Vəfasız
Hüseyn (ə)-ın onu tənha qoyan, ona əza tutmayan, ona əza tutulmasına mane olan müsəlmana gileyi.
Ey insan, niyə tez unutdun məni?
Mən ki, sənə görə keçdim canımdan.
Bu gün məni gördün tanımadın da
Özgə xəyallarla ötdün yanımdan.
Xəyalım gözünə hey görünsə də
Görməzliyə vurdun, yumdun gözünü
Məndən sonra məni yaşatmalıydın,
Bəs nədən tutmadın qırdın sözünü?!
Bir dəfə də olsun görmədin məni
Məzarım həsrətdən saraldı-soldu.
İllərlə gözlədim dost ziyarətin,
Gəlmədin, get-gedə qəbrim daraldı
.
Ağlayıb, göz yaşı tökə bilərdin
Sənsə əsirgədin məndən, qıymadın.
Yadlar bu halıma ağlayan zaman,
Nədən mane oldun, nədən qoymadın?
Heçmi mürüvvətin olmadı sənin?
Heçmi daş ürəyin parçalanmadı?
Heçmi o vicdanın nalə etmədi?
Heçmi yuxulamış qəlb oyanmadı?!
İndi ki, qərarın bu oldu, olsun!
Sən zülməti seçdin, mən isə nuru
Sən zülmə baş əydin, nakişi oldun,
Mənsə kirlətmədim təmiz qüruru.
Hüseynəm, çoxları tanıyır məni,
Cəddim Peyğəmbərin əziz nəvəsi.
Mənəm kamilliyin uca zirvəsi,
Mənəm məzlumların ürək naləsi.
Mənim fəryadımı eşidən varsa
Mənə əza tutsun, yada uymasın!
Gözləsin Məhdinin şanlı qiyamın,
Əsrin imamını tənha qoymasın.