124. Xəvaric
604. Mariginlər
Qur’an:
«De:Sizə əməllərində ən çox ziyana uğrayan insanları tanıtdırımmı? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı sə‘yləri puç olan kimsələrdir.»
Hədis:
1842. «Kənzul-Ummal» kitabından:«Allahın Peyğəmbəri (s) Hüneyn (müharibəsi) günü qızıl külçələri bölürdü. Yoldan bir kişi gəlib dedi:«Ey Məhəmməd, ədalətli ol! Allahın Peyğəmbəri (s) buyurdu:«Vay olsun sənə! Əgər mən ədalətli deyiləmsə, bəs onda ədalətli kimdir? (Yaxud buyurdu:) Məndən sonra ədaləti kimdə tapacaqsınız?» Bu vaxt buyurdu:«Tezliklə buna bənzər insanlar gələcəklər. Onlar Allahın kitabına düşmən olduqları halda onu tələb edəcəklər. Allahın kitabını oxuyarlar, amma (oxuduqları) hülqumlarından aşağı getməz. Başları qırxıq olar. Onlar baş qaldıran zaman boyunlarını vurun.»
1843. İmam Əli (ə) (Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) hüzurunda oxuyanda buyurdu):«Xəvaric bu kəslərdəndir.»
1844. İmam Əli (ə):«Allahın Rəsulundan (s) eşitdim ki, axirəz-zamanda azyaşlı, quşbeyin bir camaat baş qaldırar. Sözlərin ən yaxşılarını danışar, sizdən çox namaz qılarlar, Qur‘an oxuyarlar. Amma, onların imanı hülqumlarından aşağı getməz. Ox kamandan çıxan kimi onlar da dindən çıxacaqlar. Onları öldürün.»
605. Xəvaric öldürüləndən sonra
1845. İmam Əli (ə) xəvaricin cənazələrinin yanından keçərkən buyurdu: «Vay sizin halınıza, sizi aldadan sizə çox ziyan vurdu.» Ərz etdilər:«Ey Əmirəl-möminin! Onları kim aldatdı? Buyurdu:«Yoldan azdıran şeytan və pisliyə əmr edən nəfs xam arzularla onları aldatdı. Günah meydanını onlar üçün genişləndirdi, onlara qələbə vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı.»
1846. «Nəhcül-Bəlağə» kitabından:«Xəvaric öldürüləndən sonra Əmirəl-mömininə (ə) ərz etdilər:«Ey Əmirəl-möminin! Bu camaatın hamısı məhv oldu?.» Həzrət buyurdu:«Heç vaxt, Allaha and olsun, onlar kişilərin belində və qadınların rəhmlərindəki nütfələrdir. Onlardan bir budaq bitən kimi kəsilər və bu, onlardan bir dəstə yolkəsən və oğru törənib qalanadək davam edəcək.»
1847. İmam Əli (ə):«Ey insanlar! Mən fitnənin gözünü çıxartdım və bunu onun (fitnənin) zülmət qaranlığı hər yeri bürüdüyü, quduzluğu və şiddəti son həddə çatdığı və məndən başqa onun qarşısını almağa heç kəsin cəsarəti çatmadığı bir vaxt etdim.»
606. İmamın özündən sonra xəvaricin öldürülməsini qadağan etməsi
1848. İmam Əli (ə):«Məndən sonra xəvariclə döyüşməyin (onları öldürməyin). Çünki haqqı tələb edən və ona çatmayan, batil axtaran və onu əldə edən kimi deyildir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild