Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmamət barəsində iki nəzəriyyə
Şiə alimlərinin nəzərincə, xilafət Allah tərəfindən islam cəmiyyətinin ən ləyaqətli və ən bilikli şəxsinə verilən ilahi bir mənsəbdir. Peyğəmbərlə Imam arasında olan aydın fərq budur ki, Peyğəmbər şəriətin əsasını qoyan, vəhyin nazil olduğu şəxsdir, həm də kitab sahibidir. Imam bu işlərdən heç birinə malik olmasına baxmayaraq, hökumət işləri və rəhbərlikdən başqa, Peyğəmbərin fürsətinin olmaması və ya şəraitin qeyri-münasib olması səbəbi ilə bəyan etməyə müvvəffəq olmadığı və öz canişininin öhdəsinə qoyduğu dini məsələləri ümmət üçün bəyan edib aydınlaşdırır. Buna görə şiələrin nöqteyi-nəzərindən xəlifə yalnız dövrün hakimi, dinin rəhbəri, qanunların icraçısı, hüquqları qoruyub bərpa edən və ölkə sərhədlərinin keşikçisi deyil, o həm də müəmmalı və çətin dini məsələləri aydınlaşdıran, dinin banisi tərəfindən–müəyyən səbəblərə görə–bəyan olunmayan hökmləri və qanunları təkmilləşdirən şəxsdir.
Amma sünnü alimlərinin nəzərincə, xilafət camaat tərəfindəndir və həm də çox adi bir mənsəbdir. Bu məqamın (xilafətin) məqsədi zahiri hökuməti və müsəlmanların maddi işlərini qoruyub hifz etməkdən başqa bir şey deyildir. Dövrün xəlifəsi ümumxalq kütləsinin rəyinə əsasən və siyasi, məhkəmə və iqtisadi işləri idarə etmək üçün seçilir. Amma başqa işlər, eləcə də Peyğəmbər (s)-in dövründə bəzi səbəblərə görə geniş şəkildə bəyan olunmayan hökmlər islam alimlərinə aiddir, onlar da bu cür çətinlikləri ictihad (öz rəylərinə istinad etmək) yolu ilə həll edirlər.
Xilafətin həqiqi mənası barəsində mövcud olan bu iki müxtəlif nəzər əsasında müsəlmanların arasında iki müxtəlif cinah yarandı, onlar iki dəstəyə bölündülər. Bu ixtilaflar indiyə kimi qalmaqdadır. Birinci nəzəriyyəyə əsasən, Imam bəzi işlərdə Peyğəmbərlə şərikdir, Peyğəmbər üçün lazım olan şərtlər Əmam üçün də lazımdır. Bu şərtlər aşağıdakılardır:
1) Peyğəmbər məsum (pak) olmalıdır. Yəni bütün ömrü boyu günah iş görməməli, dini hökmləri və həqiqətləri bəyan etməkdə, camaatın dini və etiqadi suallarına cavab verməkdə səhvə və xətaya düçar olmamalıdır. Imam da belə olmalıdır. Hər iki müddəanın da dəlili eynidir.
2) Peyğəmbər din və şəriətdə ən bilikli şəxs olmalı və dini məsələlərdən heç biri onun üçün məchul qalmamalıdır. Imam da Peyğəmbər zamanında bəyan olunmayan şəriət məsələlərini bəyan və təkmil edən şəxs olduğu üçün dini hökmlərdə və məsələlərdə ən bilikli şəxs olmalıdır.
3) Nübüvvət seçki yolu ilə yox, nəsb yolu ilə–yəni, Allah tərəfindən təyin olunmaqla–olmalıdır. Peyğəmbəri Allah caamata tanıtmalıdır və məhz Onun tərəfindən peyğəmbərliyə təyin olunmalıdır. Camaat arasında da yalnız peyğəmbərdir ki, məsumu qeyri-məsumdan seçir, qeybi inayətlər sayəsində elə bir məqama çatır ki, dinin bütün incəliklərinə vaqif olan şəxsi tanıyır. Bu üç məsələ Peyğəmbər barəsində şərt olduğu qədər onun canişini olan Imamda da şərtdir.
Amma ikinci nəzəriyyəyə əsasən, nübüvvətin ismət, ədalət, elm, şəriətə tam agahlıq, Allah tərəfindən təyin olunma qeyb aləmi ilə əlaqə və s. kimi şərtlərin heç biri imamətdə lazım deyil. Əgər öz ağlına istinad etmək və başqa müsəlmanlarla müşavirə aparmaq sayəsində islamın şan-şöhrətini və əzəmətini qorusa, ümmət içərisində cəza tədbirlərini icra etməklə əmin-amanlığı bərqərar etsə və cihad vasitəsilə islam ərazilərini genişləndirsə, elə bunlar onun xəlifə olmasına kifayətdir.
Indi biz imamətin Allah tərəfindən təyin olunan bir məqammı, yoxsa seçki yolu ilə olan bir məqam olmasını, eləcə də peyğəmbərin öz canişinini şəxsən təyin etməsinin zəruri olmasını yoxsa cəmiyyətin öhdəsinə qoymalı olmasını bir sıra ictimai hesablamalarla araşdıracağıq, əziz oxucular görəcəklər ki, Peyğəmbər (s) zamanının ictimai, mədəni və xüsusilə siyasi şəraiti Peyğəmbər (s)-in öz sağlığında canişinlik müşkülünü həll etməsini və bu məsələni cəmiyyətin ixtiyarına qoymamasını tələb edirdi. Şəkk yoxdur ki, islam dini ümumbəşəri və axırıncı dindir. Peyğəmbər (s) həyatda olduğu müddət ərzində ümmətə rəhbərlik etmək onun öhdəsində idi. Onun vəfatından sonra isə rəhbərlik məqamı hökmən cəmiyyətin ən ləyaqətli şəxsinə tapşırılmalı idi.
Peyğəmbər (s)-dən sonra rəhbərlik məqamının seçki ilə, yoxsa təyin edilməklə olması barədə iki nəzəriyyə mövcuddur: Şiələrin etiqadına əsasən ümmətə rəhbərlik Allah tərəfindən təyin olunan bir məqamdır və Peyğəmbərin canişini hökmən Allah tərəfindən təyin olunmalıdır. Halbuki sünnülərin etiqadına görə bu məqam seçki yolu ilə olmalıdır və ümmət gərək Peyğəmbərdən sonra ölkə işlərini idarə etmək üçün bir nəfəri seçsin. Hər iki nəzəriyyə tərəfdarları öz müddəalarının isbatı üçün müxtəlif dəlillər gətirmişlər. (Bu dəlillər əqaid kitablarında qeyd olunmuşdur.) Burada araşdırılmalı olan əsas məsələ risalət əsrinə hakim olan şəraitin təhlil olunmasıdır. Bu da öz növbəsində iki nəzəriyyədən birini isbat edə bilər. Risalət əsrində islamın daxili və xarici siyasəti Peyğəmbər (s)-in canişininin Allah tərəfindən və məhz Peyğəmbərin özünün vasitəsi ilə təyin olunmasını tələb edirdi. Çünki islam cəmiyyəti həmişə ciddi bir xətərlə, yəni xaricdən Roma və Iran imperiyaları, eləcə də daxildəki münafiqlər tərəfindən müharibə, fəsad və anarxiya törənməklə təhdid olunurdu. Həmçinin, ümmətin mənafeyi də bunu tələb edirdi ki, Peyğəmbər (s) siyasi bir rəhbər təyin etməklə bütün cəmiyyəti xarici düşmənlər qarşısında vahid bir cəbhədə birləşdirsin və daxili ixtilafların da ona kömək etdiyi düşmənin nüfuz edib hakim olması zəminini aradan qaldırsın.
Bu təhlükəli üçbucağın bir tərəfini yarımadanın şimalında yerləşən Roma imperatorluğu təşkil edirdi və Peyğəmbər bu barədə həmişə nigaran idi. Roma barədə fikirlər ölüm anlarına qədər onun fikrindən çıxmadı. Müsəlmanlar ilk dəfə hicrətin səkkizinci ilində Fələstin diyarında məsihi dinindən olan Roma ordusu ilə qarşılaşdılar. Bu hərbi toqquşma Cəfər Təyyar, Zeyd ibni Harisə və Əbdüllah ibni Fəvahə kimi islamın üç böyük sərkərdəsinin şəhid olması və islam qoşununun məğlubiyyəti ilə nəticələndi. Islam qoşununun geri çəkilməsi Qeysər ordusunun cürətlənməsinə səbəb oldu. Təzə qurulmuş islam dövlətinin paytaxtının hər an hücuma məruz qalması gözlənilirdi. Buna görə də hicrətin doqquzuncu ilində Peyğəmbər (s) böyük bir ordu ilə Şam sərhədlərinə doğru hərəkət etdi ki, hər növ hərbi toqquşmalarda özü şəxsən qoşuna rəhbərlik etsin. Başdan-başa əzab-əziyyətlə dolu olan bu səfərdə islam ordusu öz qədimki heysiyyətini yenidən tapıb siyasi həyatını yeniləşdirə bildi. Amma bu nisbi qələbə Peyğəmbəri qane etmədi. Odur ki, öz xəstəliyindən bir neçə gün qabaq islam ordusunun Üsamə ibni Zeydin sərkərdəliyi ilə Şam sərhədlərinə gedib döyüşə hazır olmağını əmr etdi. Üçbucağın ikinci tərəfi Iran imperatorluğu idi. Iran şahı Xosrov qəzəbin şiddətindən Peyğəmbər (s)-in göndərdiyi məktubu cırmış, onun göndərdiyi şəxsi təhqir edərək saraydan və hətta ölkədən qovmuş, Yəmənin valisinə yazmışdı ki, Peyğəmbəri tutsun, imtina edəcəyi təqdirdə onu öldürsün.
Xosrov Pərvizin Peyğəmbər (s) zamanında ölməsinə baxmayaraq, uzun illər Iranın müstəmləkəsi olan Yəmənin istiqlaliyyət məsələsi Xosrov sülaləsinin gözündən yayınmırdı. Təkəbbür və lovğalıq Iran siyasətçilərinə belə bir qüdrətli dövlətin varlığını qəbul etməyə icazə vermirdi. Üçüncü təhlükə münafiqlər tərəfindən gözlənilən təhlükə idi. Onlar müsəlmanlar arasında həmişə "casus" kimi çalışırdılar. Hətta Peyğəmbərə Təbuk-Mədinə yolunda sui-qəsd də hazırlamışdılar. Onlardan bəziləri öz aralarında deyirdilər ki, Peyğəmbərin ölməsi ilə islam hərəkatı sona yetəcək və hamılıqla rahat olacaqlar.
Peyğəmbər (s)-in vəfatından sonra Əbu Süfyan hiyləyə əl atdı. O, Əli (ə)-la beyət etməklə müsəlmanları bir-birinə düşmən olan iki cinaha parçalamaq, "suyu bulandırıb balıq tutmaq" istəmişdi. Amma Əli (ə) Əbu-Süfyanın çirkin niyyətindən xəbərdar olduğu üçün onun sözünü rədd edib buyurdu: "Allaha and olsun, sənin fitnə-fəsad salmaqdan başqa bir məqsədin yoxdur! Fitnə odunu şölələndirmək sənin təkcə bu günkü işin deyil, əksinə, dəfələrlə şər (ictişaş) yaratmaq istəmisən. Bil ki, mənim sənə ehtiyacım yoxdur."
Münafiqlərin təxribatçılıq qüdrətləri çox güclü idi, belə ki, "Ali-Imran", "Nisa", "Maidə", "Ənfal", "Tövbə", "Ənkəbut", "Əhzab", "Məhəmməd" (s), "Fəth", "Mücadilə", "Hədi d", "Munafiqun" və "Həşr" surələrində bu barədə çoxlu mətləblər qeyd olunmuşdur. Görəsən, islamın pusqusunda durmuş bu cür qüvvəli düşmənlərin varlığı ilə belə, Peyğəmbərin özündən sonra yenicə əsası qoyulmuş islam cəmiyyəti üçün dini, siyasi və s. rəhbər təyin etməməsi düzgün və məntiqli bir iş olardımı?
Ictimai hesablamalar aşkar şəkildə göstərir ki, Peyğəmbər rəhbər təyin etməklə özündən sonra hər növ ixtilafın yaranmasının qarşısını almalı, möhkəm və davamlı bir müdafiə xətti yaratmaqla iman vəhdətini təmin etməli idi. Hər cür xoşagəlməz hadisənin, həmçinin Peyğəmbərin vəfatından sonra hər dəstənin "əmir bizdən olmalıdır"–deməyinin qarşısını almaq layiqli bir rəhbər təyin etməkdən başqa bir yolla mümkün deyildi. Bu ictimai hesablama bizə "Peyğəmbərin özündən sonra rəhbər təyin etməsinin vacibliyi" nəzəriyyəsinin tam düzgün olmasını göstərir. Bəlkə də Peyğəmbər məhz bu və digər səbəblərə görə, besətin ilk günlərindən həyatının son anlarına qədər dəfələrlə canişinlik məsələsindən söhbət açmış, öz canişinini–həm risalətin əvvəlində, həm də axırında–təyin etmişdir. Indi isə bunun hər iki qismini bəyan edirik.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |