ALLAH SAXLAYIR!
Öz qəmindən şadlanan biganəlikdən bezmişəm,
Zahirən abad olan viranəlikdən bezmişəm.
Kölgəsindən qorxan ədnalər əcəb dövran sürür,
Kimsəsiz biçarələrsə ömrünü peşman sürür.
Nakəsin təhdidlərindən təklənən kəssizlərə,
Qorxular altında ruhu sarsılan səssizlərə,
Ya yanıb, ya ac qalıb ölmək olub bir növ nicat,
Əqlə zülmət çökdürən gözdən düşüb çoxdan həyat.
Möhkəm iman olsa, insan səbr edər hər müşkülə,
Səbrsiz öz əlləriylə döndərər yurdun külə.
Dad, aman, nadan əlindən kim bu gün alqış yığır,
Məzlumun ahın yığır, lənət yığır, qarğış yığır.
Qan axır, dünya batır qan bəhrinə, gözlərsə kor,
Qan qusanlar dillənərkən söylənən sözlərsə - "zor”!
Torpağın satmış oxur cəh-cəhlə himmət nəğməsi,
Bir şüar olmuş dilində milli-qeyrət kəlməsi.
Hər ilin başlanğıcı "tarif bəlası” çuğlayır,
Milləti ildən-ilə ancaq o Allah saxlayır.
Dilsiz olma, sən danış, çıxsın həqiqət zahirə,
Qalmasın nahaqların ağzında nahaqdan şirə!