"Ali-İmran” surəsi (133-134)
133. وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
"Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin.”
Bir qrup İslam aliminin fikrincə, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Onlar bu məsələdə "Şüəra” surəsinin 90-cı ayəsini dəlil göstərirlər.
Günahın bağışlanması Allahın işidir. Bağışlanmağa doğru tələsmək bağışlanmaya səbəb olacaq işlərə tələsmək mənasındadır.
Ayədəki "ərz” sözü uzunluq yox, genişlik mənasındadır.
Həzrət Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: "İlahi vəzifələri yerinə yetirməyə tələsin.”("Təfsire-Məcməül-bəyan”. )
1. Xeyir işdə sürət həmin işin dəyərini artırır.
2. Əvvəlcə bağışlanmaq, sonra isə behiştə getmək!
3. Xalqın günahlarının bağışlanması ilahi rübubiyyət şənidir.
4. Tövbəyə tələsmək lazımdır.
5. Behiştə doğru sürətin şərti müttəqilər zümrəsində olmaqdır.
134. الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
"(Müttəqilər) o kəslərdir ki, həm rahatlıq, həm də çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xatalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevər.”
Əvvəlki ayələrdə sələm məhkum edildikdən sonra bu ayə infaq, bağışlanma, yardım haqqında xoş sözlər söyləyir.
Tarixi bir hadisə:
Nəql edirlər ki, bir gün İmam Səccad (ə) başını yuyarkən xidmətçilərindən biri su qabını əlindən salır və imamın başı yaralanır. İmam xidmətçiyə baxdıqda xidmətçi anlayır ki, imam narahat olmuşdur. Xidmətçi dərhal deyir: "Onlar qəzəblərini udarlar”. İmam buyurur: "Mən qəzəbimi uddum.” Xidmətçi deyir: "Xalqın xatasını bağışlayarlar”. İmam buyurur: "Səni əfv etdim.” Xidmətçi deyir: "Allah yaxşı əməl sahiblərini sevər”. İmam buyurur: "Səni Allah yolunda azad etdim.”("Təfsire-Məcməül-bəyan”; "Təfsire-ruhul-bəyan”. )
İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir bəndə olmadı ki, qəzəbini udduqdan sonra Allah dünya və axirətdə onun izzətini artırmamış olsun.” Allah-təala buyurur: "Bu, qəzəbi udmağın mükafatıdır.”("Kafi”, c. 2, səh. 110. )
1. Təqva infaqdan ayrı deyil.
2. İnfaq etmək üçün sərvət yox, səxavət lazımdır.
3. Məhrumları nə rifah, nə də yoxsulluq zamanı unudaq. Əlimiz aşağı olduqda infaq etməmək üçün "özümüz çətinlikdəyik” deməyək.
4. Nəfs istəkləri müttəqilərə yox, müttəqilər nəfs istəklərinə hakimdir.
5. Təqva qəlb genişliyi olan yerdədir.
6. Müttəqi guşənişin ("münzəvi”) deyil. Bu zümrə xalqla öz sərvəti və yaxşı əxlaqı ilə keçinir.
7. Xatakarı bağışlayarkən onun imanı şərt olmur.
8. Allahın sevgisini qazanmaq istəyən kəs malından keçməli, qəzəbini udmalıdır.
9. Məhrumlara infaq və xalqın xatalarının bağışlanması ehsan və saleh əməl nümunələrindəndir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti