"Ənam” surəsi (61-62)
61. وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُم حَفَظَةً حَتَّىَ إِذَا جَاء أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لاَ يُفَرِّطُونَ
"Qəhr və iqtidarı bəndələrindən üstün olan yalnız Odur. O sizə nəzarətçilər (hifz edən mələklər) göndərər. Sizlərdən birinin ölümü çatdıqda Bizim göndərdiklərimiz onun canını geri alar və öz işlərində heç bir səhlənkarlıq etməzlər.”
Gecələr ruhun alınması və gündüzlər qaytarılması Allahın qəhr nümunələrindəndir.
Ruhun alınması Quranda həm Allaha, həm ölüm mələyinə, həm də digər mələklərə aid edilmişdir. Bəlkə də adi insanların canını mələklər, seçilmiş insanların canını ölüm mələyi, övliyaların canını isə Allah-təala özü alır. Beləcə, əvvəlcə mələklər insanların canını alır, sonra ölüm mələyinə təhvil verir, daha sonra isə ölüm mələyi ruhları Allaha təslim edir. Bu baxımdan ruhun alınması həm mələklərə, həm ölüm mələyinə, həm də Allaha aiddir.
«Hifz» edən mələklər» dedikdə insanı hadisələrdən qoruyan mələklər nəzərdə tutula bilər. Əlbəttə ki, insanların əməllərini qeyd edən mələklər də hifz edən mələklər sayıla bilər.
Mələklərin hifz etməsinə iman Allaha şükür amilidir. Necə ki, yazan mələklərə iman həya və təqva səbəbi olur.
1. Allahın kamil qüdrət və hakimiyyəti vardır. Bizim azad buraxılmağımızın səbəbi isə Onun lütfünə əsaslanan möhlətdir.
2. Allah bəndələri üzərində elə bir hakimiyyətə malikdir ki, kimsədə müqavimət gücü yoxdur.
3. Yaranış nizamında müxtəlif mühafizələr mövcuddur.
4. Hifz edən mələklərin göndərilməsi daimidir.
5. Mələklərin hər bir dəstəsinin öz işi var.
6. Bir insanın ruhunun çıxarılmasında bir neçə mələk iştirak edir.
7. Mələklər öz işlərində səhlənkarlığa və xataya yol vermirlər.
62. ثُمَّ رُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ أَلاَ لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ
"Sonra xalq Allaha, həqiqi mövlasına doğru qaytarılar. Agah olun ki, yardım və mühakimə yalnız Allaha məxsusdur. O, hesab çəkənlərin ən sürətlisidir.”
Rəvayətlərdə bildirilir ki, Allah Öz bəndələrinin hesabını bir qoyunu sağmaq müddətində - olduqca tez bir zamanda - aparar.
Həzrət Əlidən (ə) soruşdular: "Allah bu qədər məxluqun hesabına necə yetişir?” Həzrət buyurdu: "Onlara ruzi çatdırdığı kimi.” Sual olundu: "Görünmədiyi halda necə hesab aparır?” Həzrət buyurdu: "Necə ki, görünmədiyi halda bəndələrin ruzisini verir.”
Sual: "Allahın hesab aparması ayə və rəvayətlərdə göstərildiyi kimi sürətlə gerçəkləşirsə, nə üçün qiyamət günü bir bu qədər uzundur?
Cavab: Qiyamətin uzunluğu bir növ cəzadır. Onun uzunluğunu hesabın çətinliyi ilə ölçmək olmaz. (Hesabın tezliyinə gəldikdə, insan Allahın məxluqu olduğu halda, bugünkü dünyada kompüter vasitəsi ilə bir dəqiqədən də az müddətdə olduqca böyük hesabatlar aparır.)
1. Hamı Allaha doğru qayıdasıdır və qiyamətin yeganə qazisi Odur.
2. Həqiqi mövla odur ki, yaratmaq, nəzarət etmək, yuxu və oyaqlıq, ölüm və dirçəliş, mühakimə və hesab Onun əlində olsun.
3. Allahdan savay bütün mövlalar batil və ya məcazidir. İlahi peyğəmbər və övliyaların hakimiyyəti isə Onun hakimiyyətinin bir şöləsidir.
4. Allahın hesab sürəti bütün hesab növlərindən itidir.
5. Hesabın tezliyi və işlərə nəzarət ilahi bir dəyər və üsuldur.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti