Fatimə (s.ə)-nin ibadətinə bir baxış.
Həsən Bəsri (tanınmış zahid) yazır: «İslam ümməti arasında ibadətdə Fatimə (s.ə)-nin misli ola bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edirdi.»
Bir gün Rəsuli-əkrəm(s) Qızı(s.ə)-dan soruşdu:
– Qadın üçün ən yaxşı şey nədir?
O cavab verdi:
– Naməhrəm kişiyə baxmaya və naməhrəm də onu görməyə.
Peyğəmbər (s) bu sözü eşitcək Fatimə (s.ə)-ni bağrına basdı və bu ayəni oxudu:
«Onlar bir-birindən tutulmuş övladlardır. (Təqva və fəzilət nəzərindən.)»
(«Ali-İmran» surəsi, 34)
İmam Həsən(ə.s)-dən anası ilə bağlı bir əhvalatı qeyd etsək, yerinə düşərdi:
Cümə gecəsində anamı mehrabda ibadət edən gördüm. O, uzun zaman səcdə və ruku halında qaldı. Sübh çağı yetişdikdə möminələrin adını bir-bir çəkərək onları dua etdi, lakin özünü heç dua etmədi. Soruşdum ki, anacan, başqaları kimi özün barədə niyə dua etmədin? Anam: «Oğlum, əvvəl qonşu, sonra ev», – deyə buyurdu.
Şeyx Səduq(r.ə) həzrəti-Zəhra (s.ə)-dan belə nəql edir:
Rəsuli-əkrəm(s)-dən eşitmişəm ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey diləsə, Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının batdığı zamandır.
Fatimə (s.ə) həmişə öz qulamına buyurardı: «Yuxarı çıx, nə vaxt gördün, günəşin yarısı üfüqdə batdı, mənə xəbər ver ki, dua edim.»
Rəvayətdə nəql olunur ki, o Həzrət mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parlardı.