1-Qadın üçün ən yaxşı şey
Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı və iffətli olmaqla, təlaq və ayrılıq, qeyri-şər`i əlaqələr, ana bətnindəki uşaqların siqtinin (vaxtsız salınmasının), uşaqların başsız qalmasının və onlarla digər fəsadın qarışısı alınar.
Hicab mədəni və əxlaqi inqilabın çarxlarının hərəkətə gəlməsi üçün güclü amil, nəsillərin süqutu təhlükəsinin qarşısını almağın əsas bünövrəsi və ailə mühitinin qorunması amilidir.
İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, qadınların alış-veriş əşyası olmasının qarşısını alaraq, onları cəmiyyətin müxtəlif sahələrində, xüsusən tibdə, maarifdə (yə`ni cismin və ruhun sağlamlığında) müsbət və fəal bir qüvvəyə çevirir. Qur`ani-Məcid iki yerdə hicabı qadınlara vacib edir. Peyğəmbər (s) və imamlar (ə) da həmçinin buna çox tə`kid edirlər.
Hicab həqiqi azadlığın aradan getməsi üçün səbəb deyil, əksinə insanın həqiqi azadlığının carçısı, amili və onları əyri yollardan, tüfeyli həyat sürməkdən doğru və düzgün yollara sövq edir.
Bir gün səhabələr Həzrət Rəsulullahın (s) hüzurunda idilər. Həzrət (s) onlardan soruşdu: "Qadın üçün ən yaxşı şey nədir?”
Heç kəs düzgün cavab verə bilmədi. Həzrət Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s) soruşdu. Fatimə (ə) buyurdu: "Qadın üçün ən yaxşı şey odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin”.
Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: "Fatimə (ə) mənim bədənimin yarısıdır”.
İran və Əlcəzair inqilablarında qadının hicabı düşmən əleyhinə şəhidlərin qanından da güclü silah idi. Beləliklə, hicab bədbəxtlik və fəlakət amili deyil. Əksinə hicabsızlıq bədbəxtlik amilidir. Hicab isə inkişaf və ümidverici amildi.
2.Qızların və qadınların ailə qurması
Qız həddi-büluğa çatanda oğlanlar kimi evlənmək onun üçün də təbii olur. Bundan imtina etmək axar suyun əksinə üzmək kimi bir işdir. Bu, təkcə onun inkişafının qarşısını almaqla nəticələnmir, onu süquta uğradır. Xülasə, ailə qurmaq məsələsində qadının hüququna kamil şəkildə riayət olunmalıdır. Hər şeydən mühüm budur ki, evlənmək məsələsində toyu çətinləşdirmək, bərbəzəkli keçirmək, boş və mə`nasız xərclərə yol vermək kimi lazımsız əməlləri hər iki tərəf aradan qaldırmalıdır. Toy İslamın ilk vaxtlarındakı kimi çox sadə keçirilməlidir ki, hər iki tərəfdən heç kəs məşəqqətə düçar olmasın. Kişi azad olduğu kimi qız və qadınlar da özlərinə həyat yoldaşı seçməkdə azaddırlar. Belə işlərdə gərək qız və qadının şəxsiyyəti sınmasın. İki həyat yoldaşının razılığı və mehriban olmaları üçün gərək lazım olan tədbirlər görülsün. Bir sözlə, əgər kişi ilə qadının İslami hüquqlarına riayət olunsa, bir çox problemlər öz düzgün həllini tapacaq.
Həzrət Peyğəmbər (s) buyurub: "İslamda Allah yanında evlənmək kimi sevimli heç bir əməl yoxdur”.
İmam Sadiq (ə) buyurub: "Evlənməkdə əsas götürülən ölçü iffət və namuslu olmaqdır.
Həzrət Peyğəmbər (s) buyurub: "Qızınız üçün elçi gələnin yaxşı əxlaqı və dinindən razı qalsanız, ona müsbət cavab verin. Əgər belə etməsəniz, böyük bir fitnə-fəsad bərpa olacaq”.
Əlbəttə, oğlanın razılığı lazım olduğu kimi, gərək qızın da razılığına kamil şəkildə riayət olunsun. İndi isə bu əhvalata diqqət yetirin:
Peyğəmbərin dövrü idi. Cavan bir qızın atası, məsləhətləşmədən onun ailə qurması üçün toy tədarükü gördü. Cavan qız Peyğəmbərin (s) hüzuruna gdərək atasının bu əməlinə şiddətlə e`tiraz etdi. Peyğəmbər (s) o kişini hüzuruna çağırıb danladı və bu növ ailə qurmanı batil saydı. Qız Peyğəmbərin (s) və sonra da qohum-əqrəbasının yanına getdi və dedi: "Mən həqiqətdə bu evlənməyə razı idim. Ancaq istəyirdim qızlar başa düşsünlər ki, atalarının qızlarını ərə verməkdə tam ixtiyarları yoxdur”.
Cuvəybir adlı şəxsə (yoxsul qara zənci oğlana) ərə getməyə razılıq verən qız - "Zəlfa”nın əhvalatı - hamıya mə`lumdur və qızlar üçün yaxşı bir dərsdir. Bu əhvalat da Həzrət Peyğəmbərin (s) zamanında baş verib.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi