İmam Cavad əleyhissəlamın tükənməz elmindən nümunələr
1. İmam Cavad əleyhissəlamın fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavad (əleyhissəlam) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o Həzrətin, bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan deyir: "Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda, deyir: Bu gün Allahdan istədim ki, kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə?
— Xəlifə Mötəsimin məclisində İmam Cavad (əleyhissəlam) tərəfindən başıma gələn hadisəyə görə.
— Məgər nə baş vermişdir?
— Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavad əleyhissəlamı da çağırtdıraraq bizdən soruşdu: "Oğrunun əli haradan kəsilməlidir?”
Mən dedim ki, biləkdən kəsilməlidir. Xəlifə dedi: "Hansı əsasa görə deyirsən?” Mən dedim: "Çünki təyəmmüm barədə olan ayədə "ondan [torpaqdan] üzünüz və əllərinizə sürtün” deyildikdə, "əlləriniz” sözündən "biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər, bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki, oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki, dəstamaza aid olan ayədə "üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun” deyildikdə, "əlləriniz” sözündən məqsəd "dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavad əleyhissəlama tutub dedi: "Bu barədə sənin fikrin nədir?” O dedi: "Bunlar fətva verdilər, məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam) ) dedi: "İndi ki, and verirsən, onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: "Hansı əsasa görə?” O cavab verdi: "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın, əllərin iki ovucu, iki dizlər, ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək, yaxud dirsəkdən kəsilərsə, onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: "Şübhəsiz ki, bütün səcdəgahlar [səcdə üçün lazım olan yeddi bədən üzvü] Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.” Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”
2. Hədis uyduranlar rüsvay olurlar
Nəql olunur ki, Məmun öz qızını İmam Cavad əleyhissəlama verdikdən sonra özünün, İmam Cavad əleyhissəlamın, Yəhya ibn Əksəmin və bir çoxlarının iştirakı ilə bir məclis təşkil edir. Həmin məclisdə Yəhya, İmam Cavad əleyhissəlama deyir: "Belə nəql edirlər ki, Cəbrail (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: "Ey Məhəmməd! Allah sənə salam göndərərək buyurur ki, Mən Əbu Bəkrdən razıyam, ondan soruş, gör o da məndən razıdır? Bu hədis barədə sizin fikriniz nədir? ” İmam Cavad (əleyhissəlam) onun cavabında Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hədisini buyurur: "Mənim adımdan yalan danışanlar çoxalmış və məndən sonra daha da çoxalacaqlar. Kim mənim adımdan yalan danışırsa, yeri Cəhənnəmdə olacaqdır. Sizin üçün mənim dilimdən bir hədis söylənildikdə, onu Allahın kitabı (Quran) və sünnəmlə tutuşdurun, (bu vaxt) Quran və sünnəmə müvafiq olanı qəbul edin, (ancaq) Quran və sünnəmə müvafiq olmayanı isə qəbul etməyin.” Sonra İmam Cavad (əleyhissəlam) əlavə edib buyurur: "(Əbu Bəkr) barədə söylədiyin bu rəvayət Allahın kitabı (Quran) ilə uyğun gəlmir. Çünki Allah buyurmuşdur ki, "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq.” Məgər Əbu Bəkrin Allahdan razı qalıb-qalmaması Allahın Özünə məlum deyildi ki, onu Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşurdu? Bu, əqli nöqteyi-nəzərdən qeyri-mümkündür!” Yəhya deyir: "Rəvayət edilmişdir ki, Əbu Bəkrlə Ömərin yerdə olmaları Cəbrail (əleyhissəlam) ilə Mikailin asimanda olması kimidir.” İmam Cavad (əleyhissəlam) buyurur: "Bu hədis də, həqiqətlə uyğun gəlmir. Çünki Cəbrail (əleyhissəlam) və Mikail (əleyhissəlam) Allah dərgahında ən üstün mələklər olub əsla günah etməz və bir an da olsa belə, Allahın itaət çərçivəsindən kənara çıxmazlar. Əbu Bəkrlə Ömər isə vaxtilə müşrik olmuş, İslam dini meydana çıxdıqdan sonra müsəlman olmalarına baxmayaraq, ömürlərinin çoxunu müşriklik və bütpərəstliklə keçirmişlər. Deməli, Allahın Əbu Bəkrlə Öməri Cəbrail ilə Mikailə bənzətməsi qeyri-mümkündür!” Yəhya dedi: "Həmçinin, rəvayət edilmişdir ki, Əbu-Bəkrlə Ömər Cənnət qocalarının ağalarıdır. Bu hədis barədə nə deyirsən?” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu hədisin də doğru olması qeyri-mümkündür! Çünki Cənnət əhlinin hamısı cavan olacaq və onların arasında bir dənə də, qoca olmayacaq. Bu hədisi Bəni-Üməyyə Peyğəmbərin (səlləllahu əleyhi və alih) "Həsənlə Hüseyn (əleyhimassəlam) Cənnət gənclərinin ağalarıdır” hədisinin qarşısına çıxarmaq üçün uydurmuşlar.” Yəhya dedi: "Rəvayət edilmişdir ki, Ömər ibn Xəttab Cənnət əhlinin çırağıdır.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da mümkün olan şey deyil! Çünki Allahın yaxın mələkləri, Həzrət Adəm (əleyhissəlam), Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və bütün peyğəmbərləri Cənnətdə olacaqlar. Necə ola bilər ki, mələklər, peyğəmbərlər qala-qala Cənnət Ömərin nuru ilə işıqlansın?” Yəhya dedi: "Rəvayətdir ki, Ömər nə deyirsə, mələyin dilindən deyir.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Mən Ömərin fəzilətini inkar etmirəm, lakin Əbu Bəkrin Ömərdən daha fəzilətli olmasına baxmayaraq, o, minbərdə olarkən deyirdi ki, mənim, məni düz yoldan çıxaran bir şeytanım var. Düz yoldan çıxdığımı gördükdə, məni düz yola tərəf cəlb edin.” Yəhya dedi: "Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: Əgər mən Peyğəmbər seçilməzdimsə, onda mütləq Ömər Peyğəmbər seçiləcəkdi.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Daha doğrusunu Quran buyurur. Allah Quranda buyurur ki, "[Ya Rəsulum!] Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da...” Bu ayədən açıq-aşkar başa düşülür ki, Allah peyğəmbərlərdən əhd almışdır. Belə olduğu halda, necə ola bilər ki, Allah Öz əhdinə vəfa etməsin (əhdini dəyişdirsin)? Peyğəmbərlərin heç biri bir göz qırpımı qədər də Allaha şərik qoşmadıqları halda, necə ola bilər ki, Allah ömrünün çoxunu bütpərəstliklə keçirmiş bir şəxsi Peyğəmbər seçsin? Bundan da əlavə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü buyurmuşdur ki, Adəm (əleyhissəlam) hələ yaranmamışdan qabaq mən Peyğəmbər idim.” Yəhya dedi: "Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: Vəhy məndən kəsildikdə mən belə güman etdim ki, vəhy (Ömərin atası) Xəttabın ailəsinə nazil olur. Yəni nübüvvət (peyğəmbərlik) məndən onlara keçmişdir.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da qeyri-mümkündür! Ona görə ki, Peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsi mümkün olası iş deyildi. Çünki Allah buyurmuşdur: "Allah mələklərdən də Peyğəmbər seçər, insanlardan da...” (Deməli, Allahın Öz seçimi ilə artıq Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyində şəkk etməsinə heç bir lüzum qalmır). Yəhya dedi: "Rəvayət edilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: "Əgər (yer üzünə) bəla gəlsəydi, Ömərdən başqa heç kəs canını qurtara bilməzdi.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da qeyri-mümkündür! Çünki Allah-taala Peyğəmbərə (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib] bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. Deməli, nə qədər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) camaatın arasındadır və nə qədər ki, müsəlmanlar Allahdan bağışlanmalarını diləyirlərsə, Allah onlara əzab verməz.”
Kitabın adı: İmam Muhəmməd Təqi əleyhissəlamın həyatı