Allah bəndələrinə məsxərə
İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qur`ani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab və`d edir.
"Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: "Onlar mö`minlərlə qarşılaşdıqları zaman "biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə "biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”.
İslam Peyğəmbəri (s) bildirir ki, Allah-Taala belə buyurmuşdur: "Mənimlə dostluqdan çəkinən, mənimlə döyüş üçün pusqu qurmuşdur”.
İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət zamanı bir nida ucalar: "Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: "Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dininə məsxərə edənlərdir”. Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah-Taala buyurur: "Mö`min bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.” Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qur`ani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian