Hiyləgərə möhkəm cavab
İmam Əliylə (ə) Müaviyə arasında baş verən «Siffeyn» müharibəsi 18 ay çəkdi. Bu müharibədə Peyğəmbərin (s) ən böyük səhabələrindən olan Əmmar Yasir İmam Əlinin qoşununda idi. Müsəlmanlar Peyğəmbərin (s) Əmmara xitab edib buyurduğu:
تَقْتُلُكَ الْفِئَةُ الْباغِيَةُ
«Səni zülmkar bir dəstə qətlə yetirəcək» kəlamını bilirdilər. Əmmar bu müharibədə şəhid oldu. Onun şəhid olmasından sonra Müaviyə və onun qoşununun zülümkar olması hamıya mə’lum oldu. Çünki Əmmarı onlar qətlə yetirmişdilər. Bu vaxt Müaviyə hiyləyə əl ataraq e’lan etdi ki, Əmmarı Əli öldürüb. Çünki onun bu müharibəyə gəlib qətlə yetirilməsinə səbəb Əlidir. Müaviyə bu hiylə ilə bir dəstəni aldatdı. Bu xəbər İmam Əliyə (ə) çatdı. İmam buyurdu: Müaviyənin dediyi söz düz olsa, onda Həmzəni (Peyğəmbərin (s) Bədr müharibəsində şəhid olan əmisi) Peyğəmbər (s) öldürüb. Çünki onun müharibəyə gəlməsinə səbəb Peyğəmbər idi. Əmr Asın oğlu Əbdullah İmamın bu cavabını Müaviyəyə çatdırdı. Müaviyə bu cavabı eşidəndə elə qəzəbləndi ki, Əmr Asa dedi: Axmaq oğlunu məsciddən çıxart!
Əmmarın şəhid olması Müaviyənin qoşununun ruhiyyəsini zəiflətmişdi. Çünki onlar Peyğəmbərin (s) Əmmar haqqında buyurduğu hədisi bilirdilər. Lakin bununla belə, Müaviyənin işlətdiyi hiylə onları elə aldatdı ki, öz xeymələrindən çıxıb qışqırırdılar: "Əmmarı müharibəyə gətirən şəxs qətlə yetirdi».
Tarixdə daha bir hadisə
Qədim zamanlarda (Adəm peyğəmbərin dövranı kimi) qurban kəsənlər öz qurbanlıqlarını dağın başına qoyurdular. Bu vaxt bir atəş gəlib o qurbanlığı yandırsaydı, deməli qurbanlıq qəbuldur. Yox, heç bir atəş gəlib onu yandırmasaydı deməli, qurbanlıq qəbul olunmayıb.
Həccac ibn Yusif Səqəfi xəlifə tərəfindən İraqın hakimi idi. O tarixin ən böyük cinayətkarlarından hesab olunur. Həccac öz müxalifləri ilə müharibə edərkən onların Kə’bə evinə pənah aparmalarını gördü. Lakin o Kə’bənin hörmətini sındırıb onu darmadağın etdi. Kə’bənin yandırılmasından narahat olan, qorxuya düşən dəstə üzvlərini sakitləşdirmək məqsədi ilə onlara dedi: Bu atəş sizin nahaq olmağınızın əlaməti deyil, qurbanlığı yandırıb onun qəbul olunmasını bildirən atəşdir. Deməli, sizin də bu işiniz Allah dərgahında qəbuldur. Bununla da o, özünün və dəstəsinin etdiyi ən böyük cinayətə bəhanə gətirdi.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti