Sadə bir təhlil şərlər mahiyyətinin yoxluq olmasını, yəni, onların hamısının yoxluq qismindən olmalarını göstərir. Bu mətləbin uzaq keçmişi var. Onun kökləri qədim Yunanıstandandır. Fəlsəfi kitablarda həmin fikri qədim Yunanıstana, xüsusilə Əflatuna nisbət verirlər. Amma müasir alimlər onu daha yaxşı təhlil ediblər. Biz həmin mətləbi düzgün və əsaslı hesab etdiyimiz üçün, bu kitabın həcminə münasib olan qədər onu araşdıracağıq. Burada oxuculardan mətləblərin ağırlığına görə əvvəlcədən üzr istəyir, onların bir az səbirli olaraq məqsədimi dərk etməyə çalışmalarını arzu edirəm. Məncə bu məsələ, diqqət etmək dəyərinə malik bir məsələdir. Əlbəttə imkan daxilində məsələnin bəyanını asanlaşdırmağa çalışacağam.
«Şər yoxluqdur» deyənlərin məqsədi, şər adlı şeylərin mövcud olmaması demək deyildir ki, həmin məsələnin zərurətə zidd olması və bizim hiss və gözümüzlə korluq, karlıq, xəstəlik, zülm, haqsızlıq, nadanlıq, acizlik, ölüm, zəlzələ və sairənin olmasını duyaraq gördüyümüz kimi başa düşülsün. Onların nə mövcudluğunu və nə də şər olmalarını inkar etmək olmaz. Həmçinin, məqsəd «şər yoxluq olduğu üçün mövcud deyil və o, mövcud olmadığı və insanın vəzifəsi pisliklər və pislərlə mübarizə aparmaq və yaxşılıqları əldə edərək onları təsdiqləmək olduğu üçün o, heç bir məsuliyyət daşımır, çünki hər bir vəziyyət pis deyil, yaxşı olduğu üçün həmişə mövcud vəziyyətlə razılaşmaq və hətta onu ən yaxşı vəziyyət hesab etmək lazımdır» demək mənasında da deyildir.
Hökm çıxarmaqda tələsməyin. Biz nə korluq, karlıq, zülm, haqsızlıq, yoxsulluq, xəstəlik və sairənin olmamasını və nə də onların şər olmasını inkar etmək istəyirik. Həmçinin insanların məsuliyyətlərini əllərindən almaq və onların dünyanın dəyişdirilməsi və cəmiyyətin təkmilləşdirilməsindəki rollarını nəzərdən qaçırmaq da istəmirik. Dünyanın, xüsusilə insanın təkamülə əsaslanması və insanın öhdəsinə qoyulan şeyləri yerbəyer etmək vəzifəsi dünyanın gözəl quruluşunun bir hissəsidir. Deməli, bu məsələlərdə heç bir sözümüz yoxdur. Məsələ burasındadır ki, onların hamısı «yoxluq» qismindən və vücudları da «çatışmamazlıq» və «boşluqlar» qəbilindəndir. Onlar ya özləri yoxluq, çatışmamazlıq, dağıdıcı və boşluq olduqları, yaxud da həmin şeylərin mənşələri olduqları üçün şərdirlər. İnsanın dünyanın zəruri təkamül quruluşundakı vəzifəsi çatışmazlıqları düzəltmək, boşluqların yerini doldurmaq və bu boşluq və çatışmazlıqların köklərini kəsməkdir.
Bu təhlil qəbul edilərsə, birinci mərhələyə çatmış oluruq. Onun təsiri budur ki, o, bizim zehnimizdən «Şərləri kim yaradıb? Nə üçün bəzi varlıqlar xeyir, bəziləri isə şərdirlər?» suallarını çıxarır və şərlərin varlıq deyil, boşluq və yoxluq qismindən olmasını aydınlaşdırır və habelə varlığın iki qollu və hətta iki köklü olmasını iddia edən «dualizm» fikrinin yaranma şəraitini zehnimizdən uzaqlaşdırır.
Amma hələ ki, ilahi ədalət və ali hikmət baxımından digər mərhələlər qalıb və bu mərhələ qurtardıqdan sonra onlara keçməliyik.
