Fərqləndirmə prinsipi
«Ayrı-seçkilik» və «şər nisbidir» başlıqlı söhbətlərimizdən, şərlərin xeyirlərdən ayrılmazlıqları məlum oldu. Çünki, yoxluq növündən olan şərlər, başqa sözlə desək, yaradılış aləmində nadanlıq, acizlik və yoxsulluq qismindən olan boşluqların yaradılış aləminə aid olan hissəsi tutumsuzluq və qabiliyyətlərin naqisliyi qismindəndir. Belə ki, yaradılış aləmində hər bir varlığın malik olduğu naqislik, feyzin əsirgənilməsi səbəbindən deyil, həmin varlığın tutumunun naqisliyinə görə olduğu üçün bu, zülm və ayrı-seçkilik sayılmır. Bu işlərdən tutumsuzluq və istedadların naqisliyinə bağlı olmayan şey insanın ixtiyar, məsuliyyət və iradəsi dairəsində olanlardır və insan muxtar, azad və özü və cəmiyyəti qurmaq məsuliyyəti daşıyan bir varlıq olduğu üçün, onları quraraq boşluqları doldurmalıdır. İnsanın «Allahın xəlifəsi» olmasının cəhətlərindən biri də budur. İnsanın belə yaradılması və bu cür məsuliyyət daşıması da ən yaxşı quruluş layihəsinin bir hissəsidir. Amma mövcud olan və öz-özlüyündə xeyir, başqaları üçün isə şər olan şərlərin pislikləri, dediyimiz kimi nisbi olduğu üçün onların həqiqi vücudlarının ayrılmaz zərurətlərindəndir və bu, onların xeyirli cəhətlərindən ayrılmazdır.
Burada əvvəlki söhbətlərimizə artırılması zəruri olan digər bir mətləb də var və o, dünyanın müxtəlif hissələrinin «əndamvariliyi» prinsipidir. Dünya parçalanmaz bir quruluşa malikdir.
Fəlsəfi və elmi dünya görüşlərində olan mühüm məsələlərdən biri, dünya hissələrinin bir-birləri ilə əlaqə və bağlılıq baxımından necəliyidir. Dünyanın müxtəlif hissələri bir-birləri ilə necə əlaqədədir və onlar bir-birləri ilə necə bağlanıblar? Görəsən onların əlaqə və bağlılıqları bir sıra pərakəndə işlər kimidir? Dünyanın bir hissəsinin olmaması və ya onun varlıqlarının bir hissəsinin məhv olaraq yoxa çıxması dünyanın digər hissələri baxımından mümkündürmü? Yoxsa, dünyanın bütün hissələri bir-birlərinə bir növ bağlıdırlar?
Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildində bu barədə söhbət etmişik. Burada ancaq bunu deyirəm ki, həmin məsələ fəlsəfə tarixinin ən qədim zamanlarından diqqət mərkəzində olub və Ərəstu dünyanın «əndamvari birliyi» nəzəriyyəsinin tərəfdarıdır. Bu məsələ İslam dünyasında da həmişə təsdiqlənib. Səfəvilər dövrünün məşhur arif və filosofu Mirfendriski şer dili ilə belə deyib:
Həqq can cəhanəst to cəhan həmçu bədən
Əsnafe məlaek çu qovayi intən
Əflako ənasero məvalide əza
Tohid həmin əsto degərha həme fənn
|
Mənası: Haqq dünyanın ruhudur və dünya bədən kimidir; mələklər, fələklər, ünsürlər, varlıqlar və bədən üzvləri bu dünyanın qüvvələridir; tövhid də bu deməkdir və qalan hər bir şey puçdur.
Məşhur Alman filosofu Hegel öz fəlsəfəsində bu məsələyə diqqət edib. Hegel fəlsəfə və məntiqindən çox təsirlənmiş Marks və Engelsin materialist fəlsəfəsi isə bu məsələni «qarşılıqlı təsir prinsipi» adı ilə qəbul edib.
Biz indi geniş surətdə, həmin bəhsə daxil ola bilmərik. Əlbəttə bunu da qeyd etmək lazımdır ki, dünyanın müxtəlif hissələri arasında əndamvari əlaqə və bağlılıq barəsində söhbət edənlərin hamısı eyni səviyyədə bəhs etməyiblər.
Həmin məsələdən məqsədimiz dünyanın parçalanmaz və ayrılmaz bir quruluşa malik olmasıdır. Yəni dünyanın varlıqları arasındakı əlaqəni, onun bəzi hissələrini aradan götürərək digər hissələrin saxlamaq fərz edilməsi mümkün olan şəkildə deyil. Onun bir hissəsinin saxlanılması hamısının saxlanılması demək olduğu kimi, bəzi hissələrinin aradan götürülməsi də hamısının aradan götürülməsi deməkdir.
Buna görə də təkcə yoxluqlar varlıqlardan və nisbi varlıqlar həqiqi varlıqlardan deyil, hətta həqiqi varlıqlar da bir-birlərindən ayrılmazdırlar. Deməli, şərlər yuxarıda dediyimiz iki cəhətdən əlavə və həmin iki cəhəti nəzərə almadan da xeyirdən ayrılmazdır. Hafizin dili ilə desək, «Mustafanın çırağı» ilə «Əbu Ləhəbin pisliyi» bir birinin kənarındadır.
Dər in çəmən qole bi xar kəs nə çid ari
Çerağe musətəfəvi ba şərare buləhəbist
|
Mənası: Bu çəməndə heç kəs tikansız gül dərməyib; bəli, Mustafanın çırağı Əbu Ləhəbin pisliyi ilədir (yəni yaxşı ilə pis bir-birindən ayrılmazdır).
O, aşağıdakı şerində də dünya varlıqlarının bir-birlərindən ayrılmazlıqlarına işarə edib.
Dər karxaneye eşq əz kofr naqozirəst
Atəş kera be suzəd gər bu ləhəb nə başəd
|
Mənası: Eşq məktəbində küfrün olması, qarşısıalınmazdır (yəni nə qədər ki, dünya var, pislik də olmalıdır); Əbu Ləhəb olmasa atəş, kimi yandırar.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri