Dinini dünyaya satan
Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdur.
O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu bey`ətə də`vət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu də`vətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; «Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək alaq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.»
Müaviyə Əmr Asa məktub yazaraq onu Şama də`vət etdi. Nəticədə Əmr As onun də`vətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:
Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.
Əmr As: O kimdir?
Müaviyə: Əli!
Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət, cihad, Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın ne`mətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?
Müaviyə: Hər nə istəsən verərəm.
Əmr As: Mən Misrin hökumətini istəyirəm.
Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.
Əmr As – «Bu sözləri kənara qoy» dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada də`vət edərək buyrudu:
«Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra bey`ət etdi. Bu sövdələşmədə «satıcının» əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.»
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)