Ədalət və hikmət
Bundan əvvəl qeyd etdik ki, Allah sifətləri içərisində, tutulan iradlar baxımından bir-birinə yaxın olan iki sifət ədalət və hikmətdir.
Allahın ədalətli olmasından məqsəd budur ki O, heç bir varlığın layiq olduğu haqqı ondan əsirgəmir və hamıya layiq olduğunu verir. Həkim olmasından məqsəd isə, məxluqatın ən gözəl və yaxşı şəkildə xəlq edilməsidir. Xacə Nəsrəddin Tusi deyir:
Cozhokm həqqi ke hokmra şayəd nist
Hokme ki ze hokme həqq fuzun ayəd nist
Hər çize ke həst, an çenan mibayəd
An çize ke an çenan nə mibayəd nist
|
Mənası: Haqqın hökmündən başqa heç bir hökm, hökm olmağa layiq deyil; Haqqın hökmündən üstün hökm yoxdur; hər nə varsa, elə həmin cür olmalıdır; elə olmamalı bir şey yoxdur.
Allah-taalanın hikmət və lütfünün lazımı nəticəsi dünya və varlığın hədəf və mənaya malik olmasıdır. Yaranan hər bir şey öz-özlüyündə xeyirdir və ya xeyirə çatmaq üçün vasitədir.
«Hikmət» alimlik və iradəliyin xüsusiyyətlərindən və dünya üçün son illətin olmasının nişanələrindəndir. Amma «ədalət»in elm və iradə sifətləri ilə heç bir əlaqəsi yoxdur. Ədalət, dediyimiz mənada Allahın failliyinin xüsusiyyətlərindən, yəni Onun zati deyil, əməli sifətlərindəndir.
Allahın ədalət və hikmətinin müştərək iradı bədbəxtliklər, başqa ibarətlə desək, dünyada şərlərin olmasıdır. «Şərlər» məsələsini «zülm» adı altında ilahi ədalətə irad saymaq və Həmçinin «hədəfsiz işlər» adı ilə Allah-taalanın ali hikmətinə nöqsan kimi qiymətləndirmək mümkündür. Buna görə də o, materializmə yönəlmənin səbəblərindən biri sayılır. Məsələn, biz canlı varlıqların təhlükələr qarşısında özünü qorumaq xüsusiyyətinə malik olmalarını ilahi hikmətin dəlili kimi qiymətləndirəndə, dərhal ortaya belə bir sual çıxır: Ümumiyyətlə nə üçün təhlükə var ki, bizim də müdafiə və qoruyucu xarakterli sistemlərə ehtiyacımız olsun? Nə üçün ziyanverici virus və mikroblar var ki, onlarla mübarizə aparmaq da lazım gəlsin? Nə üçün yırtıcı heyvan var ki, qaçan ayaq, buynuz və ya digər vasitələrə ehtiyac olsun? Heyvanlar aləmində bir tərəfdən zəif və ovlanan heyvanlarda qorxu hissi var, digər tərəfdən isə güclü və ov edən heyvanlarda yırtıcılıq xüsusiyyəti mövcuddur. İnsan üçün belə bir sual yaranır ki, nə üçün hücum və təcavüz amili var ki, şüur və hesabla qoruyuculuq sisteminin yaranmasına ehtiyac da olmuş olsun?
Həllinin dəqiq araşdırmalara ehtiyacı olan bu iradlar qorxulu burulğan kimi özündə bir çox qrupları boğaraq məhv edib. Burada belə demək lazımdır:
Dər in vərte kəşti füru şod hezar
Ke naməd əz u təxteyi dər kənar.
|
Mənası: Bu burulğanda minlərlə gəmilər batıb ki, sahilə onların bir taxtaları belə gəlib çıxmayıb.
Materialist dualizmi və bədbinlik fəlsəfələri adətən bu qorxunc şübhələr burulğanında yaranıb.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri