IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Әmirəl-mö᾽minin
Künyəsi: Әbül-Həsən
Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl
Xəlifəliyi: Hicrətdən 35 il sonra
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63
Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (lə᾽) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.
Məzarı: Iraq, Nəcəf şəhəri.
TӘVӘLLÜDÜ
Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.
Bu təvəllüd haqqında Məkkə əhalisindən Qu᾽nəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kə᾽bəyə tərəf getdiyini gördük. O belə deyirdi:
«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (Ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».
Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sür᾽ətlə Kə᾽bəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sür᾽ətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kə᾽bədən bayıra çıxıb dedi:
«Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi».
Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy».
Bəli haqqında danışdığımız həzrət Әli əleyhissalamdır. O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə «Nəhcül-bəlağə»də belə buyurur:
«Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».
UŞAQLIQ DÖVRÜ
Həzrət Әli əleyhissalamın özü bu dövr barədə belə buyurur: «Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»
Peyğəmbərin qohumlarını islama də᾽vət etmək üçün Allah əmri nazil olanda, həzrət Әli əleyhissalam Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.
Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu:
«Ey Әbdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq islamı sizlərə tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır.»
Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Әlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin əlindən tutan və ona iman gətirdiyini e᾽lan edən yeganə şəxs hələ uşaq yaşında olan həzrət Әli əleyhissalam idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu:
«Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin».
GӘNCLIK DÖVRÜ
Həzrət Әli əleyhissalam artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Әli əleyhissalam da həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.
Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə həzrət Әli əleyhissalam idi.
Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.
Buna oxşar yüzlərlə misal həzrət Әli əleyhissalamın iman və fədakarlığının açıq dəlili tutarlı bir sübutudur.
ӘLI ӘLEYHISSALAMIN FӘDAKARLIĞI
Insan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Әli əleyhissalam islamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.
Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.
Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. Hər qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürəcəklər. Belələliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdir.
Onların bu planını Allah öz Peyğəmbərinə bildirmiş və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan e᾽tibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Әli əleyhissalam öz öhdəsinə götürə bilərdi.
Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı həzrət Әli əleyhissalama danışdı. Bu fədakar və mö᾽min cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.
Gecənin qaranlığı hər yeri bürümüşdü. Әli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdılar.
Həmlə əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin birdən-birə yataqdakının Әli olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtmışlar.
ӘLI (Ә) VӘ ALLAH YOLUNDA MÜHARIBӘ
Islam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir.
Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində həzrət Әli əleyhissalam, saf ruhlu bir igid təkin, Peyğəmbərlə çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü.
O, Allahdan başqa heç bir şeydən qorxmayan bir mö᾽min bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: «Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm».
ӘLI ӘLEYHISSALAMIN ӘDӘBI
Islam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar.
Bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. Bunlardan biri həzrət Әli əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Әli əleyhissalam isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian xudahafiz deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu: Məgər siz Kufəyə getmirdiniz?
həzrət Әli əleyhissalam buyurdu: Bəli.
Xristian: Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? – deyə soruşduqda həzrət Әli əleyhissalam cavab olaraq buyurdu:
«Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: «Iki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». Indi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm».
həzrət Әli əleyhissalamın bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: «Islam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». Yoldaşının islam rəhbəri həzrət Әli əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Әli əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi.
HӘZRӘT ӘLININ ÖZÜNÜ ӘLӘ ALMASI
Insan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.
Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş həzrət Әli əleyhissalam kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.
Istər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:
Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün, su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Әmr ibni Әbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi.
Elə bu vaxt həzrət Әli əleyhissalam mətn addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: «Ey Әmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən qarşındadır!»
Әmr həzrət Әli əleyhissalama baxıb lovğa-lovğa dedi: Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.
Әli (ə) ona belə cavab verdi:«Allaha and olsun ki, mən isə səni öldrümək istəyirəm».
Bu sözdən hirslənib atından düşən Әmr qılıncını siyirərək həzrət Әli əleyhissalama həmlə etdi. Lakin qılınc şiddətlə Әlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.
Daha sonra həzrət Әli əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Әmr həzrət Әli əleyhissalamın mübarək üzünə tüpürdü. həzrət Әli əleyhissalam birdən Әmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Әmrə tərəf getdi. Әmr soruşdu: O cür zərbədən sonra məni buraxmağının mə᾽nası nədir?»
Həzrət Әli əleyhissalam buyurdu: «Ey Әmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Әgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım».
Həzrət Әli əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Әmrə çox böyük tə᾽sir etmişdi. Hamı istər dost, istərsə də düşmən, həzrət Әliyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Әli əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:
«Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».
HӘZRӘT ӘLININ MEHRIBANLIĞI
Həzrət Әli əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürər ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.
Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.
Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.
Bu zaman həzrət Әli əleyhissalamın ordusunda olanlar e᾽tiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Әgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.
Әli (ə) onların cavabında belə buyurdu: «Xeyr, biz düşmələ kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Әgər onların gördüyü işi biz də görməli olsaq o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.»
ӘLI ӘLEYHISSALAMIN RӘHBӘRLIK DÖVRÜNDӘKI DAVRANIŞLARI
1. Xalq ilə birgə
Bütün çətinliklərə baxmayaraq Әli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostluqlarına görə, güzəştə getməzdi. Әtrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qur᾽ana zidd olan işləri əsla bağışlamazdı.
Misal üçün Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Әli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: «Nə istəyin var?» Gözü yaşlı Sudə vergi mə᾽murundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.
Həzrət Әli əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm». Sonra bir dəri parçası götürüb mə᾽murunu mə᾽murluq vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin mə᾽mura çatdırsın.
Daha sonra Әli (ə) belə buyurdu: «Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.»
2. Ayrı-seçkiliyin aradan qaldırılması
Xalq həzrət Әli əleyhissalama bey᾽ət edikdə o həzrət minbərə çıxıb buyurmuşdu:
«Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm».
Qardaşı Әqil ayağa qalxıb dedi: «Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?» Әli (ə) belə buyurdu: «Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur». Daha sonra Әli (ə) e᾽lan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.
Yenə bir yay axşamı qardaşı Әqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını həzrət Әli əleyhissalama qəbul etdirə biləcəkdir. Әli əleyhissalam belə buyurdu: «Hazrıladığın bu şamın pulunu haradan qazanmısan?»
Әqil cavabında belə dedi: «Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənən yaxşı yemək hazırlamaq istədik».
Həzrət Әli əleyhissalam belə buyurdu: «Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yə᾽ni azaldacağam). Çünki e᾽tiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən».
Әqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət Әli əleyhissalam yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Әqil qırşqırıb «vay yandım» - dedi. həzrət Әli əleyhissalam bu zaman belə buyurdu: «Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların e᾽tibar etdikləri adamam».
Yenə də şahid oluruq ki, onun yanında çalışan mə᾽murlardan bə᾽zisi həzrətin bu mövqeyinə e᾽tiraz edib belə deyirlər: Әgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir islam sistemini daha yaxşı idarə etmək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin.
Imam (ə) isə onların cavabında buyururdu: «Çox qəribədir, siz məndən islam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə girişmərəm. Halbu ki, bu mallar xalqındır və mən onların e᾽tibar etdiyi bir nəfərəm».
Bir gün Bəsrə valisi Hüneyfin oğlunun əşraflarından birisinin qonağı olduğunu və fürsət gözləyən qaniçənlərin isə onun siyasi mövqeyindən istifadə edəcəklərini eşitdikdə həzrət Әli əleyhissalam çox hirsləndi və onu məzəmmət edəcək bir məktub yazıb onun üçün göndərdi: «Eşitmişəm yoxsulların olmadığı dövlətlilərin süfrəsində oturubsan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin dünyanıza təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də çalışın ki, yolunuz məndən ayrılmasın». Həzrət Әli əleyhissalam bu məktubla ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi.
Imam əleyhissalamın həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o həzrətin düşməni olan Müaviyə onun əshabından biri olan Әdiy ibni Hatəm ilə qarşılaşıb ona belə sual verdi: Әlini imamət və xəlifəliyi zamanında necə gördün? O, isə cavabında «quldurlar onun hökumətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzlər» - deyə söylədi.
Həzrət Әli əleyhissalamın özü də həmişə belə buyurardı: «Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri deyilmi?»
Tarixdən mə᾽lum olduğu kimi, bir gün qoşun başçıları keçmiş səhabəsi olan Ibni Abbas ilə birlikdə onun hüzuruna gəldikdləri zaman rəhbərlərinin ayaqqabısını yamaqlamaqla məşğul olduğunu gördülər. Әli (ə) onlara belə buyurdu: «Bu ayaqqabının dəyəri nə qədərdir?»
Ibni Abbas dedi: Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz.
Həzrət Әli əleyhissalam buyurdu: «Allaha and olsun ki, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.»
Yə᾽ni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vəsilədir.
3. Şikayətləri araşdırmaq
Həzrət Әli əleyhissalam öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edirdi.
Әgər bir nəfərin şikayəti olsaydı, imamın yanına rahatlıqla gəlib şikayətini ona söyləməsi üçün, yayın isti günlərində xalqın istirahət etdiyi bir divarın kölgəsində oturardı.
Isti günlərin birində həzrət yenə də bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: Әrim mənə zülm edib bu istidə məni evdən çölə atıb. O, həzrət Әli əleyhissalamdan bu məsələni həll etməsini xahiş etdi.
Həzrət Әli əleyhissalam belə buyurdu: «Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm.» Qadın belə dedi: Qorxuram ərim yenə hirslənsin. Әgər mümkünsə tez gedək!
Әli əleyhissalam qadına belə buyurdu: Yaxşı, sən get! Mən də dalınca gəlirəm. Әli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü. Qapıya gələn ev yiyəsi Әli (ə) tanımamışdı. Amma başa düşmüşdü ki, arvadı bu kişini köməyə çağırıb.
Әli əleyhissalam ev yiyəsinə belə dedi: Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən. Məğrur cavan həzrət Әli əleyhissalama pis sözlər söylədikdən sonra dedi: Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun onun halına.
Imam (ə) cavan oğlanın sözlərindən narahat olub e᾽tiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. Imamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladılar. Camaat Әli əleyhisaalamı görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran həzrət Әli əleyhissalamdır. Bilmirdi ki, nə etsin. Әlinin ayaqlarına düşüb üzr istəməyə başladı: Nə əmr etsəniz itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm.
Әli əleyhissalam isə belə buyurdu: «Inşaallah elə olarsan». Daha sonra qadına tərəf dönüb dedi: Evinə qayıt. Inşaallah sən də ərinə yaxşı arvad olarsan.
QӘDIRI-XUM HADISӘSI
Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi.
Xalq arasında münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdılar.
O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin «Məhəmməd öz adamlarını öldürür» demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Әli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.
Həmin borc Әli əleyhissalamı xəlifə tə᾽yin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə «peyğəmbər bizi xəlifəliyə seçdi» - deməklə xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.
Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: «Böyük bir borcun var. Әgər bu borcu yerinə yetirməsən, elə bir risalətini təlbiğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.»
Belə bir risalət günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu Talibdən başqa kim ola bilərdi? O Әli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tə᾽rifləyib buyurmuşdu: «Әli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin».
Elə buna görə də həzrət Әli əleyhissalam minbərdə həmişə belə deyərdi: «Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!»
Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Və qədir günü Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək «Bu gün islam dinini mükəmməl edib sizlərə ne᾽mətimi tamamladım» - dediyi gün olaraq tarix səhifələrinə yazıldı.
Demək, bu müqəddəs bir qayıdış eləcə də bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.
Onların hamısı Zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədiri-xum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.
Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər.
Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:
«Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:
Allahın kitabı.
Әhli-beytim.
Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu:
«Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».
ӘLI ӘLEYHISSALAMIN XӘLIFӘ SEÇILMӘSI
Qüdrət və vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşim nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər.
Onlar planlarını həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədiri-xum günündə hamı ona bey᾽ət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başlamışdı. Belə ki, həzrət Әli əleyhissalamı, o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoymuşdular. Çünki o, təkcə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Әgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı. Yə᾽ni islamdan heç bir əsər qalmayacaqdı.
Әli (ə) və Fatimənin bu hadisələr qarşısında sükut etməsi, xüsusən də Osmanın hakimiyyətinə nüfuz etmiş Әməvi dövlət adamlarının vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı ayıltmışdı və artıq hamı başa düşmüşdü ki, islam xəlifəliyi siyasətçilərin əlində oyuncağa çevrilibdir ki, Allah ilə Peyğəmbərin istəyi isə bu deyildir.
Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başlamışdı.