Sual 23: Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?
Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə məsumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) bu baxımdan sevmişdir. O, Allahı sevənləri, eləcə də, Allahın sevdiklərini əziz tutmuşdur. Həzrət Fatimə (s) və həzrət Əlini (ə) bu məhəbbətin zirvəsində görən Peyğəmbər (s) onları sevməyə bilərdimi?!
Əhli-beyt sevgisi insanlara ona görə tövsiyə olunur ki, insanlar bu sevgi vasitəsi ilə Allaha yaxınlaşsınlar. Əgər Əhli-beyt Allah aşiqidirsə, onu sevənlər də bu eşqdən faydalanasıdır.
Fatimə (s) ucadır! Ona görə ucadır ki, Allah aşiqidir. Ona görə ucadır ki, Allah aşiqini sevən Allahı sevəsidir!
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan