198. İslam
957. İslam
Qur‘an:
«Həqiqətən, Allahın yanında yeganə din İslamdır.»
«Kim İslamdan qeyri bir dini seçərsə, heç vaxt ondan qəbul edilməyəcək və axirətdə xəsarətə uğrayanlardan olacaqdır.»
Hədis:
3077. Allahın Peyğəmbəri (s):«İslam üstün olaraq qalacaq və heç bir şey ondan üstün olmayacaq.»
3078. Allahın Peyğəmbəri (s):«Kimin İslamı gözəl və həqiqi olarsa, öz cahiliyyət dövründə etdiyi əməllərə görə sorğu-suala çəkilməyəcək. Kimin İslamı pis, çirkin olarsa, etdiyi və edəcəyi əməllərə görə hesabatı aparılacaq.»
3079. İmam Əli (ə):«İslamdan böyük şərəf yoxdur.»
3080. İmam Əli (ə):«Həqiqətən, bu İslam Allah-taalanın özü üçün seçdiyi dindir. Öz nəzarəti altında tərbiyə etdiyi yaradılmışların ən yaxşısına onu təbliğ etməyi əmr etdi. Onun sütunlarını Öz məhəbbəti üzərində qurdu. Onun izzətilə digər dinləri xar etdi və onu ucaltmaqla başqa məzhəbləri aşağı endirdi.»
3081. İmam Əli (ə) (İslamı vəsf edərkən): «İslam ən işıqlı yol, ən aşkar keçiddir. Onun yol nişanələri uca, baş yolu parlaq, çıraqları işıqlı və nur saçandır.»
958. Müsəlman kimdir?
3082. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və nalayiq sözlər deməz.»
3083. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, yalan söyləməz və onu tək, köməksiz qoymaz.»
3084. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın güzgüsüdür.»
3085. İmam Sadiq (ə):«Müsəlman odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar. Mömin odur ki, insanlar öz mallarında və canlarında onu əmin bilsinlər.»
959. İslamın dayaqları
3086. Allahın Peyğəmbəri (s):«İslam çılpaqdır. onun libası həya, zinəti vəfa, mərdliyi xeyir və ləyaqətli əməl, sütunu «vərə»dir (günahlardan çəkinmək). Hər şeyin dayağı var, İslamın dayağı da biz – Əhli-Beytə (ə) məhəbbətdir.»
3087. Allahın Peyğəmbəri (s):«İslamın dayağı mənə və mənim Əhli-Beytimə (ə) məhəbbətdir.»
3088. İmam Əli (ə):«İslamın yeddi dayağı var: onlardan birincisi əqldir və səbr onun üzərində qurulubdur. İkinci dayaq abrı saxlamaq və doğru danışmaqdır. Üçüncü dayaq Qur‘an oxumaqdır (lazımi qaydada və peyğəmbərə nazil olduğu kimi). Dördüncü dayaq Allaha xatir dostluq və düşmənçilik etmək, beşincisi Ali Məhəmmədin haqqı və onların vilayətini tanımaqdır. Altıncı dayaq (din) qardaşlarının haqqı, onların himayəsi və müdafiəsidir. Yeddinci dayaq insanlarla gözəl qonşuluq etməkdir.»
3089. İmam Baqir (ə):«İslam 5 sütun üzərində qurulubdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allahın evi olan Kəbənin həcc ziyarəti və biz Əhli-Beytin(s) vilayəti.»
3090. İmam Rza (ə):«İmamət İslamın artan kökü və uca şaxəsidir.»
960. İslamın mənası
3091. Allahın Peyğəmbəri (s):«İslam qəlbini təslim etməyin və müsəlmanların sənin əlindən, dilindən rahatlıqda və amanda olmasıdır.»
3092. Allahın Peyğəmbəri (s):«Gününü başlayan və müsəlmanların işlərindən ötrü çalışmayan şəxs müsəlman deyil.»
3093. İmam Əli (ə):«İslam elə təslim olmaq, təslim elə əminlik, əminlik elə təsdiq, təsdiqin özü e‘tiraf, e‘tiraf elə icra və icra elə əməldir.»
3094. İmam Əli (ə):«Xəyanətdən uzaqlaşın. Çünki xəyanət İslamdan uzaqdır.»
3095. İmam Əli (ə):«Müsəlmanın əleyhinə kömək edən şəxs İslamdan uzaqdır.»
3096. İmam Sadiq (ə) (O Həzrətdən suallar soruşan və cavab aldıqdan sonra «Allaha and olsun, İslama gəldim» deyən Şam əhlindən bir nəfərə xitabından): «Xeyr. Əksinə, indi Allaha iman gətirdin. İslam imandan qabaqdır. İslamın vasitəsilə bir-birindən irs aparar, bir-biri ilə evlənərlər. Amma imanın vasitəsilə savab və mukafat qazanarlar.»
3097. İmam Sadiq (ə):«İslamın vasitəsilə insanların qanı qorunur, əmanət sahibinə çatdırılır, evlənmək halal olur, ancaq savab imanın müqabilində verilir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild