Hökm nə üçün nəsx olunmuşdur?
Sədəqə mənfəət verməklə yanaşı başqa bir mənfəətin də qarşısını alırdı. Çünki müsəlmanların və səhabənin Peyğəmbərlə (s) ünsiyyətdə olmaları ümumi mənafeyə xələl gətirəcək bir çox şeylərə də səbəb olurdu. Bu səbəbdən ümumi mənafeni, şəxsi mənafedən üstün tutaraq növbəti ayə nazil olmaqla sabiq hökmü nəsx olundu. Beləliklə belə bir sədəqənin vacibliyi namaz, zəkat və Peyğəmbərə (s) tabe olmaq hökmü ilə əvəz olundu. Artıq bizə məlum olur ki, hökmün nəsx olunması zərurət üzündən olmuş və həqiqətən birinci (on ikinci) ayə növbəti (on üçüncü) ayə ilə nəsx olunmuşdur. Lakin diqqət yetirmək lazımdır ki, ayənin nəsx olunması birinci ayənin qüvvədə olma müddəti başa çatmasına dəlalət edir və bir qədər əvvəl qeyd etdik ki, ayələrin bu qayda ilə nəsx olunmaları heç də qeyri-adi hal deyildir.
Ayənin nəsx olunması hökmün qüvvədə olma müddəti başa çatmaqla əlaqəli olsa da, bu heç də o demək deyildir ki, hökmün mənafei dövrə aid olmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, belə bir mənafe Peyğəmbərin (s) həyatının bütün dövrlərində mövcud olmuşdur. Lakin müsəlmanların pula, var-dövlətə olan meyl və əlaqələri hökmün daimi olaraq qüvvədə qalmasına mane oldu və bu da ayənin nəsx olunması ilə nəticələndi.
Elmi hər şeyi əhatə edən və hər şeyi əvvəlcədən bilən Allah təbii ki, hökmün davam gətirə bilməyəcəyini və nəticədə nəsx olunacağını da bilirdi. Belə bir halda sədəqənin vacibliyinə dair belə bir hökmün verilməsi məqsəd daşımışdır?
Cavab: Hökmün verilməsi və sonradan nəsx olunması bir neçə faydalı nəticələr vermişdir. Verdiyi ən faydalı nəticələrdən biri də müsəlmanlara olunan xəbərdarlıq və onların oyanması olmuşdur. Belə ki, ayə nəsx olunduqdan sonra hamıya məlum oldu ki, nə səhabə nə də Peyğəmbərin (s) digər tərəfdarları pulu və var-dövləti öz peyğəmbərlərindən üstün tutmuş və Əli (ə)-dan savayı kimsə bu ayəyə əməl etməmişdir. Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan çəkinmək günah olmasa da əshabın bir çoxu pulu və var-dövləti bundan üstün tutmuşlar.
Hökmün qüvvəyə minməsi və sonradan nəsx olunması bir çox həqiqətləri meydana çıxarır. Bunlardan ən başlıcası müsəlmanların Peyğəmbərə (s) olan diqqətsizliyini və Əli (ə)-ın iman və şəxsiyyətinin ucalığını bəyan etməsidir.
Nəcva ayəsində sədəqə hökmünün verilməsi və sonra bu hökmün nəsx olunması həm Quranın zahiri mənasından həm də nəql olmuş bir çox hədis və rəvayətlərdən bəlli olur. Lakin əgər sədəqə İbrahim peyğəmbərin oğlu İsmaili qurban etməsi kimi, sınaq xarakterli bir hökm olsaydı, ayənin nəsxinin həqiqi və istilahi adlandıra bilməzdik. Çünki sınaq və imtahan xarakteri daşıyan bir çox hökmün nəsx olunması istilahi deyil, lüğəvi nəsxə aiddir. Fəxri Razi öz kitabında yazır: Əbu Müslüm hökmün sınaq xarakteri daşıdığına qətiyyətlə istinad edir. Onun fikrincə hökmün verilməsindən əsasən məqsəd möminlərin, münafiqlərdən fərqlənməsi olmuşdur. Bu səbəbdən də ayə həqiqi mənada nəsx olunmamışdır. Fəxri Razi, Əbu Müslümün nəzəriyyəsini qeyd etdikdən sonra deyir: Bu nəzəriyyə tamamilə düzgün və əsaslıdır.(Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.)Şeyx Şərəfüddin deyir: Məhəmməd ibni Abbas öz təfsir kitabında əhli-sünnə və şiə mənbələrindən bu məzmunda yetmiş hədis və rəvayət nəql etmişdir. Bütün bu rəvayətlər də Peyğəmbərlə (s) görüşməzdən əvvəl sədəqə verən yeganə şəxs Əli ibni Əbu Talib (ə) olduğu göstərilir. Sonra Şeyx Tusidən bu hədisi nəql edərək deyir: Termizi özünün «Sünən» adlı kitabında və Sələbi öz təfsirində Əlqəmə Ənmaridən – ravilərin bir neçəsinin adı ixtisara salınmış və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Allah-taala mənə xatir bu ümmətə güzəşt etdi. Çünki onlar Peyğəmbərlə (s) ünsiyyətdə olmaq üçün sədəqə verməklə sınağa çəkildilər. Lakin pul və var-dövlətə olan meyl və əlaqə buna imkan vermədi. Ayəyə əməl edən yegenə şəxs mən oldum. Cəmi bir dinar pulum olduğu halda mən onu on dirhəmə xırdalayıb Peyğəmbərlə (s) görüşə gəlməzdən əvvəl sədəqə verərdim. Bu səbəbdən də Allah-taala mənə xatir onları əfv edib, bağışladı. Əgər ayəyə əməl edən bir şəxs olmasaydı ilahi əmrə olmadıqları üçün bütün insanlar Allahın əzabına düçar olardı.(Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.)
Müəllif:
Bu rəvayət Termizinin «Sünən» adlı kitabının nə köhnə, nə də yeni çapında nəql olunmamışdır. Kitablarının bir çoxunda bu rəvayəti nəql edən Sələbi də öz təfsirində buna heç bir işarə etməmişdir.
(Kitabı tərcümə edərkən Ayətullah üzma Nəcəfinin şəxsi kitabxasında [Qum şəhərində] 908 nömrəli Sələbinin qədim və nəfis xətlə yazılmış təfsirini tapdıq. Təfsirə müraciət etdikdən sonra bizə belə məlum oldu ki, Əlqəmə Ənmari yalnız əvvəl hissəsini Əli (ə)-dan nəql etmişdir. Hədisin digər hissələri isə Sələbinin nəql etdiyi digər rəvayətlərdən əldə olunmuşdur.
Sələbinin nəql etdiyi bir neçə rəvayətə işarə edirik:
1. Mücahid deyir: «Sədəqə vermədən» Peyğəmbərlə (s) görüşmək bizə qadağan olundu. Sədəqə verən yalnız Əli (ə) [Allah ondan razı olsun] oldu. O bir dinarı xırdalayıb sədəqə verdi və sonra növbəti ayə nazil olmaqla Peyğəmbərlə (s) görüşməyə bizlərə icazə verildi.
Əli ibni Əbu Talib [Allah ondan razı olsun] deyir: Allahın kitabında [Quranda] elə bir ayə vardır ki, nə məndən əvvəl, nə də məndən sonra kimsə ona əməl etməmişdir. O — «Ey iman gətirənlər Peyğəmbərlə (s) [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin» — ayəsi idi. Belə ki, ayə əvvəl vacib sonra isə nəsx olundu.
Abdulla ibni Hamid, Əli ibni Əlqəmə Ənmari, Əli ibni Əbu Talib (ə)-dan nəql edərək deyir: Nəcva ayəsi nazil olarkən Peyğəmbər (s) mənə dua edib sonra buyurdu:
Əli deyir. Allah-taala ümmətə [müsəlmanlara] güzəşt etdi və nə ayə nazil olmazdan əvvəl, nə də sonra kimsə bu hökmə əməl etmədi.
Bir sözlə hökm istər həqiqi olsun, istərsə də sınaq məqsədi ilə verildikdən çox az sonra nəsx olunaraq öz qüvvəsini itirməmişdir və Əli ibni Əbu Talibdən savayı hökm qüvvədə olduğu müddət ərzində kimsə tərəfindən əməl olunmamışdır. Bu da Əli (ə)-ın ən bariz fəzilətlərindən biri hesab olunur.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi