106.Zillətə səbəb olan hərəkətlərdən çəkindirmək
Həzrət Əli (əleyhissalam) Kufədən Siffeyn cəbhəsinə doğru (Şam nahiyəsi) hərəkət etdi. Yol boyunca Ənbar şəhərindən keçdikdə şəhər kəndxudaları İmama ehtiram əlaməti olaraq öz atlarından yerə enərək (Ənbar camaatı bu şəkildə şahlara və böyüklərə ehtiram qoyurdular) Əli (əleyhissalam)-a sarı yüyürüb onun qabağına qaçırdılar. İmam Əli (əleyhissalam) üzünü onlara tutub buyurdu: «Bu hərəkətlərinizin mə`nası nədir?»
Cavab verdilər: «Bu bir adətdir ki, biz onunla öz başçılarımıza hörmət bəsləyirik.»
İmam buyurdu: «And olsun Allaha, başçılarınız belə işlərdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada məşəqqət və çətinliyə salır, axirətdə isə bədbəxtliyə sarı sürükləyirsiniz. Ardınca Allah cəzası olan məşəqqətin ziyanı böyükdür.
İnsanı İlahi əzablardan qoruyan sakitliyin sayəsi isə çox faydalıdır.
Həzrət Siffeyn cəbhəsindən qayıdıb Kufəyə varid olduqda, Şəbamiyyin qəbiləsi yaşayan küçədən keçirdi ki, arvadların Siffeyn müharibəsində ölənlər üçün ağlamasının şahidi oldu. Bu zaman qəbilənin başçılarından Hərb ibni Şərəcil adlı bir nəfər Həzrətin hüzuruna gəldi. İmam ona buyurdu: «Görəsən bu qadınları sakitləşdirə bilməzsiniz?!»
Bu vaxt İmam yanınca hərəkət edən Hərbə buyurdu:
«Sən qayıt, çünki, sənin kimi bir şəxsin mənim kimi adamın yanınca piayada gəlməsi hakim üçün qürur, mö`min üçün isə zillətdir.»
Bu tərtiblə İmam Əli (əleyhissalam) yaltaqlıq və xarlıq nişanəsi olan zilləti onlardan uzaqlaşdıraraq bəşəriyyətə yüksək təbiətli olmağı, özünə qiymət verməyi öyrətdi.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)