Dünyada yaxşılıq və pisliklər, məsələn cansız əşyalar bitkilərdən, bitkilər isə heyvanlardan ayrı olduqları və hər biri özünəməxsus mövqedə dayandıqları kimi, bir-birlərindən ayrı və seçilən iki qrup da deyildirlər. Bizim, pis şeylərin mahiyyətləri pislikdən təşkil edilmiş müəyyən bir qrup olmaları və onlarda heç bir yaxşılığın olmamasını, yaxşıların da öz növbələrində ayrı və fərqli bir qrup olmalarını fikirləşməyimiz səhvdir. Bəli, yaxşılıq və pisliklər bir-birlərinə qarışmış və bir-birlərindən ayrılmaz şeylərdirlər. Təbiətdə yaxşılıq olan yerdə pislik, pislik olan yerdə isə yaxşılıq vardır. Təbiət aləmində pislə yaxşı bir-birinə elə qarışıb ki, sanki onlar mürəkkəb bir şey əmələ gətiriblər. Lakin onların tərkibə girmələri kimyəvi birləşmə kimi deyil, varlıq və yoxluq növündən olan daha dərin və incə bir tərkibdir.
Varlıqla yoxluq xaricdə bir-birindən ayrı iki qrup deyildirlər. Yoxluq puçluqdur və o, varlığın müqabilində xüsusi bir yerə malik ola bilməz. Lakin qüvvə və əməl, hərəkət və təkamül, ziddiyyət və maneçilik dünyası olan təbiət aləmində, varlıqlar olan yerdə yoxluqlar da gerçəkləşir. Biz korluqdan danışanda onun kor adamın gözündə olan xüsusi bir şey və xarici gerçəklik olmasını fikirləşməməliyik. Xeyir, korluq «görmə» qabiliyyətinin olmamasıdır və o, xüsusi bir gerçəkliyə malik deyil.
Yaxşılıq və pislik də varlıq və yoxluq kimidir və bəlkə yaxşılıq varlığın, pislik isə yoxluğun eynidir. Harda pislikdən danışılırsa, orada mütləq bir yoxluq və çatışmamazlıq vardır. Pislik ya özü yoxluq növündəndir, ya da ki, bir növ yoxluğa səbəb olan, yəni öz-özlüyündə yaxşı, amma bir yoxluğa səbəb olduğu üçün pis sayılan varlıqdır və onun pisliyi başqa cəhətdən deyil, yalnız yoxluğa səbəb olması cəhətindəndir. Biz nadanlıq, yoxsulluq, ölüm və sairəni pis bilirik. Bunlar zati baxımdan yoxluqdurlar. Biz yırtıcı və vəhşi heyvanlar, mikrob və bəlaları da pis adlandırırıq. Lakin onlar zati baxımdan deyil, yoxluğa səbəb olan varlıqlardır.
Nadanlıq elmin olmaması və yoxluğu deməkdir. Elm bir gerçəklik və həqiqi kamaldır. Amma cəhalət və nadanlıq gerçəklik deyil. Bizim biri haqqında nadan və elmsiz deməyimiz, həmin şəxsin elmsizlik adlı xüsusi bir sifətə malik olması, alimlərin isə həmin sifətə malik olmamaları demək deyil. Alimlər elm öyrənməmişdən qabaq nadandırlar. Onlar elm öyrəndikdən sonra nəinki, bir şeyi əldən vermirlər, hətta başqa bir şey də əldə edirlər. Əgər nadanlıq həqiqi gerçəklik olsaydı, elm öyrənmək nadanlığın əldən verilməsinə səbəb olduğu üçün, o da cismin bir forma və keyfiyyətini əldən verərək digər bir forma və keyfiyyət əldə etməsi kimi bir sifətin digər bir sifətə çevrilməsi olardı.
Yoxsulluq da bir şeyin olması və varlılıq deyil, heç nəyə malik olmamaq deməkdir. Yoxsul, öz növbəsində yoxsulluq adlı bir şeyə malik olana deyil, sərvət adlı şeyə malik olmayan şəxsə deyilir. Yəni o da varlı şəxs kimi deyil və onun haqqında məsələn «o da bir şeyə malikdir və onunla varlı arasındakı fərq, varlının sərvətə, onun isə yoxsulluğa malik olmasıdır» demək olmaz.
Ölüm də bir şey əldə etmək deyil, bir şeyi əldən vermək deməkdir. Çünki, canlılıq və həyat sifətini əldən verən və cansız bir şeyə çevrilən cism, tərəqqi deyil, tənəzzülə uğrayıb.
Lakin yırtıcı və vəhşi heyvanlar, mikroblar, sellər, zəlzələlər və bəlalar ölümə və ya bir üzvün əldən verilməsinə səbəb olduqları və ya istedadların kamilliyə çatmalarına mane olduqları üçün pisdirlər. Əgər yırtıcılar ölüm və ya xəstəliyə səbəb olmasaydılar, pis olmazdılar. Həmçinin əgər bitgilərə zərər vuran ziyanvericilər, ağaclar və ya meyvələrin məhv olmasına səbəb olmasaydılar, şər hesab edilməzdilər. Sel və zəlzələlər insan tələfatına və ya maddi ziyanlara səbəb olmasaydılar, pis olmazdılar. Pislik həmin tələfat və ziyanlardadır. Biz yırtıcı heyvanı onun xüsusi mahiyyətinə görə deyil, başqasının həyatını əlindən aldığı üçün pis adlandırırıq. Əslində zati cəhətdən pis olan, həyatın əldən verilməsidir. Əgər yırtıcı mövcud olsa, lakin yırtıcılıq etməsə, yəni kiminsə həyatını əlindən almasa pis sayılmayacaq. O, mövcud olaraq başqasının həyatını əlindən alanda pis olur.
Səbəb-nəticə qanunu baxımından, adətən mikrob, sel, zəlzələ, müharibə və bu kimi ikinci qism pisliklərin səbəbi həqiqi yoxluqlar, yəni yoxsulluq, nadanlıq və bu qism işlərdir. Belə ki, onlar yoxluqların mənşəyi olduqları üçün pisdirlər.
Biz bu növ pisliklərlə mübarizə aparmaq üçün əvvəlcə birinci qism pisliklərlə mübarizə aparmalı və nadanlıq, acizlik, yoxsulluq kimi boşluqları doldurmalıyıq ki, onlar ikinci qism pisliklərə yol tapa bilməsinlər.
Bu məsələ əxlaqi işlər və çirkin sifətlər barəsində də eynidir. Zalım məzlumun haqqını tapdadığı üçün pisdir. Haqq hər hansı bir varlığın müəyyən bir şeyi əldə etmək haqqına malik olduğu və almalı olduğu şeydir. Məsələn, elm insan istedadının tələb etdiyi və ona tərəf irəlilədiyi bir kamaldır və buna görə də insan, onu əldə etmək haqqına malikdir. Əgər birindən elm öyrənməsi haqqını alsalar və ona elm öyrənmək icazəsi verməsələr, bu zülm və pis bir işdir. Çünki, həmin iş insanın kamala çatmasına maneçilik törədir və onun kamal əldə edə bilməməsinə səbəb olur. Həmçinin zülm, zalım şəxsin özü üçün də pisdir, çünki, o, həmin şəxsin ali istedadları ilə ziddiyyətdədir. Əgər zalımın qəzəb qüvvəsindən başqa üstün bir qüvvəsi olmasaydı, zülm etmək onun üçün pis sayılmaz, hətta məna verməzdi.
Beləliklə, pisliklərin hamısının yoxluq növündən olmasını bildikdən sonra «dualizm» məsələsi iradının cavabı aydınlaşır. Dualizmin iradı belə idi ki, dünyada iki növ varlıq olduğu üçün onun iki mənşə və yaradanı olmalıdır.
Həmin iradın cavabı budur ki, dünyada yalnız bir növ varlıq var və o, yaxşılıqlardır. Pisliklərin hamısı yoxluqlar qismindəndir və yoxluqlar varlıq deyildirlər. Yoxluq «yaratmaqdan» deyil, «yaratmamaqdan»dır. Dünyada iki yaradanın – biri varlıqların, digəri isə yoxluqların yaradanı olmasını demək olmaz. Varlıqla yoxluğun misalı günəşlə kölgə kimidir. Biz günəşin qabağından bir şey asanda həmin səbəbdən gün düşmədiyi üçün qaranlıq qalan yeri kölgə adlandırırıq. Kölgə nədir? Kölgə qaranlıq və zülmətdir, zülmət isə nurun olmamasından başqa bir şey deyildir. Biz «nur günəşin dünyanı işıqlandıran gövdəsindən saçır» deyəndə, kölgənin haradan saçdığını və zülmətin mənbəyinin hara olmasını soruşmamalıyıq. Kölgə və zülmət heç nədən saçmır və onların özlərinin müstəqil mənbələri yoxdur.
Filosofların «şərlər zati deyil, ərəzi və aksidensal şeylərdir» cümlələrinin mənası da budur.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri