"Maidə” surəsi (7-8)
7. وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
"Xatırlayın Allahın sizə əta etdiyi neməti və "eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdi! Allahdan çəkinin! Çünki Allah sinələrdə olandan agahdır.”
Nemətin yada salınması və ayədə bəyan olunmuş məsələlərə riayət mövzuları ümumi bir xəbərdarlıq olsa da, müəyyən dəlillərə əsasən, ilk öncə İslam cəmiyyətinə rəhbərlik və bu rəhbərə itaət məsələləri nəzərdə tutula bilər. Həmin dəlillərə nəzər salaq:
1. İlahi rəhbərlik Allahın əhdidir. Bu məsələni həzrət İbrahimin öz nəsli üçün imamət məqamı istəməsi və Allahın "Mənim əhdimə (imamətə) zalımlar çatmaz” buyurması haqqında danışan əhvalat da təsdiqləyir.
2. Qədir-Xumda Həzrət Əli (ə) imamət məqamına təyin olunduqdan sonra uyğun surənin 3-cü ayəsi nazil oldu və bildirildi ki, bu gün Allah Öz bəndələrinə nemətini tamamladı.
3. Məhz Qədir-Xumda xalq həzrət Əliyə (ə) beyət edib, "Eşitdik və itaət etdik” söylədi. Bu ayə xalqı növbəti dəfə ilahi rəhbərə vəfalı olmağa və möhkəmliyə çağırır.
Eşitmək və itaət haqqındakı əhd insanların təbii və fitri, söz və ya əməli şəkildə peyğəmbərlə bağladığı əhdlərə şamildir. Xalqın tövhid və nübuvvətə beyətləri və şəhadətləri də bu qəbildəndir.
1. Ayədə nemət, əhd, itaət, sinələrdə olandan xəbərdarlıq kimi məfhumlar üzərində dayanılması (xüsusi ilə də Qədir-Xum ayəsindən sonra) 3-cü ayədəki göstərişin və Qədir xəttindən yayınmanın unudulmasına işarə ola bilər. Bu nöqtəyə imam Baqir (ə) toxunmuşdur.
2. İlahi nemətləri xatırlamaq zəruridir.
3. Nemətlərin, əhdlərin, Allahın buyruqlarının, elm və agahlığın xatırlanması və xatırladılması təqva amili və zəminəsidir.
4. Əhdi pozmaq fikrində olmayaq. Çünki Allah agahdır.
8. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər! Bütün vücudunuzla daim Allah üçün qiyam edin, insaf və ədalətə şahid durun. Bir qövmlə düşmənçilik heç vaxt sizi ədalətsizliyə vadar etməsin. Ədalətə riayət edin ki, bu, təqvaya daha yaxındır. Allahdan çəkinin ki, həqiqətən, Allah gördüyünüz işlərdən agahdır.”
Bu ayənin oxşarı azca fərqlə "Nisa” surəsinin 135-ci ayəsində nazil olmuşdur. Ayədə deyilir ki, ədalət uğrunda qiyam edin və Allah üçün şahid olun. Hətta insanın özünə və ya valideynlərinə, yaxınlarına zərərli də olsa, belə etməlidir. Ayələr arasında fərq ondan ibarətdir ki, bu ayə tapşırır: Kin və düşmənçiliklər sizi azdırmasın. "Nisa” surəsindəki ayədə isə belə buyurulur: "Əlaqələr və bağlılıqlar sizi ədalət dairəsindən çıxarmasın.” Bəli, ədalət xəttindən çıxmanın səbəbi ya düşmənçilik və kindir, ya da məhəbbət və dostluq. Hər ayədə bu iki amildən birinə işarə olunur.
Xalqa münasibətdə qəlbdəki kini aradan götürmək çətin olduğundan bu ayədə uyğun məsələ ilə bağlı bir neçə göstəriş verilir və təşviqlər olunur.
1. İctimai ədalət yalnız Allah və məada iman sayəsində bərqərar olur.
2. Ədalət təkcə əxlaqi bir dəyər deyil. Ədalət qəti ilahi göstərişdir.
3. Əgər insanı hərəkətə gətirən onun qəlbindəki kindirsə, ixlasdan danışmağa dəyməz. Amma insan Allaha yaxınlıq məqsədi ilə hərəkət etdikdə, kin-küdurət ədalətin gözlənilməsinə təsir etmir.
4. Ötəri ədalət yox, xarakterə çevrilmiş ardıcıl ədalət dəyərlidir.
5. Möminlər həm Allahla rabitədədirlər, həm də xalqla rabitədə ədalətə şahiddirlər.
6. Əgər inansaq ki, Allah bizim əməllərimizdən xəbərdardır, ədaləti gözləyərik.
7. Qəlbi kinlə dolu insanlar ədalətli ola bilməzlər. (Ədalətə çatmaq üçün kin-küdurətə nəzarət edilməlidir.)
8. İnsanın hissləri ədalət çərçivəsində nizamlanmalıdır.
9. Kin-küdurət ədalətin pozulması amillərindəndir.
10. Siyasi proseslərdə, daxili və xarici əlaqələrdə hətta düşmənlərə də qarşı ədalətli olaq.
11. Ədalətli və insaflı insanlar təqvaya daha yaxındırlar.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti