Əql və nadanlıq qoşunu
Bir məşhur hədisdə əql və nadanlıq qoşununa ünvanlanmış günahlardan bəhs olunur. Bu hədisin əvvəlində belə oxuyuruq: Səmaət ibni Mehran deyir: Səhabələrdən bir neçəsi İmam Sadiqin (ələyhissəlam) hüzurunda idilər. Əql və nadanlıqdan söz düşdü. İmam Sadiq (ələyhissəlam) buyurdu: Əql və onun qoşununu, eləcə də nadanlığı və onun qoşununu tanıyın, düz yola hidayət olun.
Səmaət deyir: İmam Sadiq (ə) əvvəlcə əql və nadanlıq məfhumunu izah etdi. Sonra isə onların hər birinə aid 75 xüsusiyyətdən bəhs etdi. Axırda belə buyurdu: Peyğəmbərlər, onların canişinləri və bütün həqiqi mö’minlər əql qoşununa malikdirlər.
Xəbərdarlıq
İslam dinində müxtəlif ibarələrlə insanlar günahdan çəkindiriliblər. Qur’anda bə’zi günahlar haqqında «onu etməyin» cümləsi ilə rastlaşırıq, məsələn. «Nisa» surəsinin 6-cı ayəsində buyurulur:
وَلا تَأْكلُوها اِسْرافاً
«İsrafkarlıqla onların (yetimlərin) malını yeyib dağıtmayın!»
Günahlardan bə’zisinin haqqında isə «ondan uzaqlaşın» əmri gəlmişdir. Allah-təala «Nəhl» surəsinin 36-cı ayəsində buyurur:
وَاجْتَنِبُوا الطّاغوتَ
«Şeytandan (tağutdan) uzaq olun!»
Günahların bə’zisindən isə «ona yaxınlaşmayın» cümləsi ilə çəkindirilmişdir. "Ə’nam» surəsinin 151-ci ayəsində belə oxuyuruq:
وَلا تَقْرَبُوا الْفَواحِشَ ما ظَهَرَ مِنْها وَما بَطَنَ
«Pis işlərə yaxın durmayın, istər gizli olsun, istərsə aşkarda».
«Onu etməyin» cümləsi ilə «ona yaxın durmayın» cümləsi günah haqqında iki cür xəbərdarlıqdır. Məsələn, neft haqqında deyirik: «Ona kibrit vurmayın», amma benzinin haqqında «kibriti ona yaxınlaşdırmayın» ifadəsini işlədirik. Çünki benzinin xətəri neftin xətərindən qat-qat çoxdur və kibritin benzinə yaxınlaşması da təhlükə yarada bilər.
Zina etmək, yetimin malını yemək, kafirlərin (müsəlmanların səngəri olan) Məscidül-hərama daxil olmaları kimi günahlar benzinlə kibritin yaxınlaşması kimidir. Bu günahları etmək haqqında fikirləşmək belə təhlükəlidir. Qur’anda bu günahlar haqqında «ona yaxınlaşmayın» ifadəsi işlədilmişdir.
Kafirlərin Məscidül-hərama daxil olmaları haqqında belə buyurulur:
فَلا يَقْرَبُوا الْمَسْجِدِ الْحَرامِ
«Kafirlər Məscidül-hərama yaxınlaşmamalıdırlar!»
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti