Sual 27: Təvəssül nədir?
Cavab: «Təvəssül» ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir. «Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»).
Uyğun ayədəki «vəsilə» sözünün mənası çox genişdir. İnsanı Allaha yaxınlaşdıran bütün şeylər ‒ Allaha və Onun Rəsuluna (s) iman, cihad, namaz, zəkat, oruc, həcc, sədəqə və sair xeyir işlər bu yaxınlıq üçün vəsilədir.
Qeyd etdik ki, təvəssül vasitə axtarmaqdır. Peyğəmbərlərin, imamların, saleh bəndələrin şəfaəti də təvəssülə aiddir. Hətta Allahı peyğəmbərlər, imamlar və salehlərin məqamına and vermək, bu geniş mənaya daxildir.
Peyğəmbər və imamlara təvəssül, yəni onlar vasitəsi ilə Allaha yaxınlaşmaq o demək deyildir ki, insan insana ibadət edir, şirkə düçar olur. Yuxarıda qeyd olunduğu kimi, təvəssül nəinki Qurana zidd deyil, hətta ayələrlə təsdiqlənir. «Nisa» surəsinin 64-cü ayəsində oxuyuruq: «(Ya peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbətdə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər».