Həzrət Məhəmməd (s) buyurmuşdur:
1. Allah-Təala buyurdu: «Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər.»
2. Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı özü) əzizləməlidir.
3. Qurani-kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər ilahi dərgahın və Tanrı mülküdür. Onların (minarələrinin) ucaldılmasına icazə vermiş və bərəkətli etmişdir. Məscidlər və məscid əhli bərəkətlidir. Məscidlər və məscid əhli (ilahi gözəllik və xeyir-duası ilə) zinətlənmişdir. Məscidlər və məscid əhli (ilahi bəlalardan və günah girdablarından) amandadırlar. Məscid əhli öz namazlarının və Allah-Təala da onların ruzisinin qeydinə qalır. Onlar öz məscidlərindədirlər və Allah-Təala onlara arxa-dayaqdır.
Məscid Allahın nurudur
4. Həzrət Məhəmməd (s): «Məscidlər Tanrı nurlarıdır.»
Məscid Peyğəmbərlərin məclisidir
5. İmam Əli (ə): «Məscidlər peyğəmbərlərin məclisi və Şeytandan qorunmaq vasitəsidir.»
Məscid İlahi övliyaların şəhadət yeridir
6. İmam Sadiq (ə): «Elə bir məscid yoxdur ki‚ Peyğəmbərin (s) qəbri və ya onun qətlə yetirilmiş canişininin qanı üzərində qurulmamış olsun. Allah-Təala belə məkanda ibadət olunmağı sevir. Buna görə də‚ orada həm vacib‚ həm də müstəhəbb namaz qıl və həmçinin (orada) qəza namazlarını da yerinə yetir.»
Məscid hər pəhrizkar insanın sarayıdır
Həzrət Məhəmməd (s) buyurmuşdur:
7. Məscid hər təqvalı insanın sarayıdır.
8. Məscid hər bir möminin evidir.
Məscidlər ən dəyərli məkanlardır
Həzrət Məhəmməd (s) buyurmuşdur:
9. Cəbrayıl (ə) nəql edir: «Allah-Təala buyurdu: «Məscidlər ən dəyərli məkanlardır.»
10. Allah-Təalanın yanında ən sevimli yerlər məscidlərdir.
11. Yer üzərindəki ən dəyərli məkanlar dörddür: Kəbə‚ Beytül-müqəddəs‚ Quran oxunan ev və məscidlər.
12. İmam Sadiq (ə): «Allah-Təala yer üzündəki altı məkanı seçmişdir: Beytullahül-həram (Kəbə)‚ hərəm‚ peyğəmbərlərin məzarları‚ (onların) canişinlərinin qəbirləri‚ şəhidlərin qətlgahları və Tanrıya ibadət olunan məscidlər.»
Məscidlər Behişt bağlarıdır
13. Rəsulallah (s): Məscidlər Behişt bağlarıdır.
14. Allahın Rəsulu (s) buyurdu: «Behişt bağlarına yolunuz düşdükdə orada gəzin». Soruşdum: «Ey Allahın Rəsulu (s)! «Behişt bağları»ndan məqsəd nədir?» Buyurdu: «Məscidlər.» Dedim: «Ey Allahın Rəsulu (s)! «Gəzmək»dən məqsəd nədir?» Buyurdu: «Subhənəllah vəl-həmdulilləh və lə ilahə illəl-lah vəllahu əkbər (söyləmək).»
Kitabın adı: Məscid
Müəllif: Məhəmməd Reyşəhri