Cəbr və ixtiyar bəhsi islam aləmində ən qədim və mübahisəli məsələlərdəndir. Lakin bu barədə bir nöqtəyə diqqət yetirmək lazımdır. O da insanların azad və işlərində ixtiyar sahibi olmağıdır. Biz vicdanımızla dərk edirik ki, əlimizin hərəkəti ürəyimizin döyünməsi ilə fərqlidir. Çünki ürəyimizin döyünməsi öz ixtiyarımızda deyil. Amma əlimizin hərəkəti öz ixtiyarımızdadır. Digər bir misal: şəhərə çəkilmiş su borularını təsəvvür edin. Borular əvvəlcə su mənbəyindən şəhərə, sonra küçələrə, daha sonra isə evlərə çəkilir. Borularla axan suyun əvvəlcə şəhərə gəlib, sonra evlərə axması bizim əlimizdə deyil. Amma suyu açıb işlətmək və ya bağlamaq bizim ixtiyarımızdadır. Bizim həyatdakı işlərimiz də belədir. Onların bir miqdarı Allahın ixtiyarında, bir miqdarı isə öz əlimizdədir. Deməli, gördüyümüz işləri tam Allahın boynuna yıxmaq düz deyil. Eləcə də bütün hadisələri insanların iradəsinə bağlı etmək də düzgün deyil.
İnsanın ixtiyarlı məxluq olmasına aid dəlillər
1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. Yə’ni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir.
2. Peşman olmaq: Gördüyümüz bə’zi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik.
3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir.
4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məs’uliyyətindən boyun qaçırmaq olmaz.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti