Elmi və əməli cərəyanlarla tanış olduqdan sonra oxucularda belə bir sual yarana bilər: Nə üçün islamın kəlam elmi hər şeydən çox ədalət barəsində danışıb? Nə üçün islam fiqhi üçün hər şeydən qabaq ədalət məsələsi qarşıya çıxdı? Nə üçün islamın siyasət aləmində hər şeydən qabaq ədalət kəlməsi eşidildi? Təbiidir ki, bütün sahələrdə ədalətdən bu səviyyədə söz getməsinin xüsusi səbəbləri vardır.
Mənim fikrimcə islam cəmiyyətində ədalət məsələsinin irəli sürülməsinin əsas səbəbini və ya elmi və əməli bəhslərin kökünü ilk növbədə Quranın özündə axtarmaq lazımdır. Qəlblərdə ədalət toxumu səpərək onları sulayan və ruhlarda əqli, fəlsəfi, əməli və ictimai cəhətlərdən bu barədə düşüncələr yaradan Qurani-kərimin özüdür. Bəli, ilk dəfə yaradılış, şəriət, əxlaq və cəmiyyət haqqında ədalət və zülm məfhumunu irəli sürən Quran özü olub.
Qurani-kərim varlıq aləmi və yaradılışın ədalət və bərabərlik, ləyaqət və tutumlar əsasında olmasına təkid edir. Bu ilahi kitab özünün bir çox ayələrində zülmü tam aydınlıq və qətiyyətlə Allah-taalanın müqəddəs vücudundan rədd edir, ilahi hökm və höccətin çatdırılmasını bir növ ədalət, onlara xəbərdarlıq etməməyi və bəşəriyyəti məhv etməyi isə bir növ zülm sayır, Onun şəninə layiq olan işləri və yaradılışın ədalətlə birgə olmasını haqq kimi təqdim edərək, Allahın faillik və tədbir məqamını ədalətin bərpası məqamı adlandırır.
«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali-İmran-18)
Yaxud ədaləti Allahın yaradılışdakı tərəzisi adlandırır.
«Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!» (ər-Rəhman-7.)
Həzrət Peyğəmbər (s) həmin ayə barəsində belə buyurub: «Yer və göy ədalətlə qərar tapıb.»
Quran, şəriətdə ədalət, yəni qanunların müəyyənləşdirilməsində ədalət prinsipinə riayət edilməsinə tam diqqət göstərib. Qurani-kərimdə bildirilir ki, peyğəmbər göndərilməcinin fəlsəfəsi, bəşəriyyətin ədalət və bərabərliyə ehtiyaclı olmasıdır.
«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» (əl-Hədid-25.)
Məlumdur ki, ictimai quruluşlarda ədalət prinsipinin həyata keçirilməsi, ilk növbədə həmin qanun sisteminin ədalətliliyi, ikincisi isə onların əməli şəkildə icrasından asılıdır.
Quran, bütün peyğəmbərlər barəsində bəyan etdiyi bu ümumi prinsipdən əlavə, islamın şəri və qanuni quruluşu barəsində belə buyurur: «De ki: «Allah ədaləti əmr etdi...»(əl-Əraf-29.)Yaxud, bəzi göstərişlər barəsində buyurur: «...Sizin bu işiniz Allah yanında daha ədalətlidir...»(əl-Bəqərə-282.)
Qurani-kərim imamət və dini rəhbərliyi «ilahi peyman», «ədalətlə birgə olan» və «zülmə zidd» məqam hesab edir. Bu ilahi kitab həzrət İbrahim (ə)-ın imamlıq və rəhbərliyə ləyaqəti barəsində danışarkən belə bir nəticəyə gəlir:«...Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: «Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm» -dedi. İbrahim isə: «Nəslimdən necə?»–deyə soruşdu. Allah (onun cavabında):» «(Sənin nəslindən olan) zalimlər mənim imamlığıma nail olmazlar», - buyurdu.» (əl-Bəqərə-124.)
Quran, həmçinin əxlaqlı insanı «ədalət sahibi» adlandırır. O, tərbiyə, əxlaq və ruhi cəhətdən etimad edilməli olan insanların hakimlik və şahidlikləri barəsində danışdığı müxtəlif ayələrdə həmin şəxsləri dediyimiz kimi adlandırıb. Məsələn buyurur: «...İçərinizdən olan iki ədalətli şəxsin hökmü ilə...» (əl-Maidə-95.) Yaxud belə buyurur: «...İçərinizdən iki ədalətli şahid tutun...»(ət-Təlaq-2.)
İslam dünyasında yunan əsərləri tərcümə edildikdən sonra, Əflatunun «Ədalət, bütün əxlaqi fəzilətlərin anasıdır» cümləsi məşhurlaşdı. Halbuki müsəlmanlar təqribən iki əsr qabaq, həmin sözü Quranın dilindən eşitmişdilər.
Quranda, ədalət haqqındakı ayələrin çoxu ailə, siyasət, ictimaiyyət, hüquq və bu kimi digər ümumi ədalət məfhumları barəsindədir. Mən bu barədə təqribən on altı ayə əldə etmişəm.
Quranda, tövhiddən məada, nübüvvətdən imamət və rəhbərliyə, şəxsi ideyalardan ictimai hədəflərə kimi hər şey ədalətə əsaslanır. Quranın buyurduğu ədalət tövhidin silahdaşı, məadın sütunu, peyğəmbərliyin hədəfi, imamət və rəhbərliyin fəlsəfəsi, insanın kamillik meyarı və cəmiyyətin sağlamlıq miqyasıdır.
Quranın təqdim etdiyi ədalət, bir növ dünya görüşü olduğu üçün tövhid və ya məadla əlaqədar olduqda, insanın varlıq və yaranışa baxışını xüsusi şəklə salır. Bu məfhum nübüvvət və şəriətə aid olanda qanunu tanımaq üçün miqyas və meyar sayılır, başqa ifadə ilə söyləsək, əqlin, kitab və sünnə ilə bir sırada durması və fiqh və şəri deduksiyanın mənbələrindən biri sayılması üçün mötəbər zəminə hesab olunur. İmamət və rəhbərliklə əlaqədar olanda ləyaqət, əxlaqla bağlı olanda insani ideya, ictimai məsələlərdə isə məsuliyyət sayılır.
Müsəlmanlar, Quranda həm dünya görüşü, həm qanunun tanınma meyarı, həm imamət və rəhbərliyin ləyaqətlilik ölçüsü, həm insani ideya və həm də ictimai məsuliyyət kimi əhəmiyyət verilmiş bu məsələyə, bu ilahi kitaba göstərdikləri hədsiz diqqətlə yanaşı laqeyid qala bilərdilərmi?
Buna görə də, bizim fikrimizcə «Nə üçün müsəlmanların əqli və əməli hərəkatlarının hamısının əvvəlində ədalət məsələsi gözə çarpır?» deyə soruşulduqda, Qurana etinasız yanaşaraq başqa səbəblərin dalınca gedib özümüzü yormağa dəyməz.
Şübhə yoxdur ki, müsəlmanların bu məsələyə həssaslıq göstərmələri, onun kəlam və fiqh elmləri və islamın digər ictimai sahələrinə daxil olmasının əsas səbəbi Qurandır. Amma bu məsələ barəsində müxtəlif mövqelərin yaranması və bəzilərinin onu qeydsiz-şərtsiz qəbul etmələri, digərlərinin isə onu bəzi yozmalarla qüvvədən salmaları bir sıra psixoloji, ictimai və siyasi səbəblərlə bağlıdır. Bizim fikrimizcə bu məsələnin islam cəmiyyətində yaranmasının əsas mənşə və qaynağı budur.
Başqaları da, bu məsələyə digər cəhətdən baxaraq, onu başqa cür təhlil və izah edə bilərlər.
Bildiyimiz kimi, bəzi məktəblərin davamçıları bütün ictimai cərəyanları tam başqa cür təhlil və izah edirlər. Onlar əvvəlcədən düşünülüb-hazırlanmış metodlar əsasında hansı yolla olursa-olsun, bütün hadisələri istədikləri çərçivədə dərk etmək istəyirlər.
Belə məktəblərdə, bəhrələnmə və məhrumiyyətlər əsasında olan sinfi ziddiyyətlər və ictimai qruplaşmalar məsələsi bütün hərəkat və oyanışlarda mühüm rol oynayır. Həmin məktəblərin davamçılarının fikrincə, bəşəriyyətin ruhi, fikri, insani və qayğıkeşlik hislərinin bütün cilvələri, onun maddi ehtiyacları və iqtisadi əlaqələrinin təzahürüdür. Onların fikrincə hər şey ikinci dərəcəlidir, əsas təməl və özəl isə iqtisadiyyat və iqtisadi məsələlərdir; hər bir şəxsin əqli, insani və ruhi xüsusiyyətlərini onun ictimai sinfi qruplaşmasında axtarmaq lazımdır. Əgər Sədi «İnsanın həyat amili, onun qarnıdır» deyibsə, bu qrupun fikrincə nəinki həyat amili, bəlkə fikir, duyğu, zövq bir sözlə, müqəddəs adlandırılan hər bir şey qarındır və bütün yollar qarında bitir.
Bu məktəblərin davamçılarının fikrincə, əgər biz cəmiyyətdə hər şeydən çox ədalətdən danışıldığını görürüksə, onun kökünü başqa yerdə deyil, iqtisadi və ictimai bərabərsizliklərdə axtarmalıyıq. Əgər fiqh və ya kəlam libasında iki qrupun bir-birinin qarşısında dayanmasını və onlardan birinin ədalətin əsasını dünya görüşü və ya qanun kimi müdafiə etməsini, digərinin isə bunun tam əksinə olaraq bütün əsalətləri inkar etməsini görürüksə, bilməliyik ki, bu əqli, fiqhi, və kəlami qruplaşmalar pərdəaltı digər bir qruplaşmanın, yəni məhkum və məhrum təbəqə və sinfə məxsus qrupun rifahda olan imkanlı təbəqə müqabilində qruplaşmasının nişanəsidir. Düşüncə qarına tabedir, əziyyət çəkən məhrum şəxsin ədalət prinsipini inkar etməsi qeyri-mümkün olduğu kimi, imkanlı və rifahda olanın da ədalət prinsipini müdafiə etməsi qeyri-mümkündür.
Bizim fikrimizcə bu, tarixi birmənalı yozmaq və ona birtərəfli yanaşmaq tərzidir. İnsani meyllərdə maddi ehtiyacın çox mühüm və əsaslı amil olmasında heç bir şübhə yoxdur və islamdakı əqli, ictimai və siyasi qruplaşmalarda bəzən bir sıra iqtisadi amillərin nişanələri ilə də rastlaşmaq mümkündür.
Amma insanı əhatə edərək onu təsir altına alan bütün cazibələri və bəşəriyyət tarixinin formalaşmasında təsirli olmuş əsas və mühüm amilləri iqtisadi ehtiyaclarda xülasə etmək olmaz. Bəlkə də insanın fərdi və ictimai həyatında hakim olan bütün əsas amillər barəsində danışmaq hələ ki, tezdir. Qəti olaraq isə bunu demək olar ki, maddi ehtiyacları insanın yeganə ehtiyacı kimi qəbul etmək olmaz!
Mən bu meyarlarla Məmun, Mötəsim və Vasiqin kəskinliklə Mötəzilə məktəbi tərəfdarı olaraq ədalət prinsipini qəbul etmələrinin və bunun müqabilində, həmin təbəqə, qrup və qana mənsub olmuş Mütəvəkkilin isə müxalif cəhətə meyl göstərməsi və ədalət tərəfdarlarına qarşı əcdadının ədalət düşmənlərinə etdiyini necə izah edilməsini bilmirəm.
Yaxud, dünyanın ən imkanlı və varlı şəxslərindən olmuş Sahib ibni İmadın, zəmanəsinin məhrum və imkansız alimlərinin əksəriyyətinin ədaləti inkar edərək Əşəri əqidəsi daşımalarına baxmayaraq, ədaləti kəskin müdafiə etməsinin də necə izah edilməsini bilmirəm.
Sahib ibni İmad imkanlı vəzir olub və o, bu baxımdan misilsiz şəxsiyyətlərdən biridir. O, əvvəla, yüksək vəzifə sahiblərinin qəzəbinə gələn saray xadimlərinin əksinə olaraq, ömrünün axırına kimi vəzir işləyib və onun üçün həm kəmiyyət və həm də keyfiyyət baxımından misilsiz dəfn mərasimi keçirilib.
İbni Xəlkan deyir: «Heç kəs Sahib ibni İmad kimi, həyat və ölümdən sonrakı xoşbəxtlik və bəxtiyarlığı bir yerdə toplaya bilməyib.»
Həm vəzir və həm də alim olmuş Sahib ibni İmad da, yaşayışını vəzir həmkarları kimi tam rifah və rahatlıqla keçirib. Amma o, dünyadan mənfur gedən və adları da özləri kimi torpağa gömülən digər vəzirlərin əksinə olaraq, qəlblərdə yaxşı ad və məhəbbətlə qaldı. Onun ölümü digər həmkarları, yəni adətən tanınmaz və məhrum həyat keçirən və şöhrət, ehtiram və sevimliliyi öləndən sonra başlayan alimlər kimi olub.
Sahib ibni İmad ömrünün axırına kimi vəzir işləməsindən və özünə gözəl alim adı qazanmasından əlavə, digər bir fövqəladə üstünlüyə də malik olub və o, budur ki, Sahib tarixin, atası və babası da vəzir olmuş yeganə vəziridir. Onlar vəzirliyi üç nəsl ardıcıl olaraq irs kimi qazanıblar. Onun öz adı İsmayıl, atasının adı İmad, babasının adı isə Abbas olub. Şairlər də onun barəsində şerlər deyiblər. Sahib ibni İmad bütün bu imkan və rifaha baxmayaraq, ciddi şəkildə ədalət tərəfdarı olub və o, özünün bu işi ilə fəxr edərək belə deyərmiş.
Əgər mənim qəlbim parçalansa, onun içində heç kəs tərəfindən yazılmamış iki sətr yazı görərsiniz; bir tərəfdə ədalət və tövhid, digər tərəfdə isə Əhli-beyt məhəbbəti.
Biz fiqhi ədalətdə də eyni ilə buna bənzər şeylər görürük. Məsələn, Harunun baş qazisi olmuş Əbu Yusif də ədalətin ciddi tərəfdarı olub. Zindana salınaraq dəfələrlə şallaqlanmış Əhməd ibni Hənbəl isə, ədalət üslubunu kəskin şəkildə məhkum edərək pisləyib.
Bizim fikrimizcə, bəşəriyyətin əqli və fikri qruplaşmalarını bu meyar və miqyasları yeganə üslub hesab edərək ölçmək və yozmaq sadəlövhlükdür.
Bu bəhsi kitabın müqəddiməsində gətirməkdən əsas məqsəd, Quranın fikir və düşüncələrin oyadılmasındakı rolunu göstərmək və məsələnin bu ilahi kitab baxımından əhəmiyyət və əsaləti aydınlaşdırmaq idi.
Əlbəttə bu kitab ədalət məsələsini hərtərəfli və Qurana layiq şəkildə açıqladığını iddia etmir. İddiamız yalnız bu ola bilər ki, burada, Quranın ədalət barəsində irəli sürülmüş məsələləri yaradılış və ilahi ədalət baxımından bir qədər yeni üslub və nəzərlə irəli sürülüb.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri