SATIB GƏLMİŞƏM
Cənnəti dünyayə satıb gəlmişəm,
Ömrümü qəflətdə yatıb gəlmişəm.
Səy ilə dünyamı ki, səhmanladım,
Kimdən işim keçdi, onu yanladım.
Hökmü-Xuda həqqdi – gec anladım –
Vəqt yetib, növbə çatıb – gəlmişəm.
Cənnəti dünyayə satıb gəlmişəm,
Ömrümü qəflətdə yatıb gəlmişəm.
Var idi fürsət nə qədər ucalmağa,
Sərf elədim ömrü səmər artırmağa,
Döndü işim gəldi-gedər yığmağa...
Hər nə ki, yığmışdım – atıb gəlmişəm.
Cənnəti dünyayə satıb gəlmişəm,
Ömrümü qəflətdə yatıb gəlmişəm.
Gəldi haramdan o çörəklə duzum,
Onda mənim söndü həyat ulduzum.
Sorğu sual etməyə yoxdur luzum –
Xirtdəyəcən cürmə batıb gəlmişəm.
Cənnəti dünyayə satıb gəlmişəm,
Ömrümü qəflətdə yatıb gəlmişəm.
Zülm özü olmuşdu mənə sanki peşə,
Siz də atın məni indi bu qızğın atəşə.
Orda mən əl atmışam hər fikirə, hər cür işə...
Şeytana sevincdi, həqqi batillə qatıb gəlmişəm.
Cənnəti dünyayə satıb gəlmişəm,
Ömrümü qəflətdə yatıb gəlmişəm.
Xəbər redaktə etdi: Admin - 5-02-2014, 08:24
Səbəb: kiçik dəyişikliklərə görə İnşəAllah halallıq verin