![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
İmam Hüseyn (ə)
Bismillahir Rəhmanir Rəhim
Məsumlarımız və din rəhbərlərimizin mövlud və matəm mərasimlərini qeyd etmək, bu günlərdə onların şanlı həyat yollarına nəzər salıb yad etmək həm İslamımızın diri qalması, həm də mənəviyyatımızı zənginləşdirmək üçün bir vasitədir.
Müqəddəs Şəban ayı belə əlamətdar günlərlə zəngindir. Məsələn İmam Zeynül-abidin və Həzrət Əbülfəzl əleyhis-səlamların mövludunu misal çəkmək olar. Bu ayın ən əlamətdar günlərindən biri isə şəhidlər sərvəri İmam Hüseyn (ə)-ın mövludu günüdür (3 şəban). Biz bu yazıda İmam Hüseyn (ə)-ın həyatının ən üstün zirvəsi – Kərbəla hadisəsi, Aşura faciəsinin bəzi məqamlarına toxunacağıq. Məhərrəmlik məktəbini heç vaxt unutmamaq və həmişə yaşatmaq lazımdır, necə ki, İmam Zeynül-abidin (ə) buyurur: ''Hər gün Aşura və hər yer Kərbəladır.''
Hər il Məhərrəmlik və xüsusilə Aşura günü yaxınlaşdıqca müsəlmanların qəlbində xüsusi coşqu, hal dəyişikliyi müşahidə olunur. Amma bu hislərin mahiyyəti, səbəbi nədir, Məhərrəm ayı, Aşura günü dedikdə biz nə başa düşürük? Yəqin ki, hamı söyləyəcək ki, bu gündə Peyğəmbər (s) övladı, İslam dünyasının üçüncü imamı, həzrət İmam Hüseyn ibn Əli (ə) qətlə yetirilib.
Yenə də meydana sual çıxır ki, bizim bu hadisənin təfsilatı, onu doğuran səbəblər və nəticələri barədə kifayət qədər məlumatımız varmı?
Bu məqalədə biz tarixə qısa səyahət edib bu hadisənin təfsilatını araşdırmağa çalışacağıq. Mövzumuza başlamazdan əvvəl bir neçə məqamı dəqiqləşdirməyi məqsədəuyğun hesab edirik. Yəni Məhərrəmlik nədir, Aşura nə deməkdir, Kərbəla nədir və harada yerləşir suallarına cavab vermək istərdik.
Məhərrəm – müsəlman təqvimində aylardan birinin adı, ilin birinci ayı və 4 haram aydan biridir. Bu haram aylarda hər bir savaş qadağan olunur.
Aşura –sözü ərəb dilindən tərcümədə ''on'' (10) deməkdir. Bizim anlamımızda Məhərrəm ayının 10-cu gününə təsadüf edən bu gündə Kərbəla faciəsi baş vermişdir.
Kərbəla – nədir və harada yerləşir suallarının cavabında isə bunu deyə bilərik ki, bu İraqda yerləşən quraqlıq bir çölün adıdır. Əlbəttə hal-hazırda ora böyük bir şəhərdir.
İmam Hüseyn (ə)-ın kimliyinə gəldikdə isə, bu şəxsiyyət haqqında dünya durduqca danışmaq olar və o, bütün məsumlarımız kimi dərkedilməz dərəcədə yüksək məqam sahibidir. Qısaca olaraq onu demək olar ki, o 4-cü hicri ilinin şəban ayının 3-ü Mədinə şəhərində mübarək gözlərini dünyaya açmışdır. Peyğəmbər tərbiyəsi görən İmam Hüseyn (ə) qardaşı Həsən (ə)-la uşaqlıqdan Peyğəmbər (s)-in qucağında böyümüş və onun nəfəsi ilə qidalanmışlar. Bu iki qardaş uşaq çağlarından istər həmyaşıdlarına, istərsə də böyüklərə əxlaq, iman, təqva nümunəsi olmuşlar. İmam Hüseyn (ə)-ın atası Əmirəl-möminin, Peyğəmbər (s)-in özündən sonra xalqa təyin etdiyi canişini və vəsisi Əli ibn Əbu Talib (ə), anası isə Rəsulullah (s)-in qızı həzrət Fatimə (s.ə)-dır.
50-ci (h.q) ildə qardaşı İmam Həsən (ə) Müaviyənin əmrinə əsasən öz həyat yoldaşı Cödənin əliylə xaincəsinə zəhərlənib şəhadətə yetişdikdən sonra 47 yaşında Allahın əmri və lütfü ilə Hüseyn (ə) imamətə yetişdi. 11 il ümmətə imamlıq etdikdən sonra İmam Hüseyn (ə) 61-ci (h.q) ilinin Məhərrəm ayının 10-cu günü susuz Kərbəla çölündə Yezid ibn Müaviyənin əmri ilə öz övladları və yaxınları ilə birlikdə qətlə yetirildi. Bu hadisənin təfsilatını izah etməzdən qabaq onu doğuran səbəbləri araşdırmaq lazımdır.
Əziz Peyğəmbərimiz həzrət Muhəmməd (s) vəfat etdikdən sonra onun vəsiyyətinə əməl olunmayaraq İmam Əli (ə) dövlətə rəhbərliyə buraxılmadı. Bu isə öz növbəsində İslam ümmətinin parçalanmasına gətirib çıxardı. Şəriət hökmlərini yetərincə bilməyən səriştəsiz və xalqa rəftarda kobudluq edən xilafət qəsbkarları öz bildikləri kimi yeni qurulmuş dövləti idarə etdilər. Ədalətsiz idarəçiliyin nəticəsində müsəlmanlar arasında ixtilaf başlandı və acınacaqlı bir vəziyyət yarandı. Nəticədə 2-ci və 3-cü xəlifələrin qətlindən sonra xalq 25 ildən sonra yenidən həzrət Əli (ə)-a müraciət etməli oldu və onu öz qanuni haqqı olan xilafətə dəvət etdi.
Lakin bu 25 il ərzində Peyğəmbər (s) risalətini unutmuş, fitnə-fəsada adət etmiş, cinayətkarlıqla var-dövlət toplamış adamlar Əli (ə)-ın ədalətli xilafətinə dözə bilməyib Müaviyə ibn Əbu Sufyanın təhriki ilə 40-cı ildə Ramazan ayının 21-də Əmirəl-möminin Əli (ə)-ı qətlə yetirdilər. Bu hadisənin özü də başqa söhbətin mövzusudur və bir çox ədəbiyyatda müxtəlif alimlər tərəfindən tam təfsilatı ilə əks olunmuşdur.
Həzrət Əli (ə) şəhadətə yetirildikdən sonra Böyük Yaradanın əmrilə onun böyük oğlu Həsən ibn Əli (ə) 37 yaşında imamətə yetişdi. Həzrət Əli (ə)-ın xilafətini qəbul etməyən və onunla mübarizə aparan Müaviyə ibn Əbu Süfyan bu dəfə də sakit durmadı. Müaviyənin hiylələri, yalançı vədləri və hədə-qorxuları nəticəsində onunla müharibəyə hazırlanan İmam Həsən (ə)-ın başçılıq etdiyi ordu son anda parçalandı və İmam (ə)-ı döyüş meydanında tək qoydu. Bu vəziyyətdə mənasız qırğının və İslam dininin aradan getməsinin qarşısını almaq məqsədilə İmam Həsən (ə) Müaviyə ilə sülh müqaviləsi bağlamağı lazım bildi.
Müqaviləyə əsasən İslam ümmətinin müvəqqəti rəhbərliyi Müaviyənin əlinə keçdi, bu şərtlə ki, Müaviyə öldükdən sonra rəhbərlik yenidən öz qanuni sahibi olan İmam Həsən (ə)-a keçməli idi. İmam Həsən (ə) o vaxta qədər vəfat etsəydi, xilafət onun qardaşı İmam Hüseyn (ə)-a keçməli idi. Bəzən öz tərəfdarları tərəfindən də birmənalı qarşılanmayan və indiyə qədər mübahisələrə səbəb olan İmam Həsən (ə)-ın bu addımı (sülh müqaviləsi) barədə inşaallah gələcək yazılarımızda bacardığımız qədər danışacağıq.
Onu da qeyd edək ki, bu müqavilə imzalananda İmam Həsən (ə) kifayət qədər cavan, Müaviyə isə ondan qat-qat yaşlı bir adam idi və özünün İmam (ə)-dan qabaq öləcəyindən ehtiyat edirdi. Bu məqsədlə o, İmam Həsən (ə)-ı məqaləmizin əvvəlində qeyd etdiyimiz kimi həyat yoldaşının vasitəsiylə xalqa 10 il imamət etdikdən sonra qətlə yetirdi. Bu hadisə 50-ci (h.q) ildə baş verdi.
İmam Həsən (ə)-ın vəfatından sonra onun qardaşı Hüseyn (ə) 46 yaşında ilahi imamət məqamına yetişdi. Bu zaman həm Müaviyənin ədalətsiz hökmranlığından bezən xalq, həm də Əhli-beyt (ə) tərəfdarları İmam Hüseyn (ə)-a müraciət edərək Müaviyənin zalım hökumətinə son qoymaq və dövlətdə ədaləti bərpa etmək məqsədilə qiyam etməyi təklif etdilər. Lakin İmam (ə) qardaşı İmam Həsən (ə)-la Müaviyə arasında bağlanan müqavilənin şərtlərinə riayət etməyi və belə addım atmamağı məqsədəuyğun hesab etdi. Çünki müqavilənin şərtlərinə görə hakimiyyət imamlara yalnız Müaviyənin ölümündən sonra keçə bilərdi. O isə hələ sağ idi və zahirən İslam qayda-qanunlarına əməl edirdi. Lakin İmam (ə) gələcək qiyamının köklərini yaratmağa başladı.
Müaviyə isə əksinə hərəkət edərək ömrünün sonunda özündən sonra oğlu Yezidi hakimiyyət başına gətirmək üçün hamıdan hələ öz sağlığında beyət almaq istəyirdi. Lakin onun bu sevdası yarımçıq qaldı, o Cəhənnəmə vasil oldu.
Yezidin şəxsiyyətinə gəldikdə demək lazımdır ki, o açıq-aşkar xalq arasında şərab içən, ən iyrənc, murdar cinsi pozğunluqlarla məşğul olan, vaxtı eyş-işrət, kənizlər və qulamlarla keçirən, həmişə meymun və itlə oynayan cinayətkar bir adam idi. Onun simasında din və dindarlıqdan əsər-əlamət yox idi, üstəlik dinsizliyə və küfrə adət etmişdi və dini də məsxərəyə qoyurdu. Yezid bilirdi ki, İmam Hüseyn (ə) kimi nüfuzlu bir şəxsiyyətdən beyət almamış xəlifəlik etmək çox çətin olacaq. Bu məqsədlə o, Mədinə hakiminə məktub yazıb, ya İmam Hüseyn (ə)-dan onun üçün beyət alınmasını, ya da İmam (ə)-ın başını kəsib ona göndərilməsini əmr etdi. Belə bir cinayətkar adama beyət etməkdən imtina edən İmam Hüseyn (ə) buyurur: ''Əgər Yezid kimi bir adam bu ümmətin rəhbərliyini əlinə alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır.''
Mədinə hakiminə rədd cavabı verən İmam Hüseyn (ə) Rəcəb ayında Mədinəni tərk edib Məkkəyə yola düşdü. Bir müddət Məkkədə qalıb, özünü xəlifə elan etmiş Yezidə itaətsizliyini bildirən İmam Hüseyn (ə) Həcc mərasiminə hazırlanır. Həmin dövrdə Kufə şəhərinin əhalisi də İmam Hüseyn (ə)-a minlərlə məktub yazıb onu Kufəyə dəvət edir ki, Yezidə qarşı mübarizədə onlara başçılıq etsin. Bu məktublara cavab olaraq Kufədəki mövcud vəziyyəti öyrənmək və camaatın nə dərəcədə hazır olduğunu bilmək üçün İmam Hüseyn (ə) öz əmisi oğlu Müslüm ibn Əqili ora göndərir. Müslüm Kufəyə çatdıqda minlərlə (bəzi rəvayətlərə görə 40.000-ə yaxın) adam ona beyət edərək İmamı qarşılamağa hazır olduqlarını bildirdilər. Camaatın belə ruhiyyəsini görən Müslüm İmam Hüseyn (ə)-a məktub yazaraq Kufə şəhərinin onun gəlişinə hazır olduğunu bildirir.
Bu hadisədən xəbər tutan Yezid Kufə əhalisini ram etmək üçün atası Ziyad kimi hiyləgərliyi və qəddarlığı ilə seçilən Übeydullah ibn Ziyadı ora göndərir. İbn Ziyad Kufə şəhərinə tək daxil olmasına baxmayaraq, şəhər əhalisi nəinki, onu tutub zərərsizləşdirmir, hətta onun hədələrlə dolu müraciətlərindən qorxub bir qədər əvvəl beyət etdikləri Müslümü tərk edirlər. Vaxtilə İmam Əli (ə) və İmam Həsən (ə)-ı dar ayaqda qoyan kufəlilər bu dəfə də təkidlə dəvət etdikləri İmam Hüseyn (ə)-ın nümayəndəsini tərk edirlər və öz köhnə yaltaqlıq ənənələrinə sadiq qalırlar.
Təklənən Müslüm və bir neçə tərəfdarı ibn Ziyadın casuslarının köməkliyi ilə tapılıb həbs edilir. İşgəncələrdən sonra Müslümün başı kəsilir, bədəni isə ata bağlanıb Kufənin küçələri ilə sürüdülür. Bu hadisə Müslümün İmam Hüseyn (ə)-a Kufədən yazdığı məktubdan cəmi 27 gün sonra baş verir. Belə qısa müddət ərzində fikirlərini dəyişən kufəlilər özlərinin çoxdan məşhur olan ikiüzlülüklərini bir daha nümayiş etdirirlər.
Bu hadisədən xəbəri olmayan İmam Hüseyn (ə) Yezidin əmri ilə ona qarşı sui-qəsd planının hazırlandığından agah olan kimi müqəddəs Məkkə şəhərinin ehtiramını qorumaq və zəvvarların qanının axıdılmasının qarşısını almaq üçün ziyarətini tez başa çatdırıb ailə üzvləri və yaxınlarıyla birlikdə şəhəri tərk edir və Kufəyə üz tutur. Lakin tarixdə səhv olan mövcud fikirlərin əksinə olaraq İmam Hüseyn (ə)-ın qiyamı kufəlilərin dəvətindən sonra deyil, ondan bir neçə ay əvvəl başlanmışdı və bu dəvətlə İmam (ə)-ın Kufəyə üz tutması sadəcə olaraq üst-üstə düşdü.
İmam (ə) öz karvanıyla Kufə istiqamətində irəliləyərək gəlib Sələbiyyə məntəqəsinə yetişir. Bu məntəqədə Müslümün qətlə yetirilməsi xəbəri İmam Hüseyn (ə)-a çatır. Belə dəhşətli xəbəri aldıqdan sonra İmam Hüseyn (ə) öz karvan üzvlərini bir yerə yığıb onlara müraciət edir və bildirir ki, kufəlilər onlara xəyanət edib və İmam (ə)-ın nümayəndəsini qətlə yetiriblər. Belə olduğu təqdirdə, onların getdikləri yolun sonu şəhadətdir və kim istəyirsə bu yoldan dönə bilər. Məkkədən çıxdıqdan sonra İmam (ə)-ın karvanına qoşulanların bir hissəsi ayrılır və karvanda yalnız onun qohumları və yaxın tərəfdarları qalır.
Kufədə isə ibn Ziyad İmam Hüseyn (ə)-ın karvanının qarşısını kəsmək üçün Hürr Riyahi adlı bir sərkərdəni min nəfərlik qoşunla yola salır. Bundan sonra ibn Ziyad vaxtilə Peyğəmbər (s)-in səhabələrindən olmuş, sonra isə Həzrət Əli (ə)-ın imamətinə müxalif çıxmış Səd ibn Vəqqasın oğlu Ömər ibn Sədi İmam Hüseyn (ə)-la döyüşəcək 30 minlik ordunun başçısı təyin edir.
Hürrün başçılıq etdiyi qoşun İmam (ə)-ın karvanıyla rastlaşdıqdan sonra onları artıq heç yerə dönməyə qoymayıb bir başa Kərbəlaya müşahidə etmək əmrini alır. Məhərrəm ayının 2-də İmam Hüseyn (ə)-ın karvanı Hürrün qoşununun müşahidəsi ilə gəlib Kərbəla çölünə yetişir. Ayın 3-də Ömər ibn Səd də öz ordusuyla Kərbəlaya çatır və bundan sonra Hürrün dəstəsi onun rəhbərliyinə keçir. İbn Ziyaddan aldığı əmrə əsasən Ömər ibn Səd Fərat çayının yollarını İmam (ə)-ın karvanının üzünə bağlayır.
Ayın 9-da kufəlilərin ordusu gözlənilmədən hücuma keçir. İmam Hüseyn (ə) Ömər ibn Sədin yanına nümayəndə göndərərək bir günlük möhlət istəyir və Ömər bu möhləti verir. Həmin gecəni Rəbbiylə raz-niyazda, dualarda, ibadətdə keçirən İmam (ə) öz karvan üzvlərinə müraciət edərək gecənin qaranlığından istifadə edərək çıxıb getməyi təklif edir. Çünki düşmənlərin arzusu İmam Hüseyn (ə)-ı tutmaq idi, başqa heç kimlə onların işi yox idi. Bu zaman İmam (ə)-ın dəstəsi bu təklifdən imtina edir və onunla birlikdə şəhid olmaq arzusunda olduğunu bildirir.
Məhərrəm ayının 10-u, Aşura günü İmam Hüseyn (ə)-ın 72 nəfərlik qoşunu sübh namazından sonra döyüşə hazırlandı. Bu qoşunda 70 yaşlı qoca kişidən 14 yaşlı İmam Həsən (ə)-ın oğlu Qasimə qədər fərqli yaşlarda döyüşçülər var idi. Qoşun hazır olduqdan sonra İmam Hüseyn (ə) babası Peyğəmbər (s)-in əbasını geyinib düşmən ordusuna tərəf getdi. Hürrün dəstəsi ilə görüşdükdən sonra artıq bir neçə dəfə düşmən əsgərlərinə müraciət edən İmam Hüseyn (ə) sonuncu dəfə onları haqqa dəvət etdi, cinayətkar Yezidin əmrinə tabe olaraq Peyğəmbər (s) ailəsini qətlə yetirməkdən vaz keçməyi, həqiqətə sığınmağı tövsiyə etdi. Lakin qəlbləri möhürlənmiş bu bədbəxtlər onun sözünə qulaq asmaq istəmədilər. Yalnız Hürr peşman olub İmam (ə)-ın hüzuruna gəldi və nahaq yolda olub Peyğəmbər (s) övladlarına verdiyi əziyyətlərə görə tövbə etdi. İmam Hüseyn (ə)-ın xeyir-duasını alan Hürr, Ömər ibn Sədin ordusuyla döyüşə girdi və ilk şəhid olaraq Yaradanın hüzuruna getdi.
İmam Hüseyn (ə)-ın səhabələri şəhid olduqdan sonra Bəni Haşimdən (Peyğəmbər nəsli) döyüşə girən ilk şəxs İmam (ə)-ın oğlu Əli Əkbər oldu. Xeyli düşmən əsgərini məhv etdikdən sonra aldığı yaraların təsirindən taqətdən düşmüş Əli Əkbəri mühasirəyə alıb bədənini tikə-tikə etdilər.
İmam Hüseyn (ə)-ın qardaşı Həzrət Əbülfəzl Abbas qoşunun bayraqdarı idi. Bütün döyüşçülər şəhid olduqdan sonra o İmam (ə)-dan döyüşə girməyə icazə istəyir. Lakin İmam (ə) ona susuzluqdan əziyyət çəkən qadın və uşaqlar üçün su gətirməyi sifariş edir. Həzrət Abbas Fərat çayına çatıb su götürür və özünü tez xeymələrə çatdırmaq istəyir. Lakin pusquda duran Ömər ibn Sədin əsgərləri ona həmlə edib əvvəlcə sağ əlini, suyu sol əlinə aldıqda isə sol əlini və sonda başını kəsirlər. Həzrət Abbas şəhid olduqdan sonra İmam Hüseyn (ə) vidalaşıb döyüşə girmək üçün ailə üzvlərinə tərəf üz tutur. İmam (ə)-ın bacısı Həzrət Zeynəb (s.ə) körpə Əli Əsğəri atasına verir. İmam (ə) körpə oğlunu düşmən qoşunu qarşısında əlləriylə başı üzərində yuxarı qaldırır ki, bəlkə ona rəhmləri gəlib su verdilər. Lakin daşqəlbli kufəlilər uşağa su vermək əvəzində ona ox atıb boğazından vururlar.
Əli Əsğər şəhid edildikdən sonra tək qalan İmam Hüseyn (ə) döyüş meydanına atılır. Təkbaşına döyüşən İmam (ə) düşmənin ordusunu vahiməyə salır. Lakin bir müddət döyüşən İmam (ə) yavaş-yavaş taqətdən düşürdü. Hər tərəfdən onun üstünə oxlar uçurdu. Nəhayət aldığı yaralardan və itirdiyi qandan sonra İmam (ə)-ın gücü tükənir və o, atdan yerə düşür. Mühasirəyə alınmış və taqətsiz İmam Hüseyn (ə)-a heç kim yaxınlaşıb son zərbəni vurmağa cürət etmir. Yalnız Qiyamətədək insanların lənətiylə xatırlanacaq Şimr ibn Zilcövşən adlı kufəlilərin ordu başçılarından biri arxadan yaxınlaşıb İmam (ə)-ı qətlə yetirir.
Lakin bu hələ müsibətlərin sonu deyildi. 72 Kərbəla şəhidinin başını bədənindən ayırıb nizələrə taxdılar və əsir düşmüş əhli-əyalları ilə birlikdə Kufəyə ibn Ziyadın hüzuruna gətirdilər.
Əsirlərin arasında olan İmam Hüseyn (ə)-ın oğlu atasından sonra imamətə yetişmiş İmam Zeynül-abidin (ə) da var idi. Həzərt Əli (ə)-ın qızı Həzrət Zeynəbi-Kübra (s.ə) ilə birlikdə İmam Zeynül-abidin (ə) Kufədə camaat arasında xütbə oxuyaraq kufəliləri gördükləri işə görə tənbeh etdilər və Allahın qəzəbinə gələcəkləri xəbərini verdilər.
Yezidin əmrilə əsirləri və İmam Hüseyn (ə)-ın kəsilmiş başını Şama gətirdilər. Çəkdikləri müsibətlər azmış kimi Yezid Peyğəmbər (s) övladlarına bir az da əziyyət vermək üçün onların gözləri önündə İmam Hüseyn (ə)-ın başına, dodaqlarına vuraraq təhqir edirdi. Lakin İlahi nurla bəhrələnmiş, peyğəmbərlik, imamət əzəmətini, vüqarını, səbrini özlərində cəmləşdirən bu məğrur insanlar nəinki, Yezidin qarşısında əyilmədilər, hətta onun bütün əhli-əyalı mərd durdular və bacısı Zeynəb (s.ə), oğlu Zeynül-abidin (ə) saray adamları yanında xütbə oxuyub onları rüsvay etdilər. İmam Zeynül-abidin (ə) cümə günü məsciddə əli zəncirli halda camaata etdiyi moizəsində Yezidin və onun tərəfdarlarının Peyğəmbər (s) ailəsinin başına gətirdiyi müsibətlərdən xəbər verdi. Bu xütbələrdən sonra artıq öz əməllərindən peşman olan Yezid əsirləri azad etməyə məcbur oldu.
Şamdan Kərbəlaya, sonra isə Peyğəmbər şəhəri Mədinəyə üz tutan Peyğəmbər (s) övladları çatdıqları yerdə İmam Hüseyn (ə)-a və bütün Kərbəla şəhidlərinə matəm məclisləri qurur və hər yerə bu qanlı faciə haqqında xəbər çatdırırdılar. İmam Zeynül-abidin (ə) və Xanım Zeynəb (s.ə)-ın yanğılı xütbələrindən sonra artıq bütün İslam dünyası Yezidin və ibn Ziyadın cinayətindən xəbər tutdu və Əməvi sülaləsinin çirkinliyi, əxlaqsızlığı, İslam dininə zidd əməlləri ifşa olundu və dövlətin bütün ərazilərində vaxtaşırı qiyamlar baş verməyə başlandı. Bu qiyamların ən mühümü isə Kərbəla faciəsini törədənlərin ( İbn Ziyad, Ömər ibn Səd, Şimr və b.) qətli və bu faciənin qurbanlarının qanının alınmasıyla nəticələnən Muxtar Sədəfinin qiyamı idi.
