Qəflətdə yatan qafil, dərk et, gör Əli kimdir?
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?
Dərk etməsən ol cahil, dərk et gör Əli kimdir?
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?
Bir damlasını dərk et, gərçi Əli dəryadı,
Bir ismi onun Heydər, bir ismi Mürtəzadı.
Mövlası Məhəmməddir, cananı da Zəhradı,
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?
Ad qoydu həmin insan, san qoydu həmin insan,
Səhrayi-məhəbbətdə can qoydu həmin insan.
İslamda, din uğrunda, qan qoydu həmin insan,
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?
Məzlumlara dərmandı, zalımlara üsyandı,
Meydanda bir aslandı, həm sərvəri-mərdandı.
Cənnətlərə mehmandı, o Natiqi-Qur'andı,
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?
Dövran onu dərk etmiş, aləm onu dərk etmiş,
Həm Musa, həm İsəbni-Məryəm onu dərk etmiş.
Həm Nuh onu dərk etmiş, Adəm onu dərk etmiş,
Ey inkar edən kafir, dərk et, gör Əli kimdir?