» » Bizim ən böyük çətinliyimiz


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bizim ən böyük çətinliyimiz
    0
    Müəllif: Elya | 5-07-2017, 12:00 | Baxılıb: 1 007

     

     

    Bizim ən böyük çətinliyimiz

     

    Bizim ən böyük çətinliyimiz budur ki, təkcə elmi əsas kimi qəbul edir, onu öyrənməyi də əməl hesab edirik. Din alimi olduğumuzdan, işimiz dini işlərlə məşğuliyyətdən ibarət olduğundan hər bir müsbət şeyin özümüzdə təcəssüm etdiyini təsəvvür edirik. Nəfsin paklaşdırılmasından, aludəliklərdən təmizlənməsindən, yaxşı və pis əxlaqdan danışıb şərh etdiyimiz, əxlaq dərsi oxuduğumuz, yaxud dediyimiz, yaxud əxlaqi kitab yazdığımız üçün özümüzü hər bir şeydən uzaq, pak və bütün gözəl əxlaqlara malik olan şəxs təsəvvür edirik. Yalan, qeybət, söz gəzdirmək, kobudluq, həsəd, bədəxasiyyət, zülm, vədəyə xilaf çıxmaq, təkəbbür, özünü istəmək, həvayi-nəfsə pərəstiş etmək və sair kimi çirkin sifətləri məzəmmət etdiyimizdən özümüzü onlardan pak-pakizə hesab edirik. İrfan dərsi oxuduğumuzdan və ya dediyimizdən, nəfsani seyri-süluk məqamlarını şərh etdiyimizdən, «riza», «təvəkkül», «zikr», «üns», «kəşf», «şühud», «fəna» məqamlarından danışdığımızdan, «cəbərut», «mələkut», «nasut» və s. kimi sözləri dilimizə gətirdiyimizdən, ariflərin tərcümeyi-halını xatırlatdığımızdan özümüzü ariflərdən, təkamül yolçularından bilir, özümüzü irfani məfhumlarla məşğul edir və bu məşğuliyyəti də özümüz üçün "irfani əməl” hesab edirik. Minbərlərdə, xütbələrdə, çıxışlarda camaata öyüd-nəsihət verir, onları gözəl əxlaqa, saleh əmələ dəvət edirik, günaha mürtəkib olmaqdan, çirkin əxlaqdan çəkindirik və fikirləşirik ki, öyüd-nəsihət vermək, çıxış etməklə özümüzü salehlərin cərgəsində, təqvalılarla bir yerdə qərar vermişik.
    Fiqh və üsul oxumaqla, ilahi hökmləri çıxartmaqla, müqəllidlərin vəzifəsini müəyyən etməklə, risalələrə haşiyə yazmaqla, insanların mal-dövlətinin xumsunu alıb onları tələbələrin və şagirdlərin arasında bölüşdürməklə məşğuluq, amma özümüzü, nəfsimizi aludəliklərdən təmizləməyin, insani keyfiyyətlərə sahib olmağın, nəfsimizi təkmilləşdirməyin, şəxsi vəzifə və təklifləri yerinə yetirməyimizin zərurətindən ümumiyyətlə qafil ola bilərik. Biz müqəllidlərin vəzifəsini müəyyən edirik, lakin həvayi-nəfsin, məqam sevməyin əlində o qədər əsirik ki, gecə-gündüz məşğuliyyətlərimizdə özümüzü Allah dərgahına doğru seyri-sulukda ən yaxşı adam hesab edirik, şəxsi vəzifəni tanımaq, ona əməl etmək heç vaxt bizim beynimizdən keçmir.
    Bu halda başqalarının bizə məhəbbət göstərməsi, əlimizi öpməsi, təbərrük etməsi, iltimasi-dua deməsi, şəfaət intizarında olması, nəzir-niyazları və s. bizi çox vaxt ruhumuzun, nəfsimizin təkmilləşdirilməsindən, aludəliklərdən paklanmasından qafil saxlaya bilər.
    Bir daha təkrar edirəm: Bizim əsas çətinliyimiz budur ki, elmi əməl yerinə qəbul edirik. Halbuki, elm əməldən tamamilə fərqli bir şeydir. Elm təklikdə bizi qurtuluşa çatdıra bilməz. Bunun üçün əməl də lazımdır. Əməlsiz alimin məsəli bir xəstəyə oxşayır ki, həkimin elmindən tamamilə agah olsun, xəstəlikləri yaxşı tanısın, dərmanların xasiyyətlərini, xəstəliyin qarşısını alınması və müalicəsi yollarını bilsin, tibb elmini tələbələr üçün tədris etsin, kitab yazsın, xəstələrlə görüşsün, nüsxə yazsın, lakin öz xəstəliyindən tamamilə qafil olsun və onu müalicə etmək fikrinə düşməsin. Aydındır ki, belə bir həkimin taleyi öz xəstəliyinin şiddətlənməsindən, nəhayətdə ölümlə nəticələnməsindən başqa bir şey olmayacaqdır.
    Hətta on minlərlə xəstəni müalicə etsə, yüzlərlə tələbə yetirsə, onlarla kitab yazsa belə, bunların heç biri onun xəstəliyinin şiddətlənməsinin, əcəlinin tez çatmasının qarşısını ala bilməz.
    Bizim kimi elm əhlinin vəziyyəti də eynilə bu cürdür; əgər yüzlərlə, minlərlə dini çıxış etsək, əxlaq dərsi desək, yüzlərlə tələbə bizim fiqh, üsul, fəlsəfə, irfan, təfsir, əxlaq dərslərimizdən faydalansa, minlərlə nəfər bizim risaləmizdən istifadə etsə, amma əməl əhli olmasaq və nəfsimizin təzkiyə olunmasına fikir verməsək, axirətdə heç vaxt əbədi səadətə nail olmayacağıq.
    Əlbəttə, elm əhli əməl də edərsə, elm öyrənməsi və elm öyrətməsi qürbət qəsdi ilə olarsa, çox yüksək məqama, mövqeyə malik olar və Allah yanında yüksək dəyərləndirilər.
    Deməli, əgər dediyimizə imanımız olsa, doğrudan da səadət və kamal axtarmış olsaq, gərək öz nəfsimizə müraciət edək, əmanətdar bir mütəxəssis, insaflı bir qazi kimi nəfsani sifətlərimizi, əməl və danışıqlarımızı araşdırıb təhlil edək. Əgər şəriət göstərişlərinə tam mənada uyğun olarsa, bu böyük ilahi lütfün qədrini bilək, öz yolumuzu davam etdirək. Amma əgər nəfsani sifətlərimiz, əməl və rəftarlarımız islam meyarlarına uyğun olmazsa, onu islah etmək qərarına gələk, malik olduğumuz elmdən istifadə etməklə öz nəfsimizi aludəliklərdən təmizləyərək, onu kamala doğru aparaq. Əvvəlcə özümüzü islah etməli, sonra camaatı hidayət etməklə məşğul olmalıyıq. Oxumağımız, danışığımız, yazmağımız, təfəkkürümüz, mütaliələrimizin hamısını cah-cəlal, məqam və s. kimi dünya işlərinə çatmaq üçün deyil, yalnız əməl üçün bir müqəddimə kimi nəfsin kamala yetməsi yolunda qərar verməliyik.
    İndi həm öz nəfsimə, həm də elm qardaşlarımın nəfsinə xitab edərək soruşuram:
    İndiyə qədər nəfsimizi aludəliklərdən təmizləmək fikrində olmuşuqmu? Bəhsimiz, dərsimiz, danışığımız, yazımız və s. dini işlərimizi xalis şəkildə Allah üçün yerinə yetiririkmi? Öz nəfsimizə hakim kəsilmişikmi, yoxsa o bizə hakimdir? Nəfsimizi rəzil əxlaqlardan təmizləmişikmi? Nəfsimizi yalan demək, fəsad törətmək, təkəbbür, qəzəb, kobudluq, paxıllıq, özünü böyük görmək, xudbinlik, dünyaya, mal-dövlətə məhəbbət, qürur, hiylə, məkr, riya, nifaq, kin-küdurət və s. kimi çirkin əxlaqlardan təmizləmişikmi? İslami ədalətə və ayrı-ayrı fərdlərin hüquqlarına kamil surətdə riayət edirikmi? Beytül-malın və İmamın (ə) səhminin sərf olunmasında islami ədaləti və bərabərliyi nəzərə alırıqmı? Əgər bir mənsəb və məqama çatdıqsa, o məqamdan özümüzün, qohum-əqrəbamızın və dostlarımızın xeyrinə sui-istifadə etmirikmi? İslami ədalət barədə Peyğəmbəri-Əkrəmin (s.ə.v.v), İmamların (ə), Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə) sadə həyatından danışdığımız halda bizim həyatımız onların həyatına oxşayırmı? İndiyə qədər namazımızı hüzuri-qəlblə qılmaq fikrinə düşmüşükmü? Gecə oyaq qalıb gecə namazını və nafilələri vaxtlı-vaxtında yerinə yetirirkmi? Zikr və duaya məhəbbət bəsləyirikmi? Zikr, dua və namaz halında Allaha diqqət yetiririkmi? Ailə, qohum-əqrəba və qonşularla islami normalar əsasında rəftar edirikmi? Yaxşılıq və ədalətə riayət edirikmi? Miskinlərin, yoxsulların, biçarələrin həyatına lazımınca diqqət yetiririkmi? Öz həyatımızda mövcud olan şeylərdən bir qismini azaldıb onlara kömək etməyə hazırıqmı, yoxsa camaatı təkcə dildə ehsana, yaxşılığa dəvət edirik? Əgər bir kəs bizə öyüd-nəsihət versə incimədən onun xəbərdarlıqlarına qulaq asmağa razıyıqmı? Düzgün olduğu təqdirdə qəbul edərikmi, yoxsa narahat olur və çox kobudluqla özümüzü müdafiə etmək məqamına gəlirik? Hətta özümüzün və qohum-əqrəbamızın əleyhinə tamam olsa belə haqqı qəbul edirikmi?! Ümumiyyətlə, görəsən oxuduqlarımıza, bildiklərimizə, dediklərimizə və yazdıqlarımıza əməl edirikmi? Əgər cavab müsbət olsa, ayə və hədislərdə bu qədər təriflənən rəbbani alimlərdənsiniz. Onlar peyğəmbərlərin əmanətdarları, vərəsələridir. Allah-təala onların barəsində buyurur: "Allah, sizlərdən iman gətirən və elm əta olunanların dərəcələrini yüksəldər.”("Mücadilə” surəsi, ayə: 11 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Bir fəqih İblisə qarşı min abiddən də kəskindir (güclüdür).”(

    "Biharul-ənvar”, 1-ci cild, səh.177
    )
    Yenə buyurur: "Allah bir kəsə xeyir (vermək) istəsə, onu dində fəqih edər.”("Biharul-ənvar”, 1-ci cild, səh.177)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Elm öyrənmək məqamında olan kimsə Allah yolunda cihad edən şəxs kimidir.”("Biharul-ənvar”, 1-ci cild, səh.179)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs Allahın cəhənnəm odundan azad etdiyi şəxslərə baxmaq istəyirsə, onda elm öyrənənlərə baxsın. Canım əlində olan Allaha and olsun ki, (elm öyrənmək üçün) alimin qapısına gedən elə bir şagird yoxdur ki, Allah taala onun atdığı hər bir qədəminə bir illik ibadət yazmasın, atdığı hər qədəm müqabilində cənnətdə onun üçün bir şəhər tikməsin. O, yer üzərində gedəndə yer onun üçün bağışlanmaq (istiğfar) tələb edir, günahları bağışlanmış halda gecə-gündüzə çıxır (yaşayır), Allahın mələkləri şəhadət verirlər ki, onlar Allahın cəhənnəm odundan azad etdikləridir.”("Biharul-ənvar”, 1-ci cild, səh.184 )
    Yenə buyurur: "Hər kəsin əcəli, islamı dirçəltmək üçün elm axtaran halda gəlib çatsa, cənnətdə onunla peyğəmbərlərin arasında (yalnız) bir dərəcə fasilə olar.”("Biharul-ənvar”, 1-ci cild, səh.184)
    O Həzrət (s.ə.v.v.) başqa bir hədisdə buyurur: "Üç dəstə adam var ki, qiyamətdə Allah dərgahında şəfaət edərlər, şəfaətləri də qəbul olunar: Peyğəmbərlər, onlardan sonra alimlər, onlardan sonra da şəhidlər.”("Biharul-ənvar”, 1-ci cild, səh.15 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Qiyamət günü olanda Allah taala bütün insanları bir dərəcədə qərar verər. Mizanlar bərqərar edilər və şəhidlərin qanı alimlərin qələmi ilə ölçülər, alimlərin qələmi şəhidlərin qanından ağır gələr.”(Biharul-ənvar”, 1-ci cild, səh.14 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Mömin alim əcr və savab baxımından Allah yolunda cihad edib gecələr ibadət üçün oyaq qalan, gündüzlər isə ibadət edən şəxsdən daha əzəmətlidir. (Alim) öləndə, islama elə bir xəsarət dəyər ki, qiyamət gününə qədər onu bərpa edəcək bir şey olmaz.”(Biharul-ənvar”, 1-ci cild, səh.17 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah mənim xəlifələrimə rəhmət eləsin!” Soruşdular: "Ey Rəsuləllah, sənin xəlifələrin kimlərdir?” Buyurdu: "O kəslərdir ki, mənim sünnəmi dirildər və onu Allah bəndələrinə öyrədər.”("Biharul-ənvar”, 1-ci cild, səh.25)
    Amma əgər cavab mənfidirsə, öz nəfsimizi islah etmək məqamına gəlməliyik. Bu həqiqətin ayırd edilməsi də çox çətindir, çünki nəfsi-əmmarə yüzlərlə hiylə və məkrlə bizi aldadır, həqiqəti dərk etməyin qarşısını alır. O, bizi dərsə, bəhsə, çıxışlara, kitab yazmağa, camaata yaxşı işləri tövsiyə etməyə o qədər məşğul edə bilər ki, əsas məsələdən – nəfsimizi tərbiyə etməkdən tamamilə qafil ola bilərik. Nəfs elmi bizim üçün əməlin əvəzi kimi qələmə verərək bizə belə təlqin edə bilər: "Sən alimsən və dinə xidmət edirsən, artıq sənin bütün günahların bağışlanıb, saleh əmələ çox da ehtiyacın yoxdur!”
    Bəzən də belə təlqin edə bilər: "Siz hüccətül-islamsınız, güclü xətib və möhtərəm vaizsiniz, əziz ustadsınız, möhtərəm imam-cüməsiniz, dərin elmə malik olan alimsiniz, fəqih və müctəhidsiniz. Sizin islama və müsəlmanlara etdiyiniz xidmətlərin sayı-hesabı yoxdur. Sizin yol göstərməniz sayəsində insanlar behiştə gedirlər, cəhənnəm odundan xilas olurlar, camaatın sizə həddindən artıq hörməti, şəfaətinizə ümidləri vardır. Siz Əhli-beytin (ə) məddahı, mərsiyəxanısınız, belə isə, əgər günahkar da olsanız, bağışlanacaqsınız, sizin yeriniz behiştin ən yüksək dərəcələrindədir! Məgər imam Hüseyn (ə) razı olarmı ki, onun mərsiyə oxuyanı cəhənnəmə getsin?!”
    Nəfsi-əmmarə və şeytan bu kimi təşviqlərlə bizi aldadır, nəfsimizi paklamaqdan, saleh və yaxşı işlər görməkdən saxlayır. Lakin ayıq olmaq lazımdır ki, nəfsin bu yalançı vədələri ilə qəti şəkildə mübarizə aparaq. Bunun üçün:
    Əvvəla, öz niyyətimizi dəqiq şəkildə araşdırıb təhlil etməliyik, dini xidmətləri və elmi işləri Allahın razılığına görə etməyimizi, yoxsa şan-şöhrət qazanmaq, camaatın diqqətini və rəğbətini qazanmaq, öz məişət və dolanacağımızı təmin etmək üçün etdiyimizi bilək. Əgər dünyəvi məqsədlərə çatmaq məqsədi daşıyırsa, axirətimiz üçün heç bir faydası olmayacaqdır. Əbəs yerə onunla öyünməməli, qürur hissi keçirməməliyik. Amma əgər ixlas qəsdimiz olsa, bunların özü ən yaxşı ibadətlərdən olmasına və bizi təkamül və əbədi səadət yolunda qərar verə bilməsinə baxmayaraq, sair ibadətlərin yerini verməz və nəfsin saflaşdırılımasının zərurətini aradan aparmaz.
    İkincisi, buna diqqət yetirək ki, camaatın bizə məhəbbət göstərməsi, bizim barəmizdə nikbin olması, "hörmətli alim”, "höccətül-islam” və s. kimi ləqəblərlə çağırmaları bizim axirətdəki səadətimizdə, kamala çatmağımızda heç bir rol oynamır. Təkcə elmi məqamda olmağımız kifayət etmir, həm də əxlaq və əməllərimizlə bu məqamları kəsb etməliyik.
    Üçüncüsü, bu məsələyə diqqət yetirməliyik ki, dərslərin, çıxışların, yazıların, minbərlərin, məddahlıqların, mərsiyə oxumaqların və s. nəticəsində yüz minlərlə adamın düz yola hidayət olunması, kamal və səadətə çatması mümkündür. Amma onların kamala yetib səadətə çatıb xoşbəxt olması bizim nicat və qurtuluşumuzu zəruri etmir. Biz onlara demişik, onlar da əməl edərək kamala çatmışlar. Əgər özümüz əməl əhli olmasaq, onların hidayət olunub kamala çatmaları bizim üçün heç bir fayda gətirməyəcəkdir. Qiyamət səhnəsində camaatın bizim sözlərimizdən istifadə edərək ona əməl etmək sayəsində yüksək mənəvi məqamlara çatdıqlarını, özümüzün isə belə məqamlardan məhrum olduğumuzu görsək, həsrət, peşmançılıq və xəcalətdə olarıq.
    Əlbəttə, bunu da inkar etmirik ki, elmi xidmətlər və məşğuliyyətlər, camaatı düzgün yola hidayət edib onlara yol göstərmək ən yaxşı ibadətlərdən hesab olunur; qürbət qəsdi ilə yerinə yetirilərsə, ilahi dərgaha doğru yaxınlıq və mənəvi təkamülə səbəb ola bilər. Lakin nə günahlara və əxlaqi rəzilliklərə bir dərman, nə də ki, ilahi təklif və vəzifələrin götürülməsinə səbəb olacaqdır.
    Deməli, elm əhli də başqaları kimi, həlakətdən xilas olmaq, əbədi səadətə və kamala çatmaq üçün təqvaya, nəfsin saflaşdırılmasına, ibadətdə ciddiyyətə, saleh əmələ ehtiyacı vardır. Lakin bizim ən böyük qürurumuz elmi qürur və bəhanə gətirmək qüdrətinə sahib olmağımızdır. İnsanın qəflət yuxusundan ayılmasına, Allah dərgahında xof və xəşyətə səbəb olmasına, insanın daha ciddiyyətlə əməl etməsinə səbəb olacaq elm çox təəssüflə, bəzən qürura, cəhalətə səbəb olur, üzr və bəhanə gətirmək üçün bir vasitəyə çevrilir. Hər an bizi aldamaq üçün pusquda dayanan şeytan daha hiyləgər və məkrlidir. O, bizi aldatmaq üçün hətta dini və elmi mövqeyimizdən də istifadə edir. Behiştə doğru hidayət etmək üçün nəzərdə tutulan işlərdən istifadə edərək bizi cəhənnəmə göndərir.
    Biz günahları və rəzil xüsusiyyətləri çox gözəl tanıyırıq, onların cəzasından, ağır-aqibətlərindən tamamilə agahıq. Lakin düzgün olmayan bəhanə gətirmək nəticəsində məğrur oluruq. Bizim də yalan danışmağımız, qeybət etməyimiz, töhmət vurmağımız, kiminsə abır-heysiyyətini aparmağımız, vədəyə xilaf çıxmağımız, başqalarının hüquqlarını tapdalamağımız, ailə üzvlərimizə əzab-əziyyət verməyimiz, öz mövqeyimizi qorumaq üçün beytül-maldan ürəyimiz istəyən kimi istifadə etməyimiz, təkəbbürlü olmağımız, fərdi və ictimai vəzifələrimizi yerinə yetirməməyimiz, heç bir məsuliyyət qəbul etmədən, islama xidmət göstərmədən ömrümüzün axırına qədər İmamın (ə) mübarək səhmindən istifadə etməyimiz və s. kimi işlər görməyimiz mümkündür. Bütün bunların hamısına elmi qüdrətdən bəhrələnməklə bəraət qazandıra və nəticədə özümüz üçün bu işləri caiz hesab edə bilərik ki, nəticədə öz vicdanımızı müvəqqəti olaraq qane edə bilərik. Amma bilməliyik ki, bu kimi üzr və bəhanələr, şeytanın və nəfsi-əmmarənin hiylə və məkrlərindəndir. Qiyamətdə öz çirkin əməllərimizin qarşısında cavab verməli olacağıq. Bu kimi bəhanələrlə vicdanımızı qane edə bilsək də, görəsən Qiyamətdə Allah-təalanın cavabını necə verə bilərik?!
    İlahi, Pərvərdigara! Bizim hamımıza şeytanın və nəfsi-əmmarənin vəsvəsələrindən nicat ver! Təkamülün düzgün yolunu ötüb keçməkdə və ilahi dərgaha yaxınlaşmaqda bizə kömək ol!
    Amin, Rəbbəl-aləmin!

     

    Kitabın adı: Nəfsin saflaşdırılması
    Müəllif: Ayətullah İbrahim Əmini

     

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.