Həzrət Əmirəl-mömininin (ə) belə buyurduğu bildirilir: "Allah-təala Öz peyğəmbəri Hz.İbrahim Xəlilin (ə) canını almaq istəyərkən ölüm mələyini onun yanına göndərir. Ölüm mələyi Həzrət İbrahimin (ə) yanına gəlib deyir: "Salam olsun sənə, ey İbrahim!"
İbrahim (ə) deyir: "Sənə də salam olsun,ey ölüm mələyi! Gəlmisən məni Rəbbimə tərəf çağırasan, mən də ixtiyarə surətdə qəbul edim,yoxsa ölüm xəbərimi gətirmisən və ölüm şərbətini içmək məcburiyyətindəyəm?"
Əzrail deyir: "Ey İbrahim,sən ixtiyarı surətdə Rəbbinin dəvətini qəbul et, ölümə təslim ol. Rəbbin səni Özünə tərəf dəvət edib".
İbrahim (ə) deyir: "Heç dost və mehriban olan yoldaşın öz mehriban yoldaşını öldürməsini görmüsən? Allah öz dostu olan İbrahimi öldürməyə necə razı olub?"
Əzrail Allah dərgahına qayıdır, Allah cəlal və camal qüdrəti önündə itaət və təslim məqamında dayanaraq deyir: "Ey Rəbbim, mehriban dostun və yoldaşın İbrahimin dediklərini eşitdin?"
Allah-təala ölüm mələyinə buyurur: "Ey Əzrail, İbrahimin yanına get. Ona de ki, heç görmüsən ki, mehriban dost öz əziz sevimlisinin görüşündən qaçsın, onunla görüşməkdən narazı olsun? Əksinə,asiq öz məşuqu ilə görüşməyi sevir".
Mənbə: "Ölümün dadı" kitabı