İmam Hüseyn (ə)-ın qiyamı və Kərbəla faciəsi barədə bu tarixi söhbətimizi burada bitirmək istəyirik. Bu hadisənin mənası, gətirdiyi nəticələr və bu günə qədər olan aktuallığı başqa bir söhbətin mövzusu olduğuna görə biz ona toxunmuruq. Sadəcə olaraq məqaləmizin sonunda onu qeyd etməklə kifayətlənirik ki, həm öz zəmanəsinin insanlarına, həm də bütün bəşəriyyətə Qiyamətə qədər nümunə olacaq bu hadisə İlahinin bizə bəxş etdiyi ən gözəl nemət olan həyatın əsl mənasını özündə əks etdirir. Yəni məxluqatın zirvəsi sayılan insanın həyatı da bu zirvəyə uyğun olaraq azad, ədalətli, məğrur və Allahın razılığına səbəb olan bir həyat olmalıdır. Heç bir dünya vəzifəsi, malı, şöhrəti və s. bu məqamın (insanlığın) alçaldılmasına və əskildilməsinə səbəb olmamalıdır. Əksinə, hər bir insan (yaşından, cinsindən, vəzifəsindən və səviyyəsindən asılı olmayaraq) özünü bu kimi çərçivələrə salmayıb, həqiqi mənəvi həyata və mələklərdən də yüksəyə ucalacaq zirvəyə nail olmağa çalışmalıdır.
Əlbəttə, bu iş elə də asan deyil, çətinliklər və əngəllərlə doludur. Bir tərəfdən bəşərin əbədi düşməni olan şeytanın hiylələri, digər tərəfdən isə hər birimizin daxilində olan nəfsi vəsvəsələr bizi bu yoldan sapındırır. Lakin yuxarıda qeyd etdiyimiz məxluqatın zirvəsi sayılan ''insan'' adı məhz şeytanın fitnəsini dəf edib, nəfsini cilovlayıb, Allahın təyin etdiyi yolla getməyi bacaran şəxsə verilir. Məhz belə insan həm dünya xoşbəxtliyi, həm də axirət səadəti əldə edir.
Hər bir zəmanədə mövcud olan zalımlar, pozğunçular, fitnəkarlar və onlara qulluq edib dünya malı toplamaqla məşğul olan yaltaqlar bu yüksək zirvədən çox-çox uzaqdırlar. Belə məxluqlar çirkin əməlləriylə özlərini nəinki, mələklərdən yüksəyə qaldırmır, hətta şüursuz heyvanatdan da aşağı səviyyəyə alçaldırlar. İmam Hüseyn (ə) və onun hərəkatını qardaş qırğını, vəzifə mübarizəsi, iki ərəbin müharibəsi və s. adlandırırlar, Kərbəla şəhidlərini xatırlayaraq matəm saxlayanlara, əzadarlıq edənlərə isə savadsız, geridə qalmış damğası vuraraq lağa qoyanlar da məhz belə adamlardır. Bu cür adamlar özlərinin mənəvi babaları sayılan Yezidin yolunu tutaraq cəmiyyətdə fəsad, əxlaqsızlıq, ədalətsizlik, zülm yaymaqla məşğul olduqları zaman, hər bir azadlıqsevər, vətənpərvər, mənəviyyat və əxlaq aşiqi olan insanın rəhbəri olan İmam Hüseyn (ə) 1400 illik tarixdən bizi cəmiyyətimizi bu cür pozğunluqlardan təmizləməyə, ana-bacılarımızın namusunu qorumağa, maddi və mənəvi azadlıq uğrunda mübarizəyə səsləyir. Necə ki, o Həzrət ədalət, azadlıq, bərabərlik uğrunda malından, vəzifəsindən, özünün və yaxınlarının canından keçdi və Yaradanın razılığını dünyadan üstün tutdu.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |