İmam Cavadın (ə) elmi mirası
Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384)
Müəllif: Rza Şükürlü