On dördüncü dərs - Təfəkkürün əhmiyyəti
Diqqətli olmaqda təfəkkürün rolu
Ötən söhbətlərdə Qur`an ayələri və əqli dəlillərdən mə`lum oldu ki, bütün azğınlıqların əsas səbəbi insanın özündən, öz insani şəxsiyyətindən xəbərsizliyidir. İnsan azad bir varlıq olduğundan səadət yolunu özü seçməlidir. İnsan özünə qarşı diqqətli olub, öz yaranış məqsədini anlasa səadətə çata bilər. Amma öz şəxsiyyətini unudan insanın heyvan dərəcəsinə, hətta heyvandan da alçaq dərəcəyə alçalması mümkündür: “Onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər.”
Qeyd etdik ki, qəflətin qarşısını almaq üçün onu törədən amilləri tanımaq lazımdır. İnsan öz diqqətini gücləndirmək üçün xüsusi bir proqram hazırlayıb bu proqrama əməl etməlidir. Bu proqram insana özünə, tövhid və məada qarşı diqqətli olmaqda kömək göstərməlidir.
Diqqətin müqəddiməsi tanımaqdır. İnsan tanımadığı bir şeyə diqqətli ola bilmir. Demək, tövhid, nübüvvət, məad inanclarına diqqətli olmaq üçün bu həqiqətləri tanımaq lazımdır. Qeyd edildi ki, bu üç həqiqət arasında tövhid, yə`ni bir Allaha e`tiqad mehvər rolunu oynayır. Demək, bura qədər haqqında danışdığımız bütün həqiqətlərin mərkəzində Allaha inam, Allahı tanıma dayanır. Allahı tanımayan insan üçün zikrin, duanın heç bir əhəmiyyəti olmayacaq. Allahı tanımadan nübüvvət və məad həqiqətlərinə diqqətli olmaq qeyri-mümkündür. Bəs Allahı tanımaq üçün nə etmək lazımdır?
Tanışlığın müqəddiməsi düşüncədir
Aksiomdan başqa heç bir bilik öz-özünə əldə olunmur. Tövhid, Allahın sifətləri və işləri, məad kimi biliklərə yiyələnmək üçün düşüncə və araşdırmalara ehtiyac var. Söz yox ki, məntiq və fəlsəfədə bütün nəzəri biliklərin aksiom üzərində qurulduğu bildirilir. Məntiqdə düşüncə məchulu əldə etmək üçün mə`lumlara doğru düzüm verməkdir. Demək, Allahı tanımaq üçün də təfəkkürə ehtiyac var.
Görəsən, Qur`an və rəvayətlərdə təfəkkür haqqında bir bu qədər danışılmasının sirri nədir? Qeyd etməliyik ki, düşüncə insanlığın açarıdır. Düşünməyən insan heç vəchlə öz şəxsiyyətini tanıya bilməz. İnsani şəxsiyyətdən xəbərsiz insan isə kamala çatmaqda acizdir. İslamda düşüncəyə necə üstün bir qiymət verildiyini anlamaq üçün rəvayətə nəzər salaq: “Bir saat təfəkkür etmək bir ilin ibadətindən üstündür.” Əlbəttə ki, söhbət hər hansı şeytani və batil bir məsələ ətrafında yox, insani şəxsiyyət haqqında düşünməkdən gedir. Belə bir düşüncə bir saat davam edərsə insanın həyata baxışını dəyişə bilər. Bir il davam edən düşüncəsiz ibadət isə insanın təkamülündə heç bir müsbət rol oynamaz. Amma mə`rifət əldə etmiş və agahlığa çatmış insanın bir il ibadəti nadan halda min il davam edən ibadətdən tə`sirlidir. Biz qəflət haqqında danışarkən hər növ qəfləti nəzərdə tutmamışdıq. İnsanı bədbəxt edən tövhid, nübüvvət və məaddan olan qəflətdir. Düşünmək də belədir. Allah, axirət və dini vəzifələri haqqında düşünən insan xoşbəxt ola bilər. Çünki bu düşüncələr qəfləti aradan aparır.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi