Səhvləri islah edib düzəltmək
Növbəti məqamda bunu bilmək lazımdır ki: məsumlardan (əleyhis-salam) başqa bütün insanlar həmişə yanıla, səhvə yol verə bilərlər. Əhəmiyyətlisi budur ki, insan düşüncəsi ilə öz səhvlərini düzəltsin, öz xətalarına və günahlarına göz yummağı ən böyük xəta və səhv hesab etsin!
İnadkarlıq və təəssübkeşlik pərdəsi şeytanın ağıl gözlərinin qarşısını tutmasaydı və o, təkəbbür və qürur atına minməsəydi, sözsüz ki, Allahın hikmətinə etiraz edərək Adəmə səcdə əmrini qeyri-həkimanə saydığına və bununla da ən böyük günaha batdığına, Allahın əmr və fərmanlarından kifayət qədər boyun qaçırdığına baxmayaraq qayıdış və tövbə yolu onun da üzünə açıq idi.
Lakin inadkarlıq və lovğalıq üzündən nəinki tövbə etmədi, üstəlik bütün günahkarların günahlarına şərik oldu – heç kəsin dözə bilmədiyi ağır bir yükü öz kürəyində çəkdi!
Məhz bu səbəbdən mövlamız Əmirəl-möminin Əli (əleyhis-salam) "Nəhcul-bəlağə"nin "Qasiə” xütbəsində onu فَعَدُوُّ اللّهِ اِمامُ الْمُتِعَصِّبينَ وَ سَلَفُ الْمُسْتَکْبِرينَ "Allahın düşməni, təəssübkeşlərin rəhbəri və istikbar (təkəbbür) edənlərin sələfi" adlandırır və hamıya öyüd-nəsihət verir ki, onun (zillətli) həyatından ibrət alsınlar. Belə ki, o, necə-neçə minilliklər boyu ibadət və bəndəliyinin məhsulunu bir anlıq təkəbbür, qürur və inadkarlığa qurban verdi. Bu iş də onu mələklərin sırasından çıxardaraq "əsfəlus-safilin"ə (cəhənnəmin ən aşağı dərəcəsinə) yuvarlatdı.
Bəli, əzizlərim! Əgər bir xəta iş görmüsünüzsə, günaha və ya səhvə yol vermisinizsə, şücaətlə Allah dərgahında ona etiraf edin, açıq və səmimiyyətlə belə deyin: "Allahım! Səhv etmişəm, məni bağışla, üzrümü qəbul et, məni şeytanın və nəfsani istəklərin tələsindən qurtar! Çünki sən ərhəmur-rahiminsən, günahları bağışlayansan.”
Bu etiraf və xahiş sizə ruhən sakitlik gətirəcək, islahat üsulunu və Allah dərgahına aparan yolu sizə göstərəcəkdir.
Daha sonra keçmişdəki xoşagəlməz əməl və günahlarınızı düzəltmək üçün çalışın. Bilin ki, bu iş nəinki insanın mənlik və məqamını kiçiltmir, əksinə onun (Allah dərgahındakı məqam və) dəyərini yüksəklərə qaldırır.
Allaha yaxınlaşdıran yol elə bir yoldur ki, bu yolda təkəbbür və inadkarlığa yer yoxdur. Çoxları bu yolda qabaqcıl ola bilərdilər. Lakin həmin əxlaqi rəzalətlərə, yəni qürur və inadkarlığa görə bu mənəvi yoldan geri qalmış və zəlalət səhrasında azmışlar.
Təkəbbür, qürur və inadkarlıq mənəvi kamal və ruhi təkamül yolunda əsas maneələrdən sayılır. Bu kimi xislətlərə sahib olan insanlar yüksək elmi məqamlardan, ictimai-siyasi müvəffəqiyyətlərdən də məhrum olurlar. Onlar həmişə puç xəyallarla təxəyyül aləmində yaşayır, həmin aləmdə də dünyaya göz yumurlar. Təəccüblüsü burasındadır ki, onlar özlərinin məğlubiyyət və uğursuzluqlarının səbəblərini həmişə kənarda axtarırlar. Halbuki, onların uğursuzluğunun mənşəyi öz vücudlarındadır. Bu xəyallar onların bədbəxtçiliklərini daha da artırır.
Ayətullah Məkarim Şirazinin dərs və nəsihətləri