Nərgizin (ə) maraqlı yuxusu
Məleykə pak təbiətli bir qız olduğu üçün o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mə`nəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikir içində qərq etdi. O öz-özünə deyirdi: «Mənim axırım necə olacaq? Axırda hara gedəcəm? Pərvərdigara mənə kömək ol və mənə nicat ver».
O daim fikirli və qəmgin olardı. Bir gecə onu yuxu apardı. Yuxu aləmində gördü ki, cəddi Şəm`un Həzrət Məsihlə (ə) və Həzrət Məsihin (ə) ən yaxın sirdaşlarıyla birgə saraya daxil oldular. Birdən imperatorun taxtının yerində əzəmətli bir minbər qoyuldu. Sonra gördü ki, on iki nəfər çox xoş simalı, nurani və gözəl kişi saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: "Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əsgəridir (ə)”.
Birdən müşahidə etdi ki, İslam Peyğəmbəri (s) üzünü Həzrət Məsihə (ə) çevirərək dedi: "Biz bura Məleykəni Şəm`undan oğlum Həsən Əsgəriyə (ə) almaq üçün gəlmişik”.
Həzrət Məsih (ə) Şəm`una dedi: "Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Məhəmmədin (s) ailəsi ilə qohum et”.
Şəm`un bu təklifdən çox sevindi. Sonra Həzrət Məhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə İmam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. Sonra Həzrət Məsih (ə), Şəm`un və Həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (şahid olduqlarını bildirdilər).
Yuxu aləmində islamı qəbul etməsi
Məleykə deyir: "Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: "Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi ki, onların müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub dedi: "Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”
Ona dedim: Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlman dustaqlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr.
Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman dustaqlarının bir hissəsini azad etdi. Bə`zilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşırdı. Bu səbəb oldu ki, atam müsəlman dustaqlarından çoxunun ürəyini ələ almağa, bağışlamağa və onları razı salmağı əmr etdi. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), Həzrət Məryəm (ə) və bir neçə digər qadınla mənim yanım gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım İmam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, İmam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zarzar ağladım. Həzrət Fatimə (ə) buyurdu: "Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İmam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”.
Mən dedim: "Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”.
Həzrət (ə) buyurdu: "De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Məhəmmədən (s) rəsulullah”.
Mən dedim: "Allahın birliyinə və Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”.
Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu bağrına basıb nəvaziş etdi və buyurdu: "Sevin! Sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”
Yuxudan oyandım. Çox sevinirdim. Daim Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) görüşümə gəldi. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.
O buyurdu: "Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi