Dualizm məsələsi
Dualizm nəzəriyyəsi və onun tərəfdarlarının iradlarının əsası, bundan əvvəl işarə etdiyimiz kimi «varlıqlar öz zatlarında iki cür, yəni yaxşı və pis olduqları üçün onların hər biri, bir mənbədən yaranmalı, pislik və yaxşılıqların hər biri digərindən ayrı yaradıcıya aid olmalıdır» məsələsidir. Dualizm fikri tərəfdarları əslində, Allahı pisliklərdən uzaqlaşdırmaq istəyiblər, lakin bu əqidələri ilə Ona şərik qoşmaq kimi üzdəniraq etiqadlara düçar olublar. Dünyanı yaxşı və pis olan iki hissəyə bölən, pislikləri artıq və hətta ziyanlı sayan və onları təbii olaraq Allahdan deyil, Onun müqabilində olan bir qüvvədən bilən dualizm nəzəriyyəsində Allah-taala yaxşı niyyətdə olan, amma aciz və bacarıqsız bir qüvvə kimidir ki, mövcud vəziyyətdən əzab çəkir və ona razı deyil, lakin özünün şər, eqoist və Onun istəklərinin əksinə olaraq fəsad və pis işlər görən rəqibi müqabilində yerləşib.
Onlar Allahın sonsuz qüdrət və tam iradəsi inamını və Onun rəqibsiz qəza-qədərini Onun həkim, adil və xeyir olması ilə bir yerdə qoruya bilməyiblər.
Amma İslam əqidəsi, Allahı hər iki vücudun mənşəyi, sonsuz mərhəmət və ali hikmətə malik hesab etməsi ilə yanaşı, Onun güclü iradə və müqavimətsiz qüdrətinə heç bir xələl gətirmir və hər şeyi, hətta şeytanı və onun azdıraraq yoldan çıxarmasını da Ona nisbət verir.
Şərlər məsələsi İslam baxımından başqa cür həll edilir. İslamda deyilir ki, dünya işlərinin bir baxışda yaxşı və pis qismlərə bölünməsinə baxmayaraq, digər bir baxışda yaradılış aləmində heç bir pislik müşahidə edilmir, hər bir şey xeyir sanılır, mövcud quruluş ən gözəl quruluş hesab edilir və ondan yaxşısının olmasının mümkünlüyü təsəvvür edilmir.
Şərlər məsələsinə bu cür cavab verilməsi, varlıq və yoxluq məsələsinə dərindən diqqət edilən xüsusi bir fəlsəfəyə əsaslanır. Bu fəlsəfənin «dualizmə» verdiyi cavab budur ki, şərlər, yaradan və yaradılış mənşəyinə ehtiyacı olan həqiqi və gerçək varlıqlar deyildir. Bu məsələni şərlərin yoxluq olmaları və şərlərin nisbilik başlıqları ilə izah etmək olar. Bu iki mətləbin izahı ilə varlıqda dualizm iradı tamamilə həll olaraq aradan qalxacaq.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri