"Maidə” surəsi (31-32)
31. فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
"Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: "Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.”
Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini dəfn etdi.
«Ğurab» dimdiyi və ayaqları qırmızı, qarğaya oxşar bir quşdur.
İlk insanlar çox təcrübəsiz olmuşlar. Amma Allah-təala müxtəlif yollarla daim bəşəriyyətə lütf etmişdir.
İmam Səccad (ə) buyurmuşdur: "Allah iki qarğa göndərdi və qarğalardan biri o birini öldürdü. Sonra qatil qarğa dimdiyi ilə çala qazıb ölü qarğanı dəfn etdi.
İmam Səccad (ə) buyurmuşdur: "Peşmançılıq doğuran günahlardan biri günahsız insanın qətlə yetirilməsidir.”
1. Bəzən heyvanlar Allahın əmrini yerinə yetirir. Onlar ilahi göstəriş əsasında hərəkət edir və Allahın istədiyi yolla gedirlər.
2. Bəşəriyyət bir çox bilikləri heyvanların həyatından öyrənmişdir.
3. İnsan daim öyrənməlidir. Əsas məsələ öyrənməkdir, hətta heyvanlardan da olmuş olsa!
4. Allah bəzən insanı ilk baxışdan bacarıqsız görünən heyvan vasitəsi ilə öyrədir ki, qürrələnməsin və qarğadan da öyrənilməsi işlərin olduğunu anlasın.
5. Ölünün cəsədi torpaqda dəfn olunmalıdır. (Cəsədi saxlamaq, mumyalamaq, yandırmaq düzgün deyil.)
6. İnsanın ölüsünə də ehtiram lazımdır. Ölü insan qurd-quşa yem olmamalı, dəfn edilməlidir.
7. Peşmançılıq insan fitrətinin haqpərəstlik nişanəsidir.
32. مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ
"Bu səbəbdən Bəni-İsrail üçün yazdıq ki, qisas və ya yer üzündə fəsad cəzası olmadan bir insanı öldürən şəxs bütün xalqı öldürmüş kimidir. Hər kəs bir insanı diriltsə (ölümdən və ya azğınlıqdan qurtarsa), bütün xalqı diriltmiş kimidir. Əlbəttə, peyğəmbərlərimiz xalq üçün aşkar dəlillər gətirdilər. Amma (bununla belə) xalqın bir çoxu bundan (peyğəmbərlərin bildirişindən) sonra yer üzərində israfçı oldular.”
Nöqtələr
Bu ayədə bir nəfərin qətli bütün xalqın qətli kimi təqdim olunur. Bu həqiqətin izahı üçün bir neçə məsələni nəzərdən keçirək:
a) Bir nəfərin qətlinin cəzası bütün xalqın qətlinin cəzası kimidir.
b) Allah üçün bir nəfərin qətli sizin üçün bütün xalqın qətli yerindədir.
v) Bir nəfərin qətli insanlıq məqamına etinasızlıqdır.
q) Bir nəfərin qətli bütün xalqın əmin-amanlığını pozur.
d) İnsanlar bir bədənin üzvləri kimi olduğundan, bir şəxsin qətli hamının qətli kimidir.
e) Bir nəfəri öldürənin cəhənnəm məskəni hamını qətlə yetirənin cəhənnəm məskəni kimidir.
ə) Bir nəfərin qətli xalqın qətlinə zəmin yaradır.
j) Bir insan bir nəslin xilaskarı ola bildiyindən onun qətli bir nəslin qətli kimidir. (Bu ehtimal daha üstün görünür.)
Rəvayətdə oxuyuruq: Bir möminin qətli Allah üçün bütün dünyanın məhvindən də ağırdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Su tapılmayan yerdə bir susuzu sirab edən kəs bir insanı diriltmiş kimidir.”
Ayə və rəvayətlərə əsasən, xalqın haqq yola hidayəti bir növ həyatvermə, xalqın azdırılması isə bir növ qətldir. "Ənfal” surəsinin 24-cü ayəsi peyğəmbərin dəvətini xalqın həyat tapması kimi təqdim edir.
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir azğını hidayət etsə, onu diriltmiş, hər kəs bir insanı azdırsa, onu öldürmüşdür.”
İmam Sadiq (ə) buyurmuşdur: "Diriltmə dedikdə qərq olmadan, yanmadan, yırtıcı və ya düşməndən xilas etmək nəzərdə tutulur.” Digər bir rəvayətdə deyilir: Aca yemək verməyən kəs onu öldürmüş kimidir. Yemək vermək isə həyat vermək yerindədir.
İmam Baqir (ə) buyurmuşdur: "İsrafçılar o kəslərdir ki, haramları halal sayır və qanlar tökürlər.”
1. Bəzən tarixi hadisələr ilahi hökmlər çıxarılmasına səbəb olur.
2. İnsanlar və onların taleləri tarix boyu əlaqəli olmuşdur.
3. İlahi hökmlər əbəs olmur, onlarda hikmət var.
4. Daşürəkliliyin və hadisələrin takrarının qarşısını almaq üçün cəzalandırma zəruridir.
5. İstənilən millətdən (irqdən) və məntəqədən olan insanların həyatı möhtərəmdir.
6. Bəni-İsrail qanunlarında da fəsad əhlinin edamı nəzərdə tutulmuşdu.
7. İntihar və uşaqsalma (abort) insan qətli nümunəsidir və haramdır.
8. Yer üzündə fəsad törədən, xalqın həyatını dəyərsiz sayan, onları qətlə yetirən insanın həyatı dəyərsizdir və ona son qoyulmalıdır.
9. İnsan iki halda ölümlə cəzalandırıla bilər: qatildən qisas və fəsadın qarşısını almaq adı ilə.
10. Əməlin dəyəri səbəb və məqsəddən asılıdır. Təcavüz məqsədi ilə bir insanı öldürmək bütöv bir cəmiyyəti qətlə yetirməkdir. Qisas məqsədi ilə öldürmək isə cəmiyyətə həyat verməkdir.
11. Bir insanın hüquqlarına təcavüz cəmiyyətin əmin-amanlığını hədələyir. İnsanların həyatını xilas etməklə məşğul olanlar həkimlər, qəyyumlar, yanğınsöndürənlər, xeyriyyəçilər, dərman hazırlayanlar kimidir. Onlar özləri və işlərinin qədrini bilməlidirlər.
12. Ehtiyaclılara yardım və insan həyatının xilası cəmiyyətin dirilik nişanəsidir.
13. Xalqın imansızlığı və peyğəmbər göstərişlərinə itaətsizliyi tarix boyu olmuşdur.
14. İnsan azaddır (muxtar) və peyğəmbərlərin gəlişindən sonra da müxaliflik edə bilər.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti