Birisi torpaq əkər zəhmət ilə, can-baş ilə,
Birisi alver edər, pul qazanar, daş-qaş ilə,
Birisi can da deyər, sirdaş olar qardaş ilə,
Olsa imkanı kəsər bir neçə qurban belədir.
*********************************
Millətin dərdini çəkməz, nə işi millət ilə,
Deyər Allah işidir, qoy yaşasın zillət ilə,
Məclisə daxil olar, söhbət edər minnət ilə,
Söyləyər salim olum, bir neçə nadan, belədir.
***********************************
Alimə tənə edər heç cürə saymaz sözünü,
Xeyrinə olmasa söz, onda bərəldər gözünü,
Namazı fovtə verər, çox tutar yüksək özünü,
Bu qəbildən deyirəm, bir neçə insan belədir.
**********************************
Əməli saleh olan heç kimi verməz ayağa,
Kasıba, əlsiz-ayaqsızlara vercək sadağa,
Düşəcəklər bilirəm hər cürə işdə qabağa,
Bu camaat görəcək, ondakı iman belədir.
**********************************
Dükana girsən əgər aldadacaq, çarəsi yox,
Kəsəcək 100 qramı, batsın onun qarnına ox,
Yığsa da pul nə qədər olmayacaq heç gözü tox,
İşləyibdir qanına, ondakı vicdan belədir.
************************************
Rüşvətə durma yaxın, çünki onun zilləti var,
Döndərər heyvərəyə, rüşvət alan qorxaq olar,
Aldığı rüşvətə, o hər şey alıb lüm-lüm udar,
Olar axır bu adam sonda peşiman, belədir.
************************************
Dördayaq stula sən çox da ümid bağlama heç,
Çoxunu çirpdı yerə, ibrət elə, düz yolu seç,
Bir düşün, ay əzizim, sonra olar axırı gec,
Düşsə fürsət, eləyər axırı tüğyan, belədir.
***********************************
Eləsi var ki sevər, doğma, əziz, can vətəni,
Vuruşar qeyrət ilə, olsa da al-qan bədəni,
Yeri gəlsə geyinər əyninə qeyrət kəfəni,
Qoyar aləmdə bu gün hamını heyran, belədir.
************************************
Çoxusu saymayacaq Sadiqin əlbət sözünü,
Deyəcək öyməginən, sən də düzəlt bir özünü,
Yaxşısan sən də əgər, bəs niyə döydün gözünü,
Bilmirəm mən də özüm, bəs niyə insan belədir?
**************************************