Təfəkkür
Allah-taala təfəkkür barəsində buyurur: "Məgər onlar öz-özlərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?”("Rum”, 8) Hərçənd "təfəkkür” üçün çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə doğru seyri və alimlərin istilahında "nəzər” də bu mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən kamal mərtəbəsinə yetişə bilməz. Buna görə də demişlər: "İlkin vacib, təfəkkür və nəzərdir”. Qur`ani-məciddə də təfəkkürə təşviq edən ayələr çoxdur, onların hamısını [burada] saymaq mümkün deyil. Misal olaraq: "Həqiqətən, bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün ibrətlər vardır!”("Rum”, 21)
Hədisdə deyilir: "Bir saatlıq düşüncə və təfəkkür yetmiş illik ibadətdən üstündür.”("Bihar”, c. 69, səh. 293, bab 37, rəvayət 23.)
Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. Və seyr bu mə`nadadır ki, afaqi və ənfusi ayələr,(Afaqi və ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qur`ani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.) yə`ni varlıq aləminin hər zərrəsinin zərrəsində və insanın vücudunda tapılan hikmətlər onları Yaradanın əzəmət və kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc nuru hər bir zərrədə müşahidə edilsin: "Onun (Qur`anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq aləmində) həm də onların öz vücudunda mütləq göstərəcəyik...”("Fussilət”, 53.)
Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər bir zərrəsində Onun zühurunun təcəllisinə şəhadət və nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!”("Fussilət”, 53.)
"Afaq ayələri” –mövcudatın (Allahdan qeyri hər bir şey) həqiqi dərkindən və bəşərin gücü həddində onların hər birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti və miqdarı, onların ölçüsü və təsirləri haqqında bəhs edən astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, malik olduqları keyfiyyət və surətləri əsasında təsir və əks təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə və eləcə də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki "afaq ayələri” adlandırılır.
Və amma "ənfus ayələri” təşrih elmi (fiziologiya və psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) dərkindən ibarətdir. İnsan cismi sümüklər, əzələlər, sinir sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi vəzifələrə, sağlamlıq və xəstəlik kimi halətlərə yiyəlik edirlər. Həmçinin insan ruhu cismlə əlaqədə təsir və əks təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə xoşbəxtliyə və bədbəxtliyə malikdir. Bunların hamısının dərki "ənfus ayələri” adlandırılır. Bura qədər dediklərimiz seyrin başlanğıcıdır və öndə gələn "təfəkkür” afaq və ənfus ayələrinin dərkindən ibarətdir. Amma kamalın ən ali mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və məqsədi haqqında axırıncı fəsil və bablarda söhbət açacağıq.
Kitabın adı: Övsafül-əşraf
Müəllif: Xacə Nəsirəddin Tusi