Qırx-əlli tərkibli nəsihətlərdən ibarət olan bölmə
◘Fəzl İbn Yəssar deyir: "Həzrət Sadiq (ə) buyurmuşdur ki, hər kəs şərab içsə qırx gün namazı qəbul olunmaz. Əgər bu günlərdə namaz qılmazsa əzabı iki qat olar. Hər kəs əvvəl qırx mö`min qardaşı üçün dua edib sonra özü üçün dua etsə, Allah həm onun duasını qəbul edər və həm də onun qardaşları barədə etdiyi duaları.”
◘Yenə İmam Cə’fər Sadiq (ə) buyurub: "Elə ki, bir mö`min dünyadan getdi və mö`minlərdən qırx nəfəri onun dəfn mərasimində iştirak edib "Pərvərdigara, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik, Sən Özün onun vəziyyətindən daha agahsan.” - desələr Allah tərəfindən xitab olunar: "Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz olmadığı günahlarını da qəbul etdim.” (Bir şərtlə ki, əqidəsi səhih olmuş olsun.)
◘Həzrət Əli (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan tükləri təmizləməyi qırx gündən artıq tə`xirə salmamalıdır.”
◘Həzrət Riza (ə) ata-babalarından (ə) həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Me`racda olarkən ərşdən asılmış bir kişi gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: "Şikayət etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: "Qırx ata.” (yə`ni insan gərək bacardığı və tanıdığı qədər öz ata-babalarını yad edərək, hətta, qırx nəsil özündən qabaqkıların da, əldən vermiş olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.)
◘Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: "Mənim ümmətimdən hər kəs camaatın ehtiyac duyduğu məsələlər barədə qırx hədis əzbərləyib (onlara çatdırsa), Allah-təala Qiyamət günü onu fəqih kimi məhşur edər.”
◘Həzrət İmam Cə’fər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: "Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaqdan ötrü qırx hədis əzbərləsə, Allah-təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır.” Həzrət Əli (ə) ərz etdi: "Ya Rəsuləllah, bu hədislərdə məqsəd nədir?” Həzrət buyurdu: "Məqsəd budur ki, heç bir şəriki olmayan yeganə Allaha iman gətirəsən, Ondan başqa heç kəsə pərəstiş etməyəsən, fərəh və həvəslə dəstəmaz alıb namazlarını öz vaxtında qılasan, çünki, heç bir üzrü olmadan namazı tə`xirə salmaq Allahın qəzəbinə səbəb olar, zəkat verəsən, Mübarək Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə gedəsən, ata-ananı incitməyəsən, yetimin malını haqsız yerə yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, ləvat etməyəsən, söz gəzdirməyəsən, yalandan Allaha and içməyəsən, israf etməyəsən, heç kəs barəsində istər yaxın olsun, istərsə də uzaq, yalandan şahidlik etməyəsən, böyük, kiçik hər kəsdən haqqı qəbul edəsən, zalıma - yaxın qohumun olsa da, e`timad etməyəsən, nəfsani istəklərinə uymayasan, pakdamən qadınlara böhtan atmayasan, azacıq da olsa riya etməyəsən, çünki, azacıq riya Allaha şərik qoşmaq deməkdir. Eyiblərini üzlərinə vurmaqdan ötrü balaca boylu insana "balacaboy”, hündür boylu insana da "uzunduraz” deməyəsən, Allahın yaratdıqlarından heç birini məsxərə etməyəsən, bəla və müsibətlər müqabilində səbirli olasan, Allahın verdiyi ne`mətlərə görə Ona şükür edəsən, özünü etdiyin günahların cəzasından amanda hiss etməyəsən, Allahın rəhmətindən naümid olmayasan, günahlarından tövbə edəsən, çünki, tövbə edən günahı etməyən kimidir. Günahı israrla təkrarlamayasan və ardıcıl olaraq istiğfar edəsən. Günahda davamlı olmaq Allahı və peyğəmbərləri məsxərəyə qoymaq deməkdir. Bil ki, sənə yetişən hər hansı bir şey (Alahın təqdirinə uyğun olaraq) qarşısıalınmazdır və əlinə gəlməyən bir şeyin də yetişməsi qeyri-mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və heç vaxt dünyanı axirətdən üstün tutma. Çünki, dünya fani və müvəqqəti, axirət isə əbədidir. Əlində olanları xəsiscəsinə qardaşlarından gizlətmə. Batinin də zahirin də bir olsun, zahirin gözəl batininsə çirkin olmasın, çünki, belə olsa münafiq hesab olunarsan. Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı düzgün rəftar et, onlarla nahaq davranma, qohumlara və yadlara qarşı sərt və xırdaçı olma, zülümkar və qəddar olma, "Sübhanallah” və "La ilahə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən sonrakı həyatı (məadı, cənnət və cəhənnəmi) çox yad et, çoxlu Qur`an oxu və öz rəftarını da ona uyğunlaşdır, mö`min və mö`minələrə ehsan etməyi qənimət bil, diqqətli ol, özün üçün bəyənmədiyin bir şeyi başqalarına da rəva bilmə, xeyir işdən bezmə, öz yükünü başqasının çiyninə atma. Elə ki, bir kəsə yaxşılıq etdin, bu yaxşılığına görə ona minnət qoyma. Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt qismət etsin. Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə və ümmətə çatdırsa Allahın rəhməti sayəsində behiştə gedər. Belə bir şəxs Allah yanında peyğəmbərlər və vəsilərdən sonra ən sevimli bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!”
◘Həzrət Sadiq (ə) buyurub: ”Hər bir bəndə qırx yaşına qədər genişlik və rahatlıqda olur. Elə ki, qırx yaşına çatdı Allah-təala onun əməllərinə nəzarət edən mələklərə əmr edər ki, Mən Öz bəndəmə uzun ömür verdim. Artıq, bundan sonra onun hər bir kiçicik əməllərini də diqqətlə yazın və ona qarşı daha tələbkar olun.”
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
Müəllif: Ayətullah Meşkini