"Kumeyl” duasının sonsuz nur mənbəyi olan "bismillah” ilə başlanmasının bir neçə səbəbi var:
1. Həzrət Əli (ə) Həzrət Peyğəmbər (s)-dən, Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: "Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.”
2. Mərhum Təbərsi " Məkarimul - əxlaq” kitabında nəql edir ki, Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: "Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə "bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”
3. Mühüm bir hədisdə buyurulur: «Bismillahir-rəhmanir-rəhim» ilə başlayan dua Allah dərgahında rədd edilməz.
4. Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirmişdir. Həzrət (s) buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan "bismillahir-rəhmanir-rəhim” kəlmələrini oxumalıdır. Mehriban Allah bu kəlmələrin hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər edər.
5. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Əgər bir müəllim bir uşağa "bismillahir-rəhmanir-rəhim” öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.”
6. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü ümmətimi əməllərin hesab yerinə gətirər və əməllər tərəziyə qoyular. Yaxşı əməl pis əməllərdən ağır gələr. Qədim ümmətlər fəryad qopararlar ki, «nə üçün yaxşılıqlar az olduğu halda pisliklərdən ağır gəldi?» Onların peyğəmbərləri cavab verərlər ki, bu ümmət sözə üç haqq adla, "Allah”, "Rəhman”, "Rəhim” adları ilə başladığından tərəzinin bu adlar olan gözü bütün əməllərin yığıldığı o biri gözdən ağır gəlir.”
7. İmam Riza (ə) buyurur: "bismillahir-rəhmanir-rəhim” "ismi-əzəmə” gözün qarasının ağına yaxınlığından daha yaxındır. Şəksiz ki, dua ismi-əzəmlə başlayarsa, Allah-Taala tərəfindən qəbul olunar.
"Bismillah” vəsfə gəlməyən hal yaradan pak bir şərbətdir. Bu şərbətin təsiri ilə məşuqun cazibəsinə düşən aşiq vüsal yolunu yorğunluq bilmədən addımlayır.
Bu eşq şərbətindən məst olasıyam,
Bir baxışla lalə tək solasıyam.
Büdrəyib ucaboy sərvin başından,
Parça-parça olub alçalasıyam.
O sevimli yarın qəmzəsi olsa,
Badədən içməmiş məst olasıyam.
Əlimdən çıxsa da bu nurlu şərbət,
Yenə də torpağa üz salasıyam.
Ayaqlarım gücdən düşsə də bil ki,
Əlimlə sürünüb kam alasıyam.
Gəncliyi bu yolda versəm də əldən,
Yenə də eşqdən məst qalasıyam.
Mənbə: "Kumeyl duasının şərhi (1-ci cild)" kitabı