419. Yəqinlik
1893.Yəqinlik
Qur‘an:
«Dözümlülük göstərdiklərinə və Mənim nişanələrinə yəqinliyi olduqlarına görə onlardan bəzilərini bizim əmrimizə (camaata) yol göstərmək üçün rəhbər etdik.
Hədis:
6818. Allahın Peyğəmbəri (s): «Ürəyə atılmış ən yaxşı şey yəqinlikdir.»
6819. İmam Əli (ə): «Ey camaat! Allahdan yəqinlik istəyin, Ondan sağlamlıq diləyin, çünki ən böyük nemət sağlamlıq, ürəkdə ən davamlı olan isə yəqinlikdir. Ziyana düşən odur ki, dinində ziyana uğramış olsun. Paxıllığı çəkilən odur ki, yəqinliyinə paxıllıq çəksinlər.»
6820. İmam Əli (ə): «Ürəyi yəqinliyin sərinliyini dadmış insan necə də böyük səadətə qovuşmuşdur.»
6821. İmam Əli (ə): «Son məqsədə yalnız yəqinliklə çatarlar.»
6822.İmam Əli (ə): «Yəqinliyin gücü dinin (dindarlığın) ölçüsüylədir.»
6823. İmam Əli (ə): «Yəqinlik imanın sütunudur.»
6824. İmam Əli (ə): «Yəqinlik olduğu yuxu şəkklə qılınan namazdan yaxşıdır.»
6825. İmam Baqir (ə): «Heç bir şey yəqinlik qədər camaat arasında az bölünməyib.»
6826. İmam Sadiq (ə): «İman İslamdan, yəqinlik isə imandan üstündür. Yəqinlikdən daha az tapılan bir şey də yoxdur.»
6827. İmam Sadiq (ə): «Daimi və azacıq əmək yəqinliklə müşayiət olunarsa, Allahın yanında yəqinlik olmadan edilən çox əməldən yaxşıdır.» (Bax, «Şəkk» bölümü, 1046-cı fəsil.)
1894. Yəqinlik elmi.
Qur‘an:
«Haşa, yəqinlik elminiz olsaydı, heç şübhəsiz ki, cəhənnəmi görərdiniz. Bəli, onu yəqinlik elmi ilə görürlər. Bu elə (yer üzündə olan) nemətləri haqda sorğu-suala tutulacağınız gün olacaq.»
«Göylərin və yerin mələkkutul… Beləcə İbrahimə göstərdik ki, yəqin olmuşlardan olasınız.»
Hədis:
6828. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Üç şeyi bəndələrimin gözündən gizlin saxlamışam. Kimsə onları görsə, heç vaxt pis əməl törətməz: Öz pərdəmi kənara çəksəm və Məni görüb yəqinlik hasil etsə və yaratdıqlarımı öldürdükdən sonra onlarla nə edəcəyimi bilsə…»
1895. Yəqinliyin izahı
6829. «Biharul Ənvar»: «Cəbrayıl Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: Ey Allahın Peyğəmbəri (s)! Allah-taala məni elə bir hədiyyəyilə sənin yanına göndərib ki, onu səndən əvvəl heç kimə verməyib. Allahın Peyğəmbəri (s) buyurdu: O hədiyyə nədir? Cəbrayıl dedi: Səbr və ondan daha yaxşı olan yəqinlik. Allahın Peyğəmbəri buyurdu: Dedim ki, (de) yəqinliyin izahı nədir? Dedi: Yəqini olan şəxs Allah üçün sanki, onu görürmüş kimi iş görür. Çünki o Allahı görməsə də Allah onu görür. Eyni zamanda tam yəqinliklə ona çatanın çatmamasının qeyri-mümkünlüyünə və çatmayanın da çatmasının mümkünsüzlüyünə inanır. Bunların hamısı təvəkkülün budaqları və zahidliyin nərdivanıdır.»
6830. İmam Əli (ə): «İslam elə (Allahın qarşısında) təslim olmaqdır. Təslim də edə yəqinlik, yəqinlik isə təsdiq, təsdiq də e‘tiraf, e‘tirafın özü də yerinə yetirmək, yerinə yetirmək isə əməl etmək deməkdir.»
1896. Yəqinlik əhlinin nişanələri
6831. Allahın Peyğəmbəri (s): «Yəqinliyi olan şəxsin altı nişanəsi olar: (Birinci) Allahın haqq olduğuna yəqin olar və buna görə də ona iman gətirər, (ikinci) ölümün doğru olduğuna yəqinliyi olar və buna görə də ondan çəkinər, (üçüncü) ölümdən sonra dirilməyin haqq olduğuna yəqin olar və bu səbəbdən də (həmin günün) rüsvayçılıqdan qorxar, (dördüncü) cənnətin düz olduğuna yəqinliyi və ona görə də cənnətə müştaq olar, (beşinci) cəhənnəmin düz olduğuna yəqinlik tapar və buna görə də ondan xilas olmağa çalışar və (altıncı) sorğu-sualın haqq olduğuna yəqinliyi olar və buna görə də özünü sorğu-suala tutar.»
6832. İmam Əli (ə): «Arzuların qısalığı və əməlin xalisliyi, dünyaya rəğbətin olmaması yəqinliyin dəlilidir.»
6833. İmam Əli (ə): «Dostlarından ayrılacağına, torpaqda yer tutacağına, hesab-kitabla üzləşəcəyinə, qoyub getdiyinin onun işinə yaramayacağına və qabaqcadan göndərdiklərinə yəqinliyi olan kimsə arzularını qısaldıb iş və əməl görməyə çalışar.»
6834. İmam Əli (ə): «Pak olan Allahın onu gördüyünü yəqinliyi ola-ola, yenə də itaətsizlik göstərən, heç şübhəsiz ki, Allaha ən aşağı gözlə baxmışdır.»
1897. Yəqinliyi zay edən şeylər
6835. İmam Əli (ə): «Şəkk və istəklərin üstün gəlməsi yəqinliyi zay edər.»
6836. İmam Əli (ə): «Dində mübahisələr yəqinliyi aradan götürər.»
6837. İmam Əli (ə): «Dünyapərəstlərlə qaynayıb-qarışmaq dini eybli, yəqinliyi isə süst edər.»
6838. İmam Sadiq (ə): «Həris adam iki xüsusiyyətdən məhrum olar və digər iki xislət daima onunla olar: «Qənaətcillikdən məhrum olar və buna görə də asayişi olmaz. Şadlıqdan məhrumdur və buna görə də yəqinliyini əldən vermişdir.»
1898. Yəqinlikdə süstlük
6839. Allahın Peyğəmbəri (s): «Mən ümmətim üçün yəqinlikdə süstlük qədər heç bir şeydən qorxmuram.»
6840. Allahın Peyğəmbəri (s): «Böyük Allahı qəzəbləndirməklə camaatı şad etməyin, Allahın sənə verdiyi ruziyə görə onlara həmd və şükr etməyin, Allahın sənə vermədiyinə görə camaatı məzəmmmət etməyin yəqinliyin süstlüyündəndir.»
1899. Yəqinliyin səmərələri
6841. İmam Əli (ə): «Yəqinliyin ən son həddi ixlas, ixlasın sonu isə xilas və qurtuluşdur.»
6842. İmam Əli (ə): «İnsanın fani olanlara rəğbətliliyi, onun əbədi olanlara yəqinliyinin dərəcəsi ilədir.»
6843. İmam Əli (ə): «Təvəkkül etmək yəqinliyin qüvvətindədir.»
6844. İmam Sadiq (ə): «Dözümlülük yəqinlikdəndir.»
6845. İmam Sadiq (ə): «Çətin qəzavü-qədərə şad olmaq yəqinliyin ən yüksək dərəcələrindəndir.»
1900. Yəqinliyin artması
6846. İmam Əli (ə): «Pərdə də kənara çəkilsə, mənim yəqinliyimə heç nə artmayacaqdır.»
6847. İmam Kazim (ə): «Ey Allahın bəndələri! Özünüzü islah etməklə Allahın nemətlərini qoruyun ki, yəqinliyiniz artsın və dəyərli, qiymətli fayda götürəsiniz.»
6848. İmam Rza (ə) (Allah-taalanın İbrahimə (ə) buyurduğu «İmanın yoxdur?» Var, ancaq ürəyimin rahatlaşması üçün istəyirəm» sözlərlə əlaqədar verilmiş «Məğər onun qəlbində şəkkmi vardı?» sualına cavabından): «Allahdan onun yəqinliyini artırmasını istəyirdi.»
İlahi! Məhəmmədə və Onun Ailəsinə salam olsun. Bizim imanımızı imanın ən yüksək həddinə, yəqinliyimizi yəqinliyin ən yüksək dərəcəsinə çatdır və bizdən qəbul et. Ey, pislikləri yaxşılıqlara çevirən, ey mehribanların ən mehribanı!
Allahın şükr və həmdi, Onun uğurunu bizləri müşaiyət etməsi sayəsində «Mizanul-Hikmə» kitabının müntəxabatı üzərində iş başa çatdı. Onun redaktə və tərtibat işləri min dörd yüz iyirmi birinci hicri qəməri ilinin Zilqəddə ayının on beşində tamamlandı.
İşi başlayanda və görəndə şükr və həmd Allaha məxsusdur. Məhəmmədə (s) və Onun Ailəsinə (ə) Allahın salamı olsun!
Vəssalam!
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild