Siqətul-İslam Kuleyni, Şeyx Səduq, Şeyx Təbərsi, Əllamə Məclisi və s. alim və fəqihlər qeybəçəkilmənin hikməti və fəlsəfəsi barədə bəzən öz çıxarışları və fikirlərini, bəzən isə hədislərin mətnlərində qeyd olunan hikmətləri bəyan etmişlər.
Bu yazıda nəticə əldə etmək üçün qeybəçəkilmənin səbəblərini bəyan edən hədislərə işarə edib onları sənəd və məna baxımından araşdıracağıq. Buna görə də araşdırmanı üç mərhələdə həyata keçirəcəyik.
Birinci mərhələ. Hədislərdə qeybəçəkilmənin səbəbi
Hədislərdə qeybəçəkilmənin müxtəlif səbəblərinə işarə olunub. Onları səkkiz kateqoriyaya bölmək mümkündür:
1. Allah-taalanın peyğəmbərlərin (qeybəçəkilmə) ənənəsini İmam Mehdi (ə.f) barədə də icra etməsi;
Hənnan ibn (Sədir) Sudeyr atasından İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bizim Qaimimizin (ə.f) uzun sürən qeyb dövrü olacaqdır”. "Ey Peyğəmbər övladı! Bunun səbəbi nədir?” – deyə İmamdan (ə) soruşdum. "Allah-taala peyğəmbərlərin qeybəçəkilmə ənənəsini onda da (imamda) davam etdirməkdən başqa bir şey istəmir. Ey Sudeyr! Onların Qeyb müddətlərinin sona çatması onun (qeyb müddəti) üçün də qaçılmazdır. Allah-taala buyurur: "Şübhəsiz, siz haldan-hala düşəcəksiniz!” (İnşiqaq/19) yəni sizdən öncəkilərin ənənəsi sizin üçün də həyata keçəcək”– deyə İmam (ə) cavab verdi.( İləlüş-şərayi, c/1, səh/245, hədis/7,)
Bu barədə başqa hədis də nəql olunmuşdur ki, araşdırma əsnasında ona da işarə edəcəyik.
2. Allah-taalanın imamın zalım qövm arasında yaşamasını istəməməsi;
Mərvan Anbari nəql deyir: "Əbu Cəfər (ə) (İmam Baqir (ə) öz məktubunda) belə deyir: "Həqiqətən də, Allah-taala bizim bir qövmlə qonşuluğumuzu (bir qövmlə birlikdə yaşamağımızı) bəyənmədiyi zaman bizi onların hüzurundan (gözü qarşısından) ayırıb aparar". ( "İləlüş-şərayi"c/1, səh/285, fəsil/179, hədis/2)
Muhəmməd ibn Fərəc Əbu Cəfərin (ə) belə dediyini nəql edir: "Allah-taala yaratdıqlarına qəzəbləndiyi zaman bizi onların arasından uzaqlaşdırar”.( Üsluli-Kafi c/1,səh 343)
3.Camaatı tənbeh etmək;
Muhəmməd ibn Fərəcin nəql etdiyi hədisdə deyilir: "Allahın qəzəbi qədirbilən olsunlar deyə, camaatı tənbeh etmək üçündür”.
4. İnsanları imtahan etmək;
Zürarə ibn Əyun deyir: "İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Həqiqətən də, Qaim (ə.f) üçün qeyb dövrü vardır...” Sonra İmam (ə) dedi: "O həmin Müntəzərdir (intizarı çəkiləndir) ki, camaat onun doğulması barədə şəkk və tərəddüdə düşəcəkdir. Onlardan bəziləri atası (İmam Həsən Əskəri (ə)) "öldüyü zaman onun övladı yox idi”, bəziləri "atasının ölümündən iki il öncə dünyaya gəlib” deyəcək. Bu ona görə belədir ki, Allah-taala yaratdıqlarını imtahan etməyi sevir. Belə olan halda (bu zaman) batil düşüncə sahibləri (batil axtarışında olanlar) şəkkə düşərlər”. ( Kəmalüd-din c/2, səh/346)
Bu və buna bənzər hədislər qeybəçəkilmənin səbəbi kimi Allahın yaratdıqlarını imtahana çəkməsini göstərmişdir. Bu da Quran və din təlimləri ilə uyğun gələn bir məsələdir. Bunun araşdırılması barədə isə əvvəldə də dediyimiz kimi öz yerində söhbət açacağıq.
5. İmamın (ə.f) qətlə yetirilməsi qorxusu;
Aban və digərləri İmam Sadiqdən (ə) Peyğəmbərin (s) (İmam Mehdiyə (ə.f) işarə edərək) belə buyurduğunu nəql edir: "Oğlan üçün qeybəçəkilmə qaçılmazdır”. Soruşdular: "Ey Allahın Rəsulu (s)! Nə üçün qeybə çəkiləcək?” "Qətlə yetirilmə qorxusu olduğu üçün” – deyə Peyğəmbər (s) cavab verdi. ( İləlüş-şərayi, c/1, səh/284, )
Zürarə nəql edir: "Əba Cəfərin (İmam Baqirin (ə)) belə dediyini eşitdim: "Həqiqətən, bizim Qaimimizin üçün zühurundan öncə bir qeyb (dövrü) vardır”. Dedim: "Niyə?” İmam əli ilə qarnını göstərib "qorxur” – deyə cavab verdi. Zürarə "yəni qətlə yetiriləcəyindən qorxur” – dedi.( Biharül-ənvar, c/52, səh/91, hədis 5)
Nömaninin "Əl-Ğeybə” kitabında bu hədis Zürarədən başqa bir yolla İmam Sadiqə (ə) istinad edilərək qeyd edilmişdir. (Nömani, Əl-Ğeybə, səh/177, fəsil/10, hədis/21)
Buna bənzər və qeybəçəkilmənin qeyd olunan səbəbinə işarə edən başqa hədislər də vardır. (Kəmalüd-din, c/2, səh/481) Sadəcə məqalə yorucu olmasın deyə, biz onları qeyd etmirik.
6. Heç bir hakimə beyət etməməsi;
Təbərsi "Əl-İhtitac” kitabında Mərhum Kuleynidən, o da İshaq ibn Yaqubdan bu mətləbin Muhəmməd ibn Osmanın vasitəsi ilə İmam Mehdi (ə.f) tərəfindən yetişdiyini nəql edərək deyir: "Lakin qeybəçəkilmənin və qeyb zamanı baş verəcək şeylərin səbəbinə gəlincə isə Allah-taala buyurur: "Ey iman gətirənlər, sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın”. (Maidə 101) Bütün ata-babalarımın boynunda öz zamanlarının tağut hakimlərinin beyəti olmuşdur. Lakin mən zühur etdiyim zaman boynumda heç bir tağutun beyəti olmayacaq”.( Əl-İhticac, c/2, səh/285)
Haşim ibn Salim İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Qaim (ə.f) qiyam etdiyi zaman boynunda kimsənin beyəti, sövdələşməsi və əhd-peymanı olmayacaq”. (Üsili-kafi, c/1,)
Qeybəçəkilmənin bu səbəbinə bir çox hədislərdə işarə olunub. Belə ki Şeyx Tusi "Kəmalüd-din” kitabnın 44-cü fəslində bu barədə 11 hədis nəql etmişdir ki, onların ilk beşi məhz bu səbəbi ehtiva etmişdir.
7. Kafir nəsillərdən möminlərin dünyaya gəlməməsi;
İbn Əbi Ümeyr İmam Sadiqdən (ə) nəql edir: Əba Əbdullaha (ə) (İmam Sadiqdən (ə)) dedim: "Nə üçün Əmirəl-möminin (ə) əvvəldə onunla müxalifətçilik edənlərlə müharibə etmədi? "Allahın kitabındakı "Əgər onlar (möminlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!” ayəsinə əsasən” – deyə İmam (ə) cavab verdi. "Seçilib ayrılmaq deyildikdə nə nəzərdə tutulub?” – deyə İmamdan (ə) soruşdum. İmam (ə) cavab verdi: "Kafirlərin sülbündə əmanət qoyulmuş möminlərin nütfəsinin ayrılması və seçilməsi nəzərdə tutulub. Buna görə də Allahın əmanət qoyduqları (kafirlərin sülbündən dünyaya gələcək möminlər) zahir olmadıqca Qaim (ə.f) zühur etməyəcək. Elə isə Allah düşmənlərinin sülbündəki möminlər dünyaya gəldikləri (kafirlərin sülbündən ayrıldıqları) zaman Qaim də (ə.f) zühur edib Allah düşmənlərini qətlə yetirəcək”.( Biharül-ənvar, c/52, səh/97, hədis/19)
Şeyx Səduq "İləlüş-şərayi” kitabında bu hədisi başqa bir sənədlə (İmam Sadiqə (ə) istinad verilən İbrahim Kərxinin nəqlinə əsasən) qeyd etmişdir.
8. Qeybəçəkilmənin sirri Allahdan başqasına məlum deyildir;
Abdullah ibn Fəzl Haşimi deyir: İmam Cəfər Sadiqdən (ə) belə buyurduğunu eşitdim: "İmam Zamanın (ə.f) qeybə çəkilməsi qaçılmazdır. (Batil düşüncə sahibləri) Bütün batil axtarışında olanlar bunda şəkkə düşəcəklər”. İmama (ə) dedim: "Sənə fəda olum! Nə üçün?” İmam (ə) buyurdu: "Sizlər üçün aşkar etməyimiz icazəli olmayan bir işə görə”. "Onun qeybəçəkilməsinin hikməti nədir?” – deyə soruşdum. "Ondan öncəki ilahi bələdçilərin (Allah höccətlərinin) qeybəçəkilməsinin hikməti nə idisə, onun da qeybinin hikməti odur. Musa peyğəmbərə (ə) Həzrət Xızrın (ə) gəmini dəlməsinin, oğlan uşağını öldürməsinin və divarı ucaltmasının hikməti ondan ayrılandan sonra məlum olduğu kimi, onun qeybəçəkilməsinin hikməti də zühurundan sonra aşkarlanacaq. Ey Fəzlin oğlu! Bu iş Allahın işlərindən, Onun sirlərindən və onun qeybindən biridir. Allahın hikmət sahibi olduğunu bildiyimiz andan Onun bütün işlərinin hikmət əsasında olduğunu təsdiqləmişik. Hərçənd bu işlərin səbəbləri bizim üçün aşkar olmasa da belə”. (Kəmalüd-din, c/2, səh/481, fəsl/44, hədis/11)
Bu mərhələdə qeybəçəkilmənin səbəblərini bəyan edən hədislərə işarə edərək onları kateqoriyaya bölməyə çalışdıq. Amma bu səbəblərin araşdırılmasını digər mərhələlərdə həyata keçirəcəyik.